![]()
“BİR MİLLƏT ÖZÜNÜN CƏNNƏTİNİ VERİB RAHAT YATMAMALIDIR”
Səbəbini özü açıqlayır ağsaqqal şairimiz Məmməd Aslan:
– Bakıya o qədər daş yükləndi ki, burada yaşamaq çox çətinləşdi. Körpülər üçün, məncə, milyon tonlarla daş gəldi bu şəhərə. Yayın istisi daşlara vurur, gecə də bu isti daşın canından çıxır, sənin, mənim, bitkilərin tənəffüsünü çətinləşdirir.
– Daşın ağırlığı ilə bərabər, deyəsən, yaşın da ağırlığını artıq hiss edirsiniz…
– Daşın ağırlığı, yaşın ağırlığı, başın ağırlığı, bir az da huşun ağırlığı…Heyf ki, yanımda yoxdur, “Yaş 70, iş bitmiş” adlı bir şeir yazmışam. Orda 70 yaşın yaşantılarıdır. Əlbəttə, 100-150 yaş yaşayanlarımız da olub. Amma onlar biz çəkəni çəkməyib.
– 70 yaşınız elə də hay-küylü keçmədi…
– Amma cümləni elə də yaxşı demədin ha, dostum. “Elə də” deyəndə ki… Hansısa qəzetlərin küncündə dostlarım duyurdular. Amma xalq bilmədi ki, bu adda bir şair var, ya yox…
– Soyuqluğun səbəbi nə idi?
– O diqqəti vermək istəmədilər. Çünki mən heç kimin üstünə getmədim ki, mənim yaşımı keçirin. “Mələməyənə məmə yoxdur”. Mən də ömrüm boyu mələməyə öyrənməmişəm. Allah bizə mələmək öyrətməyib. Onda da səsini duymazlar.
– Yazıçılar Birliyinin üzvü olan 70 yaşlı şair üçün “Natəvan klubu”nda da olsa, bir çay süfrəsi açılmadı yəni?
– Yox. Yəqin, danışığımdan da hiss edərsiniz, peşman da olmadım. Çünki 60 illikdə Yazıçılar Birliyindən bir qız zəng vurdu ki, katiblər tapşırıb yaşınızı onların adından təbrik eləyim. 70-ə qədər o yadımdan çıxmadı. Ona görə də nə getdim, nə də dedim. Mən kiminsə paxıllığını çəkməmişəm ki, filankəs niyə yada düşdü, mən yox? Mən bunlardan uzağam. Sadəcə, mən bütün ömrüm boyu ədəbiyyatımıza namusla xidmət eləmişəm. “Ağla qərənfil”i mən şəhidlərimizin arxasınca Şəhidlər Xiyabanınadək göz yaşları içində yazmışam. Nə yanımda qələm vardı, nə kağız. Elə bil içimdən qələmimə qan çəkib yazmışam.
– Ancaq xalq şairi fəxri adını sizə çox gördülər.
– Azərbaycanın əməkdar incəsənət xadimiyəm. “Şöhrət” ordenini Heydər Əliyevin özündən almışam. Bu yaxınlarda 5-10 nəfərlə bir yerdə oturmuşduq. Türkiyədən kimsə dedi ki, Azərbaycanın xalq şairi Məmməd Aslan…Dedim aman, səhv eləmə, mən xalq şairi deyiləm, xalqın şairiyəm. Zəlimxan Yaqub dedi ki, onda mən durum gedim. (gülür) Bunu danışmaq mənim üçün ağırdır. Sabir xalq şairidirmi? Ancaq başdan-ayağa ruhumuzun, dərdimizin, odumuzun tərcümanıdır. Nəsimi xalq şairi idi? Yəni bu adı alan hər kəs bunu fikirləşməlidir. Mənim üçün çox çətindir ki, məsələn, Musa Yaqub almayıb, mən almışam. Almayıb deyəndə ki, verməyiblər. Yaxud Məmməd İsmayıl almayıb, mən almışam.
– Özünüzə daha yaxın bildiyiniz yazar dostlarınızdan kimlərin adını çəkə bilərsiniz?
– Fikrət Sadığı çox sevirəm. Fikrət elə bil atabir-anabir qardaşımdır. Sabir Rüstəmxanlı mənə yaxındır. Qardaş qədər qayğıma qalan, dərdimə şərik olan Zəlimxan, elə bilirəm ki, məni dost-doğma qardaşı bilir.
– Daha çox tənhalığa çəkilib yazmağa üstünlük verirsiniz, yoxsa həmsöhbət arayırsınız?
– Şair olan bir tənhalıqda misraları ilə baş-başa vermirsə, o, misralar düz bitməz və yadda qalmaz. Mən bəzən heyrətdə oluram ki, adamların içində meyxana deyirlər. Olar e, hər şey olar. Amma yazdığın şeir olmaz. Şeir tənhalığın övladıdır. Bir dəfə bir şeir yazmışdım, görünür o dediyiniz məqamların biri idi. Deyirəm ki,
Biz tənhalıq bürcüyük,
Göydə odur, yerdə mən,
Dərdə ki, əyilmirəm
Dağ çəkirəm dərdə mən…
Əyildikcə dərd adamı daha çox əzir.
– Hazırda üzərində işlədiyiniz kitab varmı?
– Mən düşündüm ki, 70 yaşımın yekunu olaraq bir kitab hazırlayım və şeirlərimdən cəmi 1000-ni seçim. Müxtəlif qəzet-jurnallarda, televiziyada işlədim. Amma sən demə, həm də xeyli yazıbmışam. Onlardan seçmişəm, indi onun üstündə işləyirəm. Adını fikirləşirəm. Mənim bir şeirim vardı – “Ömrü söz uğrunda girov qoymuşam .” Bəlkə adı belə oldu. “Qızılgül həşəm oldu”, “Sözün səngəri” də ola bilər. Mən həmişə səngərdə olmuşam, öz gücümə çalışmışam… Baxaq görək nə olur…
– Nəvədən-nəticədən nəyiniz var?
– Qızım Təbrizdən üç nəvəm var, iki oğlan, bir qız.
– Övladınızın adını özünüz qoymusunuz?
– Hə. 1968-ci ildə Kəlbəcərdə doğuldu. O vaxtlar xəyal idi Təbrizi görməyimiz. Fikirləşdim ki, gözümdəki, könlümdəki Təbriz gözəlliyini qoy evdə bu qızın adı tez-tez mənə xatırlatsın. Təbriz sözünə bir hərf artırmaqla gözəl bir ad yarandı. Üç-dörd il sonra Şəkinin Kiçik Dəhnə kəndində Namizəd Xalidoğlu məktub yazdı ki, qızım doğulub, iki-üç aydır adsız qalıb, sənə yetə bilməmişəm, bu adı qoymağa icazə istəyirəm. Mən də dedim ki, qardaşım, qoy.
Görüş üçün təklif etdiyi gül-çiçəkli, göyə ucalmış ağacların kölgə saldığı gözəl məkana imkan düşən kimi gəldiyini deyir. Soruşuram ki, olmaya şair bu gözəlliyi seçməklə Kəlbəcər həsrətini ovutmaq istəyir. Onun cavabı:
– Kəlbəcəri xatırladan cəmi iki yer var: biri Yardımlıdır, o biri Qusar. Qusarın bəxtindən ondan bəri Quba var. Adamlar Qubada yaşıllıqları, Qusarın üstündəki Şahdağı görür və elə Qubadan geri qayıdır. Amma ora bir Kəlbəcərdir , Kəlbəcər…
– Yuxularınıza girirmi Kəlbəcər?
– Vallah, mənim yuxularım çox bərbaddır. Allahdan çox istəyirəm ki, Kəlbəcəri tez-tez yuxuda görüm. Amma yuxularımda ancaq çay görürəm – Tərtəri. Çünki onun ətrafında çox gəzib-dolanardım. Mənimlə indi də qalır, Tərtərin bir neçə yerdə qıjıltılı səsini çəkmişdim. Uzun müddət axşam qoyardım o kasetləri, o səsin qıjıltısında yatardım. İndi yuxum o qədər bərbaddır ki, yata bilmirəm. Kəlbəcərin neçə çeşməsinin zümzüməsini saxlayıram. Ancaq o gözəllik getdi, getdi. Yalnız o qıjıltılar durur. Hərdən mənə elə gəlir ki, o, çay deyil, beynimin qıjıltılarıdır. Bir dəfə Ahıllar günü keçirirdilər. Orda ağlıma bir şeir düşdü. Dedim ki, insan yaşamadığı yeri yuxusunda görmür. Kəlbəcərdən, Laçından olan və bu gün doğulan uşaqlar bədbəxdir. Çünki heç olmasa bu uşaqlar o yerləri yuxularında görəydilər. Səhər “Murovdağ” Cəmiyyətinin yerləşdiyi evin sahibi məni axtarıb tapdı. Dedi ki, mən səhərədək yata bilmədim, o söz mənə çox pis təsir etdi. Kəlbəcər çox gözəl idi, bir gözəllik səltənəti idi… Bir millət özünün cənnətini verib rahat yatmamalıdır. Amma heç olmasa o zirvələrin hərəsi üçün yüzlərlə əsgərimiz getsəydi, ürəyimizdə bir təskinlik olardı. Elə etdilər ki, onu da görə bilmədik. O zamanlar burada yaşasaq da, hər il Kəlbəcərə gedərdik. Heç getməyəndə də ürəyimiz toxtaq idi ki, orada yatırım var, orada dünyam var. İndi gediləsi yer qalmayıb…Bir dəfə Şahdağdan veriliş eləmişdim. Verilişdən sonra gördüm Əzizə Cəfərzadə zəng vurub. Ay Məmməd, Allah sənə lənət eləməsin. Dedim nədir? Qayıtdı ki, Kəlbəcəri, Laçını təriflədin, ermənilər gəlib aldılar, indi bir Şahdağ qalmışdı, təriflə görək başqalarına sevdirə bilirsənmi? Zarafatla deyilsə də, həqiqət vardı burda. Yaxşı nəyimiz vardısa, aldılar getdilər. Azərbaycanın seyr-səfa yerləri getdi, bizə əzablar qaldı. Həm itən torpaqların, həm də qalan torpağa öyrəşməməyimizin əzabı qaldı.
– Deyəsən, çox bədgümansınız…
– Mənmi bədgümanam, yoxsa zamanmı bunu diktə edir. Əvvəlcə bunu fikirləş. Sən olsan…Allaha şükür ki, Yardımlı var, hətta bir-iki günə Yardımlıya gedəcəyəm. Bir şeirim var. Deyirəm ki, gedib zirvələrə çatmışdım, gül ətrinə batmışdım, elə sandım Kəlbəcərə çatmışdım, ayıldım ki, Yardımlıdı gördüyüm. Yaxşı ki, orda-burda dikələn dağlarımız var. Sən də olsan bədgüman olarsan.
– Yəni bir daha o yerlərə qayıtmaq mümkünsüzdür?
– Deyirlər, qurban olum o qana ki üstündən bir gecə adlaya. Amma bu qanın üstündən neçə min gecə adlayıb. Qanla alınanı qanla da geri qaytara bilərsən. Amma dünya da qoymur.
– Heç könlünüzün atlandığı məqam olubmu ki, indiki şərtlər daxilində gedib o yerləri ziyarət edəsiniz?
– Yox. Gedib görəndən sonra bilmirəm nə təhər ölərəm. Mən başqası kimi onu qəbul edə bilmirəm… (Nitqi kəsilir, gözlərinin dolduğu aydın sezilir). Kəlbəcər gedən günü bir şeirim vardı:
Dikəl qəfil qarşıma
Axna, tökül başıma,
Daş vermə başdaşıma,
Qalmasın iz Kəlbəcər…
Şairi kövrəltdiyimiz səbəbindən mövzunu dəyişirik:
– Sizin sözünüz-söhbətiniz qulaq asanlara xoş təsir bağışlayır. Özünüz necə, səsinizdən xoşlanırsınızmı?
– Mənim burun çəpərim əyridir və boğazımdakı qulaqaltı vəzidə problem var. Bir zamanlar mən elə bilirdim ki, danışığımla başqalarını iyrəndirirəm. Rəssam Nəcəfqulu rəhmətə getmişdi. Cəmil Müflizadə ilə həyətdə söhbətləşirdik. Kənarda da Mikayıl Abdullayev durmuşdu. Birdən qayıtdı ki, “bu danışan Məmməd Aslandır? ” Dedim, bəli. Sonra gördüm ki, gözləri tutulub, şəkərliydi. Qayıtdı ki, Allah sənə insaf versin, sən ekranda peyda olandan bəri bilirəm ki, axşam verilişin var, mən ölü-diri yerinə gedə bilmirəm. O məni səsimlə tanımışdı. İndi də küçədə getdiyim yerdə qəflətən kimsə dönür ki, bıy, Məmməd müəllim, xoş gördük. Yəni səsimə görə məni tanıyırlar. Amma tövbə, danışanda fikirləşmirəm ki, filankəs mənim səsimi bəyənsin. Allahın verdiyi bir səsdir. Özü də mən bunu necə qazandım? 14 il “Dərədən-Təpədən” verilişinin aparıcısı oldum. Mənim ekranda danışığımla camaat arasındakı danışığımın fərqi olmayıb. Adam var ekranda bir cür danışır, həyatda başqa cür. Mənsə dəyişmədim, daha doğrusu dəyişə bilmədim. Verilişi baxımlı edən də elə o idi. Mənim yerimdə başqa kim olsaydı, bu rəğbətin müqabilində bir ömür havayı yeyib-içərdi. Gedib növbəyə durmuşam, adamlar zorla çörəyimi alıb qoltuğuma vurublar ki, sən burda durma. Gedib bir şey alıram, adam deyir bu, bizdən bir pay olsun. Yəni insan bundan artıq sənə nə yaxşılıq etsin ki? Mən bunların hamısını görmüşəm. Bu xalq çox böyük xalqdır. Biz onun qədrini bilmirik.
– “Dərədən-Təpədən”, “Əkil-Bəkil”dən, Savalan babanın söhbətlərindən sonra uşaqların həyatında bir boşluq yaranıb. O boşluğu doldurmaq üçün…
– Uşaqların dünyası üçün bir veriliş yoxdur. O verilişlər bir-birinin davamıdır. Hətta mənə də Savalan baba deyirdilər. Bir “Xoruz baba” var idi. Hamısı getdi. İndi kimin üçün olsa da, uşaqlar üçün heç nə yoxdur.
– Dəvət etsələr, qayıdarsınızmı o verilişlərə?
– Mənim üçün gecdir. Allahla müqaviləm yoxdur ki, nə qədər yaşayacağam. Mən o günü görsəm, çox sevinərdim. “İribuynuzlular” uşaqlarını dünyanın müxtəlif yerlərinə göndərirlər, qaldıqları yer onları təmin edir. Qayıdanda da – bunu sən də bilirsən, mən də – Azərbaycandan əl çəkən adamlar olur. Kasıb-kusub da zorla başını dolandırır. Azərbaycanın taleyi tarixin heç bir çağında bu qədər amansız bir vəziyyətdə olmayıb.
– Görürəm ki, çox nigaransınız…
– Vallah bunu mənə hər yerdə deyirlər. Bir biganəlik olmasa, mənim niyə bu qədər canım çıxırdı? Var ki, o təsir edir də. Məndən asılı deyil ki.
Aşıq Şəmşirdən söz düşür. 30 il yaxın təmasda olduğu, “Saxla izimi, dünya” adlı kitabını ithaf etdiyi el aşığını yüksək dəyərləndirir: “Aşıq Şəmşir sonuncu klassik aşıqdır. Həzrəti Peyğəmbərə “Xatəmül-Əmbiya” deyirlər. Yəni xitam verir, bütün peyğəmbərlər onda bağlanır. Bu da aşıqların xitamıdır. Həm də indən sonra zaman da imkan verməz ki, böyük aşıq yetişsin. Bağladı, getdi. Bu da İlhamı çox böyük adamdır. Amma onunla yadda qalacaq ki, türk dünyasının sonuncu böyük aşığıdır. Burda Aşıq Şəmşir, Anadoluda da Aşıq Veysəl”.
Ayrılarkən ətrafdakı güllərə heyranlıqla baxır. Amma onların ətrinin olmadığını da söyləyir: ”Mənimki ətirli güllərdir. Bənövşəni, 42 ləçəkli qızılgülü doyunca qoxlayandan sonra yeyirəm. Sevdiyimdən…”

Elşad PAŞASOY
“Yeni Müsavat” 07.06.2010
Subyekt.az