![]()
Mən Azərbaycanın dağ-mədən sənayesinin geniş tətbiq məkanlarından birində – Tovuzun dağ kəndində doğulmuşam. Ağlım kəsəndən görmüşəm, dağ – yurd yeridir, sərhəddir, çörəkdir, alın təridir, filizdir, ümiddir; bəzən də qayğı, risk və daha nələrdir…
Bizim kənddəki qızıl mədənlərinin ayrı-ayrı dönəmlərdəki fəaliyyətini, mədən işinin kənd həyatına gətirdiyi dəyişiklikləri uşaqlıqdan sezmişəm. Sovet illərini, XX yüzilin 80-ci illərinin sonlarında dəyişən ictimai-siyasi ortamı, müstəqilliyin ilk illərinin çətinliklərini və sonrakı mərhələləri xatırlayıram.
Qızılın romantikası uzaqdan başqa cür görünür.
Mədən kəndində doğulan adam isə dəqiq bilir ki, parıldayan metalın arxasında çox vaxt tozlu iş paltarı, ağır əmək, mühəndis ağlı, insan taleyi və… təbiət qarşısında böyük məsuliyyət dayanır.
Ona görə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın təqdimatını mən yalnız iqtisadi xəbər kimi oxuya bilmirəm.
Bu mövzu mənim üçün uşaqlıq yaddaşının Azərbaycanın gələcək iqtisadi strategiyası ilə görüşməsidir.
Bəli, çıxarılan sərvət dəyərə çevrilməlidir.
Yeni mərhələnin əsas iqtisadi məntiqi aydındır: sərvəti ölkə içində daha yüksək əlavə dəyərə çevirmək!..
Bir ölkənin zənginliyi onun torpağının altında nə qədər filiz olmasından çox, həmin filizi hansı texnologiya, hansı insan kapitalı və hansı istehsal mədəniyyəti ilə iqtisadi dəyərə çevirməsindən asılıdır.
Filizi çıxarıb xammal kimi satmaq – bu, bir mərhələdir. Onu zənginləşdirmək, emal etmək, metallurgiya məhsuluna çevirmək və həmin məhsul əsasında yeni sənaye sahələri yaratmaq isə tamam başqa iqtisadi səviyyədir.
Müşavirədə təqdim olunan yanaşmada hasilatdan emala qədər tam istehsal zəncirinin yaradılması məhz buna xidmət edir. Proqram çərçivəsində beş mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur; təbii ehtiyatların səmərəli işlənməsi və tam istehsal zəncirinin yaradılması ölkə iqtisadiyyatının gücləndirilməsinin önəmli yönlərindən biri kimi müəyyənləşdirilir.
Beş min iş yeri statistik cədvəli aşan bir məzmundur, əlbəttə. – Söhbət beş min insan, beş min ailə, minlərlə həyat hekayəsindən gedir.
Ən əsası, bölgədə doğulan gəncin iş dalınca öz doğma yurdunu tərk etməməsi, öz gələcəyini öz bölgəsində qurması üçün yeni imkandır bu.
Mənim doğulub-böyüdüyüm kəndin adı mədən yaddaşından sərhəd yaddaşına yönəlir…
Uca dağlar qoynundakı o ulu kəndlə bağlı yaddaşımda mədəndən də kəskin başqa bir mənzərə yaşayır.
1987-ci ilin yayı idi…
Qarabağ hadisələri hələ açıq qarşıdurma mərhələsinə keçməmişdi. Sovet İttifaqının dəyişməz görünən inzibati sərhədlərinin arxasında təhlükəli proseslər gedirdi.
Mən o vaxt orta məktəbin yeddinci sinfində oxuyurdum.
Bizim kənd qəbiristanlığından bir qədər yuxarıdakı dağdöşü ərazidə, o zamankı deyilişlə Ermənistan SSR tərəfdən mövcud inzibati sərhədi aşaraq Azərbaycan SSR ərazisinə doğru irəliləmək, geniş miqyaslı mövqe tutmaq cəhdi olmuşdu. – Daha dəqiqi, dirəklər basdırılmış, tikanlı məftillər çəkilmişdi.
Xəbər kəndə çatanda camaat könüllü səfərbər oldu.
El dağa qalxdı və öz torpaqlarında qurulmuş həmin maneələri söküb dağıtdı.
Sökmə, dağıtma iki gün sürdü, ilk gün mən də orada idim.
Yeddinci sinif şagirdiydim. Bəlkə baş verənlərin böyük geosiyasi mənasını bütün dərinliyi ilə anlayacaq yaşda deyildim; ancaq bir şeyi çox yaxşı anlayırdım: el-oba öz torpağına çəkilən tikanlı məftilləri heç vəchlə qəbul etmirdi.
İndi onilliklərin o üzündən həmin mənzərəyə baxanda onun anlamı daha da böyüyür.
XX yüzil boyunca Azərbaycan–Ermənistan inzibati sərhədlərinin formalaşdırılması mürəkkəb və çox vaxt Azərbaycan üçün itkilərlə müşayiət olunan proses olmuşdu. Sovetləşmənin ilk illərində Zəngəzurun günbatar bölümünün Ermənistan SSR-in tərkibinə keçirilməsi Naxçıvanı Azərbaycanın əsas ərazisindən ayırdı; sonrakı mərhələlərdə Qazax qəzasının bir hissəsi, Naxçıvanın və başqa bölgələrin ayrı-ayrı əraziləri də Ermənistan SSR-ə daxil edildi. (Azərbaycan XİN-in tarixi icmalında bu proses ayrıca bəlgələşdirilib.)
Sonrakı onilliklərdə də sərhəd məsələləri bitmədi.
Azərbaycanın rəsmi qaynaqlarında 1920–1986-cı illərdə Qazax, Laçın, Qubadlı, Naxçıvan və başqa yönlərdə, necə deyərlər, “savaşsız, səssiz ərazi itkiləri” oldu. Diqqətçəkici faktlardan biri Kəlbəcərdə Zod qızıl yatağı ərazisinin bir hissəsinin də həmin siyahıda yer almasıdır.
1990-cı illərin əvvəllərində isə məsələ artıq inzibati-sərhəd mübahisəsi çərçivəsindən çıxaraq açıq hərbi işğala çevrildi. Kərkinin 15 yanvar 1990-cı ildə, Qazax rayonunun Bağanıs Ayrım kəndinin 24 mart 1990-cı ildə, daha sonra Qazaxın bir sıra digər kəndlərinin işğal edildiyi bəllidir. Ardınca dağ-dərə, meşə, göl, kənd ermənilərə dar gəldi… Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və başqa Azərbaycan şəhərləri, rayonları işğala uğradı.
Beləliklə, Ordubaddan Qazaxa, Kəlbəcərdən Laçına, Qubadlıdan Tovuza və Gədəbəyə qədər uzanan sərhəd coğrafiyasına yalnız xəritənin qıraq-bucaq xətti kimi baxmaq yetərli sayıla bilməz.
Bax, bu, Azərbaycanın təhlükəsizlik, kommunikasiya, su, meşə, otlaq və təbii sərvət coğrafiyasıdır.
Bəs yerin altı?
Burada uşaqlıq yaddaşımın mənə verdiyi başqa bir sual meydana çıxır.
Bizim kənddə o vaxt baş verənləri biz ilk növbədə torpaq və sərhəd məsələsi kimi anlayırdıq.
Həmin dağların altındakı sərvət bəs?..
İndi Azərbaycanın mineral ehtiyatlarının xəritəsinə baxanda insan istər-istəməz düşünür: sərhəd boyu strateji yüksəkliklərə və ayrı-ayrı ərazilərə göstərilən maraqda yalnız hərbi-coğrafi üstünlükmü rol oynayırdı? Yoxsa bəzi hallarda yerin altındakı sərvət də nəzərə alınırdı?
Bunu bütün sərhəd boyunca həyata keçirilmiş və bəlgələrlə sübut olunmuş vahid plan kimi təqdim etmək üçün əlimdə hələlik yetərli dəlil yoxdur və tarix qarşısında məsuliyyət bizdən faktı gümandan ayırmağı tələb edir; ancaq sualın özü əsaslıdır və sanıram, öyrənilməyi haqq edir.
Çün Azərbaycanın günbatar və güney-batı dağlıq əraziləri eyni zamanda zəngin mineral ehtiyatlar zonasıdır. Kəlbəcər, Zəngilan, Daşkəsən, Gədəbəy, Tovuz və başqa bölgələrdə qızıl, mis, molibden, dəmir və digər faydalı qazıntı ehtiyatlarının mövcudluğu bəllidir.
Prezidentin çıxışında da Azərbaycanın perspektivli qızıl, mis və molibden yataqlarının bir bölümünün hələ çağdaş geoloji kəşfiyyat mərhələsini gözlədiyi, sovet dönəminin bilgilərinin yeni texnologiyalarla təzədən dəqiqləşdirilməsinin vacibliyi vurğulanır.
Bu anlamda bizim kənddə uşaqlıqda gördüyüm o tikanlı məftillə qızıl mədəninin yaddaşımda yanaşı dayanması mənə artıq təsadüfi görünmür.
Ancaq tarixə sayğı adına hökm verməkdənsə sual qoyuram:
torpağın üstündəki strateji yüksəkliklə torpağın altındakı strateji sərvət həmişə bir-birindən ayrı düşünülə bilərmi?.. – Bax, bu sual işğaldan azad edilmiş ərazilər fonunda daha aydın görünür.
Prezidentin çıxışında Kəlbəcər, Ağdərə və Zəngilandakı qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb olunması yeni mərhələnin önəmli istiqamətlərindən biri kimi göstərilir.
Deməli, suverenliyin siyasi və hərbi ölçüsü olduğu kimi, iqtisadi ölçüsü də vardır.
Dövlət öz torpağının üstündə bayrağını dalğalandırdığı kimi, yerin altındakı sərvətinin də taleyini özü müəyyənləşdirməlidir. Bu, müstəqilliyin iqtisadi məzmunudur.
Yol, elektrik, su, logistik, yeni yaşayış məntəqələri, sənaye və iş yerləri də bir-birindən ayrı mövzular deyil. Mədən öz çevrəsində yükdaşıma, emal, mühəndislik, təmir, təchizat və sosial infrastruktur ekosistemi yarada bilir.
Böyük Qayıdışın iqtisadi fəlsəfəsi də bax, elə burada görünmürmü? – Bəli, insan evinə qayıtdığı kimi, işinə də qayıtmalıdır.
Mənim üçün Dövlət Proqramının özəlliklə maraqlı yönlərindən biri respublikamızın günbatarındakı Sənaye Parkıdır.
Prezident çıxışında bu parkın yaradılmasının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı olduğu, Daşkəsən filiz yatağının istismarı və yaxın bölgələrdə həyata keçiriləcək layihələrin belə sənaye infrastrukturunun yaradılmasını şərtləndirdiyi bildirilir. Məqsəd filiz hasilatından başlayaraq son məhsula qədər tam zəncir yaratmaqdır.
Bu yanaşma Azərbaycanın günbatar bölgəsinin iqtisadi coğrafiyasına yeni anlam verəcəkdir.
Daşkəsən, Gədəbəy, Tovuz və ətraf ərazilərin mineral ehtiyatları, yükdaşıma imkanları, enerji və insan resursları vahid bölgəsəl iqtisadi baxış içində nəzərdən keçirildikdə dağ-mədən sənayesi ayrı-ayrı yataqların istismarından çıxıb bütöv sənaye qurşağının elementinə çevrilə bilər.
Şəxsən bizim kənddən baxanda bunun anlamı aydındır: mədən yalnız kəndin yanında olmamalıdır – kənd də mədənin yaratdığı iqtisadi dəyərin yanında olmalıdır.
Başqa bir məsələ: bəli, qızıl qiymətlidir, bəs təbiət? – Ritorika aydındır. – Dağ-mədən sənayesi haqqında yalnız gəlirdən danışmaq olmaz.
Mədənin iqtisadi romantikasının yanında ekoloji məsuliyyətin sərt gerçəkliyi dayanır.
Dağ kəndində doğulmuş insan kimi şəxsən mən bunu daha həssas qəbul edirəm.
Dağ yalnız filiz yatağı olaraq çıxış etmir. Dağ – bulaqdır, ormandır, otlaqdır, çaydır, kəndin təmiz havasıdır…
Prezidentin müşavirədə səsləndirdiyi fikir bu baxımdan yeni sənaye siyasətinin ən önəmli mənəvi-ekoloji tezislərindən biri sayıla bilər: əsas sərvətimiz yerin altındakı sərvətlərlə yanaşı, təbiətimizin özüdür. Buna görə, haqlı olaraq, maksimum ekoloji ekspertiza aparılması və ən yüksək ekoloji normaların qorunması tələb edilir.
Bu, prinsipial yanaşmadır.
Şairanə, Tovizanə desək, qızılı çıxarıb dağı, misi qazanıb suyu itirmək olmaz. – Deməli, yük göndərişlərini (ixracı) artırıb kəndin ekoloji təhlükəsizliyini azaltmaq olmaz.
Əgər yeni dağ-mədən siyasətinin iqtisadi düsturu “xammaldan son məhsula”dırsa, onun mənəvi-ekoloji düsturu da “sərvətdən məsuliyyətə” olmalıdır.
Düşünürəm, Dövlət Proqramının icrasında başqa bir prinsip də daim diqqətdə saxlanmalıdır: mədənlərin yerləşdiyi kənd və rayonlar yaradılan iqtisadi dəyərdən birbaşa faydalanmalıdır. Belə deyək, dağ-mədən bölgəsində yaşayan insan yaradılan dəyərin iştirakçısı olmalıdır.
Yerli gənclərin peşə və mühəndislik hazırlığı, mədən müəssisələrində yerli məşğulluğun genişləndirilməsi, kənd yolları, içməli su, ekologiyanın daimi yoxlanışı, sosial layihələr, kiçik və orta sahibkarlığın mədənlərin təchizat zəncirinə qoşulması iqtisadi siyasətin sosial ölçüsünü formalaşdıra bilər.
Düzgün idarə olunarsa, mənim doğulduğum kənd kimi kəndlər üçün mədən keçmişin xatirəsi olmaqdan çıxar, gələcəyin böyük imkanlarından birinə çevrilər.
Torpağın altındakı sərvət torpağın üstündə yaşayan insanın rifahına çevrilməlidir. – Mən Prezidentin nitqini, Dövlət Proqramını belə oxudum.
Bir vaxtlar kənd uşağı üçün mədən uzaqdan görünən işıqlar, maşınların səsi, fəhlələrin yarızarafat-yarıciddi söhbətləri idi…
Bir az yuxarı qalxanda isə inzibati sərhəd vardı.
Və bir gün dağdöşüncə qarşı tərəfin basdırdığı dirəklər, çəkdiyi tikanlı məftillər peyda olmuşdu.
İndi – təxminən 40 il sonra isə Azərbaycan Respublikası öz torpaqlarının, təbii sərvətlərinin taleyini özü müəyyənləşdirən suveren dövlətdir.
Budur, indi eyni dağa başqa miqyasdan baxırıq: geoloji kəşfiyyat, yatırım, yüksək texnologiya, metallurgiya, ixrac, sənaye parkları, yeni iş yerləri, ekologiya…
Tarixin qəribə, amma anlamlı çevrəsi tamamlanır.
Dünən torpağı qorumaq lazım idi, Vətən əldən getməsin; bu gün sərvəti ağılla idarə etmək lazımdır, Vətən daha da güclənsin.
Öz kəndimdən başlayan şəxsi yaddaşımda qızılın rəngi qədər mədənçinin əlinin qabarı da, dağın yaşıl yamacı da, bir zaman o dağdöşündə çəkilən tikanlı məftil də var…
Bəlkə elə buna görə dağ-mədən sənayesinin gələcəyinin mənim üçün ən doğru düsturu belə formalaşır. – Deyir, qoy: dağın sərvəti – insanın rifahına, filiz – məhsula, əmək – ləyaqətli qazanca, texnologiya – tərəqqiyə, suverenlik – iqtisadi gücə,
iqtisadi inkişaf isə təbiət qarşısında daha böyük məsuliyyətə çevrilsin.
Onda yerin altından çıxardığımız yalnız qızıl, mis, dəmir olmayacaq.
Yerin altındakı sərvətdən yerin üstündə gələcək qurulacaqdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az