![]()
Özbəkistan Respublikasının Elmlər Akademiyasının Özbək dili, Ədəbiyyatı və Folkloru İnstitutunda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı, şair-publisist İntiqam Yaşarla görüş keçirilib.
Alimlərin və doktorantların iştirakı ilə təşkil olunan görüş institutun direktoru, filologiya elmləri doktoru, professor Maqsud Əsədovun moderatorluğu və çıxışı ilə başlayıb. O geniş çıxışında Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin önəmini, bu istiqamətdə görülməli olan işləri qeyd edib. Təşkil olunan görüşün də qardaş xalqlar arasında olan əlaqələrə bir töhfə olduğunu vurğulayıb. Tədbirdə daha sonra filologiya elmləri doktoru, professor Cabbar İşənkul, filologiya elmləri doktoru, professor Maarifcan Yoldaşev, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, şair-tərcüməçi Fəxrəddin Hayit, institutun doktorantları və əməkdaşları çıxış edib.
Görüşün əvvəlində İntiqam Yaşarın yaradıcılığı və fəaliyyəti haqqında məlumat verilib. Onun Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin və Özbəkistan Yazıçılar Birliyinin üzvü kimi fəaliyyəti, türk dünyasının gənc yazarları arasında ədəbi əlaqələrin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Alimlər Cabbar İşənkul və Maarican Yoldaşev İntiqam Yaşarın yaradıcılığı barədə çıxış edib, onun Azərbaycan və Özbək türkcələrində çap olunmuş şeirlərini geniş təhlil ediblər.
Daha sonra Azərbaycan-Özbəkistan ədəbi-elmi əlaqələri, türk dünyası yazarları arasında əməkdaşlıq, müasir ədəbiyyatın qarşılıqlı təbliği və doktorantlarla birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İntiqam Yaşar çıxışında Azərbaycan və Özbəkistan arasında tarixi və mədəni bağların möhkəm bünövrəyə sahib olduğunu qeyd edib, Bu gün artan əlaqələrin ədəbiyyat və elm sahəsində də yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. DGTYB-nin türk dünyasının gənc ədəbi qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Görüşün davamında gənclər İntiqam Yaşarın şeirlərindən nümunələr də səsləndirib.
Sonda doktorantların sualları cavablandırılıb, gələcəkdə DGTYB ilə Özbəkistan Elmlər Akademiyasının müvafiq elmi qurumları arasında ədəbi-elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin, görüşlərin və layihələrin keçirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.

.

.

.

.

.

.

.

Subyekt.az