![]()
Qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan–İtaliya münasibətləri bu gün yüksək inkişaf dinamikası ilə seçilir. İtaliya Respublikasının Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfəri ölkələrimiz arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və enerji tərəfdaşlığının daha da dərinləşdiyini aydın şəkildə göstərir.
Bunu Subyekt.az saytına açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
“Azərbaycan və İtaliya arasında münasibətlərin əsasında qarşılıqlı hörmət, etimad və strateji maraqlar dayanır. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu əlaqələrin möhkəm hüquqi-siyasi bazasını formalaşdırıb. Bu gün İtaliya Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir və ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, ticarət, təhsil və investisiya sahələrini əhatə edir”, – deyə deputat vurğulayıb.
Mircəlil Qasımlı qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin enerji sahəsində də mühüm tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 12 milyard dollar təşkil etməsi münasibətlərin real iqtisadi əsaslara söykəndiyini göstərir. Eyni zamanda, Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz ixrac olunması enerji əməkdaşlığının strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Deputat bildirib ki, Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TAP layihəsi Azərbaycan–İtaliya əməkdaşlığının ən uğurlu nümunələrindən biridir. Bu layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Mircəlil Qasımlı əlavə edib ki, son dövrlərdə hərbi-texniki əməkdaşlıq, birgə istehsal, İtaliya texnologiyalarının Azərbaycana cəlb edilməsi və yeni investisiya imkanlarının müzakirəsi münasibətlərin daha geniş platformada inkişaf etdiyini göstərir.
“Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlərin bir qisminin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu, həm iqtisadi əməkdaşlığın, həm də dost ölkələr arasında etimadın göstəricisidir”, – deyə deputat bildirib.
Deputatın sözlərinə görə, Bakıda İtaliya–Azərbaycan Universitetinin açılması iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
“Corcia Meloninin Azərbaycana səfəri Azərbaycan–İtaliya münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini nümayiş etdirməklə yanaşı, yaxın perspektivdə əməkdaşlığın yeni sahələr üzrə daha da genişlənməsinə əsaslı zəmin yaradır”, – deyə Mircəlil Qasımlı vurğulayıb.




Subyekt.az