Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qondarma qətnamə korrupsiyalaşmış, rüşvətə bulaşmış avroparlamentarilərin sifarişlə işlədiklərinin növbəti təsdiqidir.
Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Subyekt.az həmin yazını təqdim edir.
Deputat qeyd edib ki, 30 il Azərbaycanın 1 milyona yaxın vətəndaşının hüquqlarının Ermənistan tərəfindən pozulmasına, torpaqlarının işğalda saxlanmasına göz yuman, işğalçıya dəstək verən Avropa Parlamentinin insan hüquqlarından danışmağa haqqı yoxdur:
“Avropa Parlamenti Fransa kimi sülhə qarşı olan ermənipərəst dövlətlərin, erməni lobbisinin əlində oyuncağa çevrilib. Bu bədnam təşkilat İrəvanı sülh müqaviləsini imzalamağa çağırmaq əvəzinə Ermənistanda revanşizmin alovlanmasına stimul verən mövqe ortaya qoyur”.
Aydın Hüseynov deyib ki, Azərbaycan xalqının bu cür beynəlxalq təşkilatlara inamı, etimadı qalmayıb:
“Azərbaycan dövləti üçün Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamənin bir salfet qədər belə mənası yoxdur. Azərbaycan heç bir addımı ilə beynəlxalq hüququ, insan haqlarını pozmayıb. Ermənistanla münasibətlər Azərbaycanın deyil, Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulub. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını erməni işğalından azad edib. Azərbaycanın öz hüquqlarını bu şəkildə bərpa etməsini Avropa Parlamenti və onun kimi erməni çirkabına bulaşmış “beynəlxalq təşkilatlar” həzm edə bilmirlər.
Əgər onlar həqiqətən də insan hüquqlarını müdafiə edən olsaydılar, Azərbaycanın torpaqlarının azad edilməsi və 1 milyona yaxın azərbaycanlının hüquqlarının təmin edilməsini alqışlamalı idilər. Lakin bunu etmirlər. Çünki özlərinin strateji məqsədləri naminə vaxtilə qızışdırıb ortaya atdıqları Ermənistanın məğlub edilməsi nəticəsində Avropa Parlamentinin yürütdüyü siyasət puça çıxıb. Onlar Ermənistanın düşmüş olduğu vəziyyətin səbəblərini ermənilərdə və özlərində deyil, Azərbaycanda axtararaq düşmənçiliyi yenidən alovlandırıb regiona qan, revanşizm üzərində gəlməyə cəhd etməkdən ötrü “hüquqi” əsaslar hazırlamağa çalışırlar. Digərləri kimi, bu qətnamə də göstərir ki, parlamentarilər Avropa xalqlarını aldadaraq cinayət yolları ilə pullar qazanmış erməni milyarderlərinin ciblərindən qidlanırlar. Onlar belə çirkin qətnamələri qəbul etməklə həm də Cənubi Qafqazda sülhə deyil, konfrontasiyaya xidmət edirlər”.
Deputat vurğulayıb ki, Azərbaycana qarşı məhz indi qarayaxma kampaniyasının genişləndirilməsi və qondarma qətnamələrin qəbulu ölkəmizdə COP29 kimi böyük beynəlxalq tədbirin keçirilməsini gözləri götürməmələri ilə bağlıdır:
“Hər dəfə Azərbaycanda mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə Avropa Parlamenti kimi bədnam dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının aparıldığının şahidi olmuşuq.
Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində də eyni hal müşahidə olunur. Lakin təcrübə göstərir ki, Azərbaycan hər dəfə qarşısına qoyduğu hədəflərə nail olmağı bacarıb, heç bir böhtan kampaniyası Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə tısir göstərə bilməyib. Çünki Azərbaycan həmişə haqlı mövqedə olub, həm də güclü dövlət kimi öz üzərinə düşən işi ən yüksək səviyyədə yerinə yetirməyi bacarıb. COP29-la bağlı da belə olacaq, bütün təzyiqlərə, qərəzli qətnamələrə, böhtanlara rəğmən, Azərbaycan bu böyük tədbiri də yüksək səviyyədə həyata keçirəcək”.
Etibar Seyidağa,
Subyekt.az