![]()
Bülbül Fondunda təşkil olunan tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, yaradıcılıq təşkilatlarının nümayəndələri, tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.
İctimai müzakirəni açan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Azərbaycanın mədəniyyətlərarası diplomatiyasının regional və beynəlxalq əməkdaşlığın inkişafına, dünyada sülh və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb. O, Bakı Prosesinin və bu çərçivədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanın sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində fəal rolunun bariz göstəricisi olduğunu vurğulayıb. Komitə sədri, cənab Prezident İlham Əliyevin VII Forumdakı çıxışının mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi, dialoq və etimad mühitinin gücləndirilməsi, Azərbaycanın beynəlxalq təşəbbüslərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Milli Məclis sədrinin müavini Rafael Hüseynov mədəniyyətlərarası dialoqun qlobal çağırışlar fonunda xüsusi aktuallıq kəsb etdiyini söyləyib. O, mədəni əlaqələrin iqtisadi və siyasi münasibətlərin inkişafına, xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və yaxınlaşmanın təmin olunmasına təsirindən danışaraq, bu istiqamətdə sistemli və ardıcıl fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Rafael Hüseynov mədəniyyətlərarası əlaqələrin gələcəyini formalaşdıracaq peşəkar kadrların hazırlanmasının, beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, xüsusilə Bakı Prosesinin qlobal təhlükəsizliyin qorunmasına, xalqlar və dövlətlər arasında sülh şəraitində birgəyaşayışın təşviqinə mühüm töhfə verdiyini qeyd edib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizi qlobal mədəniyyətlərarası dialoqun, beynəlxalq əməkdaşlığın və qarşılıqlı anlaşmanın təşviqi üzrə mühüm platformaya çevirdiyini bildirib. O, Prezident İlham Əliyevin Forumdakı çıxışının Mədəniyyət Nazirliyi və aidiyyəti qurumlar üçün gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən strateji sənəd xarakteri daşıdığını vurğulayıb. Nazir müavini Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq işlərinin, xüsusilə maddi və qeyri-maddi mədəni irsin dirçəldilməsi sahəsindəki fəaliyyətinin beynəlxalq təcrübə baxımından əhəmiyyətini qeyd edib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Məclisin komitə sədri Səməd Seyidov, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, deputatlar Sahib Alıyev və Əlibala Məhərrəmzadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, incəsənət xadimləri İlham Rəhimli və İsrafil İsrafilov, AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva çıxış ediblər. Çıxışlarda Azərbaycanın tarixən Şərqlə Qərbin, müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olduğu, xalqımızın əsrlər boyu qoruyub saxladığı tolerantlıq və birgəyaşayış ənənələrinin bu gün dövlət siyasətində də əksini tapdığı vurğulanıb.
Bildirilib ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın mədəniyyətlərarası dialoqa yanaşmasını və bu sahədəki prioritetlərini aydın ifadə edir. Ölkəmiz yalnız beynəlxalq tədbirlərə ev sahibliyi etməklə kifayətlənmir, həm də müxtəlif baxışların və mövqelərin qarşılıqlı hörmət və anlaşma şəraitində müzakirəsinə imkan yaradan platformaların formalaşmasına töhfə verir.
Mədəni diplomatiyanın imkanlarından danışan çıxışçılar milli mədəni irsin, incəsənətimizin, ədəbiyyatımızın və musiqimizin beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyətini vurğulayıblar, bu sahədə fəaliyyətin əlaqələndirilməsinin, beynəlxalq layihə və təşəbbüslərin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
İctimai müzakirə çərçivəsində Azərbaycanın mədəni diplomatiyasının mövcud imkanları, qarşıda duran vəzifələr və gələcək fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
_1794590687.jpg)
_1794590688.jpg)

_1794590688.jpg)
_1794590688.jpg)
_1794590689.jpg)

_1794590689.jpg)
_1794590690.jpg)
_1794590690.jpg)