![]()
27 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.
Nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, habelə siyasi, nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında qarşılıqlı təmasların intensivləşməsi və səfərlərin artması məmnunluqla qeyd edilib. Bu amillərin ikitərəfli əlaqələrə yeni dinamika qazandırdığı vurğulanıb.
Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsi, habelə parlamentlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd edilib. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinin və mövcud razılaşmaların səmərəli icrasının əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayacağı vurğulanıb.
Nazir Ceyhun Bayramov Estoniyanın ölkəmizdə səfirliyinin təsis edilməsi münasibətilə həmkarını bir daha təbrik edib. Səfirliyin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin inkişafına, siyasi dialoqun genişləndirilməsinə və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.
Tərəflər cari ilin 4 noyabr tarixində Azərbaycan ilə Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Komissiyanın işinin ticarət, rəqəmsal inkişaf, innovasiya, süni intellekt, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi və inkişafı üçün əlverişli zəmin yaradacağına əminlik ifadə olunub.
Həmçinin Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, təqdim olunan güzəştlər, müasir infrastruktur və geniş iqtisadi dividentlər barədə məlumat verilib. Estoniya şirkətlərinin bu sahədə fəaliyyətinin həm ikitərəfli iqtisadi əlaqələrin, həm də ümumilikdə region ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə yaradacağı imkanlar vurğulanıb.
Orta Dəhlizin inkişafı, onun regional və beynəlxalq nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsində rolu, habelə dəhlizin tranzit potensialının artırılması və mövcud imkanlardan daha səmərəli istifadə edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində sıx əməkdaşlığın və namizədliklərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov həmkarına regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və bu istiqamətdə atılan addımlar barədə məlumat verib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəzərə çatdırılıb. Minaların yaratdığı təhdidlərin aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı həmçinin beynəlxalq gündəliyin aktual məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekunda nazirlər birgə mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.







