![]()
Xalqın mənəvi dünyasının məhsulu olan şifahi ədəbiyyat zəngin bədii incilər xəzinəsidir. Azərbaycan xalqının müxtəlif zamanlarda yaratdığı nağıllar, əfsanələr, dastanlar əsrdən-əsrə, nəsildən-nəslə keçərək zəmanəmizə qədər gəlib çatmışdır. Şifahi xalq ədəbiyyatı nümunələrinin ilk dəfə yazıya alınması təxminən XV-XVI əsrlərə aiddir. O vaxtdan indiyədək yazarlar, tədqiqatçılar, eləcə də, folklorşünaslar bir çox işlər görmüş, çoxlu sayda folklor nümunələrini yazıya almışlar. XIX əsr Azərbaycan folklorşünaslıq elminin təşəkkül tapdığı, formalaşdığı bir dövrdür. Şifahi xalq ədəbiyyatının toplanmasında böyük əmək sərf edən və çox məsuldar fəaliyyət göstərən folklorşünaslarımızdan biri də Hənəfi Zeynallıdır (1996-1938). Hənəfi Zeynallı topladığı materialları həm kitabça şəklində nəşr etdirir, həm də çox mühüm nəzəri əhəmiyyəti olan məqalələr yazırdı.
Ötən əsrin otuzuncu illərinin sonuna yaxın Azərbaycan elminin üstündən də qara yellər əsdi. Xalqin düşünən beyinləri, elmin müxtəlif sahələrində çalışan və bir alim kimi hələ çox söz deyə biləcək istedadlar aradan götürüldü. Bunların arasında Azərbaycan SSR Elmlər Akademiyasının elmi işçiləri, mütəxəssisləri də var idi. Sözün həqiqi mənasında elm fədaisi, vətənin dəyərli övladı Hənəfi Zeynallı akademiyanın repressiyaya məruz qalan neçə-neçə əməkdaşından yalnız biri idi. Əgər Stalin rejimi yüksək mədəniyyətə və intellektə sahib günahsız bu insanı məhv etməsəydi Hənəfinin ömrünə hələ neçə-neçə dəyərli və mənalı uğurlu səhifələr yazılacaq, kitablarına yeni kitablar əlavə olunacaqdı. O, hələ nə qədər xalq incisi toplayacaq, onlarla tədqiqat əsərinin altında “Hənəfi Zeynallı” imzası qoyulacaqdı. Amma Hənəfinin elə özünün topladığı həmin folklorun içərisində belə bir məsəl də vardı: “Sən saydığını say, gör fələk nə sayır”….
Şifahi xalq ədəbiyyatımızın ilk tədqiqatçılarından olan Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Altı yaşından yetim qalmasına baxmayaraq, təhsildən ayrı düşməmişdi. Mədrəsədə oxumuş, rus-müsəlman orta məktəbini bitirmişdi. 1916-cı ildə Bakıdakı Orta Politexnik Məktəbini bitirmiş və elə həmin il müsabiqə imtahanını uğurla verərək, İmperator Texniki Peşə məktəbinə daxil olmuş, 1917-ci ildə fevral inqilabından sonra təhsilini davam etdirməmişdir.
Hənəfinin hər fikri onun dərin düşüncə və biliyindən xəbər verirdi. Məsələn, o deyirdi: “Həyatdan alınmış təcrübədən sənət doğur və ona su verir, sənət özü də həyatdan aldığı qüvvətlə yaranır və həyata nüfuz yetirməyə başlayır. Ona görə də, sənətlə həyat bir-birindən ayrılmaz iki parça kimi meydana çıxır”.
Hənəfi Zeynallının əsərləri içərisində 1926-cı ildə yazdığı “Azərbaycanın atalar sözləri və məsəllər” kitabının xüsusi dəyəri var. Bu kitabda dörd minədək atalar sözü və məsəl toplanıb.
H.Zeynallı 1929-cu ildə və sonrakı dövrdə müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, habelə Bəkir Çobanzadə ilə sıx əlaqə saxlamaqda günahlandırılırdı. İttihamlardan biri də alimin öz əsərlərində guya əksinqilabi millətçi ideologiyadan yazması idi. Həqiqət kimi qələmə verilən bütün bu günahlara görə Hənəfi Zeynallı akademiyada tutduğu bütün vəzifələrdən çıxarılır və 1937-ci il yanvar ayının 27-də həbs edilir. Həmin hadisənin ertəsi günü isə onun istintaqı başlanır. Hənəfini bir çox əksinqilabçı və millətçi, o cümlədən Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxladığına görə ittiham edirlər. Bu insanlarla əlaqəsi olmadığından Hənəfi təbii ki, ittihamları rədd edir. Həmin sorğu-sual fevralın 23-də də baş verir. O, hər hansı antisovet təşkilata məxsusluğunun ağ yalan olduğunu deyir. Müstəntiq ona düzgün ifadə verməyi, müqavimət göstərməməyi təkid edir. Hənəfi isə yenə də yalan danışmaqdan boyun qaçırır. Lakin fevralın 24-dəki istintaqda “müttəhim” birdən-birə tamamilə dəyişərək başqa sözlər deyir: “Bəli, mən əksinqilabi kitablar alırdım. Bəli, mən əksinqilabi təşkilatın üzvü idim. Cavad Bağırzadəni, Həbib Səmədzadəni, İmran Babayevi də həmin təşkilata cəlb etmişəm. Bəli, mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm. Bəli, mən Türkiyəyə meyil etmək baxımından Azərbaycanın SSRI-dən ayrılmasına tərəfdar idim və s.” Bu rejim heç bir günahı olmayan H.Zeynallıya əksinqilabi təşkilata R. Axundov tərəfindən cəlb olunduğunu etiraf etdirir. Hənəfi sanki hansısa şər qüvvənin təsiri ilə ona deyilən ittihamların hamısını təsdiqləyir: guya 1936-cı ilin sonunda o, kabinetində Bakıda və respublikanın rayonlarında gəncləri təşkilata cəlb etmək kimi göstərişlər alıb. Bundan sonra türk ziyalıları arasında işi genişləndirərək onları terrora, təxribatçılığa, ziyankarlığa, casusluğa və müharibə vaxtı təslimçiliyə istiqamətləndirib. Bütün bunları H.Zeynallıya işgəncələrin gücü ilə etiraf etdirirlər. İstintaq işində H.Zeynallının sovet hökumətinə qarşı “düşmənçilik fəaliyyətini” ifşa edən iyirmiyədək müttəhimin ifadələri var idi. M. Hüseynovun ifadəsində bildirilirdi ki, “Azərbaycan millətçi partiyası”nın tərkibində H.Zeynallı da olub. Müttəhim Azərbaycan SSR Cinayət Məcəlləsinin 73, 64, 69 və 70-ci maddələrində nəzərdə tutulan cinayətlərdə Burada Hənəfi Zeynallı özünü tam günahkar hesab etdiyini, təslim olduğunu və mərhəmət dilədiyini söyləyir. Hərbi kollegiya Hənəfi Baba oğlu Zeynallını ən yüksək cəzaya – güllələnməyə məhkum edir. Ertəsi gün. Yəni oktyabr ayının 13-də hərbi kollegiyanın hökmü Bakıda yerinə yetirilir. H. Zeynallının həyatına belə amansızcasına son qoyulması xalqın daha bir düşünən beyninin aradan götürülməsi, Azərbaycan elminə atılan güllə demək idi.
Ən amansız sellərdən, ən dəhşətli qasırğalardan da betər olan həmin rejim – Stalin repressiyaları Azərbaycanın sayseçmə oğulları sırasında Hənəfi Zeynallını da beləcə apardı… Lakin 1957-ci il martın 30-da SSRI Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə, 1937-ci il sentyabrın 12-də SSRI Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi…
XX əsrin 20-ci illərində H.Cavid ədəbi mübahisələrin mərkəzində idi. H.Cavidin şəxsiyyəti, əsərləri və tamaşaları haqqında həm peşəkar tənqidçilər, həm də cızmaqaraçılar, belə demək olarsa, dayanmadan yazırdılar. Həmin illərdə H.Cavid yaradıcılığına ən obyektiv qiymət verənlərdən biri Hənəfi Zeynallı idi. Hənəfi Baba oğlu Zeynallı 20-30-cu illərin görkəmli tənqidçisi, folklorşünas, yazıçı və nəzəriyyəçi idi. O, hətta «Həndəsə» (1923) kitabının müəllifi idi. H.Zeynallı əsasən folklorun toplayıcısı, tədqiqatçısı və naşiri idi. Bununla yanaşı, üç faktı qeyd etməliyik: H.Zeynallı “Azərnəşr”in baş redaktoru, M.F.Axundzadə və H.Cavid haqqında silsilə tədqiqat məqalələrinin müəllifi idi. 20-ci illərdə çap olunmuş elə bir folklor kitabı yoxdur ki, H.Zeynallı ya onun redaktoru, ya da müqəddiməsinin müəllifi olmasın. H.Zeynallı professor B.Çobanzadənin elmi rəhbərliyi ilə folklordan namizədlik işi yazmışdır. Akademik M.Cəfər “Hüseyn Cavid” monoqrafiyasında yazır: “Cavidin yaradıcılığı ilə məşğul olan ilk sovet tənqidçisi Hənəfi Zeynallıdır. Tənqidçinin xüsusən “Şeyx Sənan”, “Şeyda” və “Maral” haqqında mülahizələri, təhlilləri maraqlı idi. O, haqlı olaraq “Şeyx Sənan”ı ruhaniliyi, fanatizmi, bütün köhnəlmiş din və təriqətləri rədd edən bir əsər hesab edir, “Şeyda” faciəsində şairin inqilabçılara rəğbət bəslədiyini, “Maral” da feodal zülmünü və əxlaqını ittiham etdiyini, qadın hüququnu müdafiə etdiyini göstərirdi. H.Zeynallı H.Cavidin müasiri idi. Ona görə də onun bu böyük dramaturq və romantik filosof haqqında yazdıqları inandırıcı, kəsərli, sanballı söz idi. H.Zeynallı H.Cavid haqqında tənqid, hədyan yazmadı, elmi fikirlərini yazdı. O, H.Cavid haqqında obyektiv həqiqəti yazan ilk sovet cavidşünası idi.” H.Zeynallının “Hüseyn Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizələrim” məqaləsi konseptual səciyyə daşıyır. Məqalənin “Başlamazdan əvvəl”, “Həqiqi ədəbiyyat”, “Şair və ədiblərimiz”, “Ədəbiyyatdakı həyati dövrlər” adlı bölmələrində alim ədəbiyyatın spesifikasına, ədəbi tənqidə və ədəbiyyat tarixinə dair nəzəri metodoloji görüşlərini şərh edir. Bu bölmələrdə söylənilən əsas müddəalar bunlardır: “Qüvvətli ədəbiyyat meydana gəldikdə özü ilə bərabər qüvvətli tənqid yaradır; bizdə tənqid yoxdur və mən də Cavid kimi ümumun sevimlisi olan şairimizin hələ mürəkkəbi qurumamış “Peyğəmbər” əsərini bir tənqidçidən daha ziyadə bir müəllim kimi təhlil edirəm; biz hamımız sağlam bir gələcəyin təməl quranlarıyıq: bir millətin başqa bir millətə təsiri və nüfuzu dil və ədəbiyyat vasitəsi ilə mümkündür; tənqid ədəbiyyata millət içindəki nüfuza və fərdləri təsvirə görə yox, tipləri yaratmaq imkanına görə qiymət verməlidir”.
H.Zeynallı klassik qəzəl və təxmis ədəbiyyatını yeni – proletar ədəbiyyatı – novatorluq baxımından tənqid edib, onun xüsusiyyətini “yerli xalqın nə həyatını, nə ruhunu, nə də adət və ənənəsini tamamilə göstərməməsində” görür, sinfi və vulter sosioloji nöqteyi-nəzərdən yanaşırdı. H.Zeynallı nəticədə “Cavidin yaratdığı dil və üslub haralardan alınır-alınsın, nə kimi ilhamlardan doğur-doğsun, Azərbaycandakı ədib və şairlərimiz içində ən müstəsna, ən zərif bir dildir”-, deyə onun yaradıcılığını yüksək dəyərləndirir. H.Zeynallını bir cavidşünas kimi səciyyələndirən onun H.Cavidə dövrün ədəbi-tarixi kontekstində yanaşa bilməməsidir. Bununla belə, o, Cavidin romantizmini, onun estetik idealını doğru müəyyən etmiş, cavidşünaslığın təməl daşını qoyanlardan biri olmuşdur. Hənəfi Zeynallı ədəbiyyatşünas alim, folklorçu, tənqidçi, müəllim, naşir idi. Çox qısa zamanda həmin fəaliyyət sahələrinin hər birində uğur qazanmışdı. Bu adların hər birini ədəbimiz öz gərgin zəhməti, dərin zəkası bahasına qazanmışdı. Ancaq Stalin rejimi heç bir əsası olmadan onu “xalq düşməni” elan etdi. Bu, həmin dövrün ziyalılarına qarşı böhtan, iftira və heç bir əsasa söykənməyən, qəsdən vurulan damğa idi. H.Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı 1927-ci ildə bitirmiş və təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə Azərbaycan Pedoqoji İnstituna almışdır. 1930-cu ildə dosent olmuşdur. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və nəşriyyatın baş redaktoru vəzifəsində çalişmışdır. 1923-1931-ci illərdə “Azərnəşr”də işləyərkən o, “Kommunist”, “Maarif və Mədəniyyət”, “İnqilab və Mədəniyyət”, “Maarif işçisi” jurnalları ilə əməkdaşlıq etmiş, geniş ədəbi və publisistik yazılarla çıxış etmişdir. H.Zeynallı 1926-cı ildə yazdığı “Azərbaycan atalar sözləri və məsəllər” (burada 4 minədək atalar sözü və məsəllər toplanmışdır), 1928-ci ildə yazdığı “Türk ədəbiyyatı üzrə iş kitabı” əsərlərində folklor, terminologiya və s. ilə bağlı məsələlərə toxunur.
H.Zeynallının Azərbaycanda nəşr edilən bütün atalar sözlərini nəzərdən keçirmiş və mənbələrini göstərməklə, onları öz kitabına daxil etmişdir. “Azərbaycan atalar sözləri və məsəllər” kitabı böyük bir müqəddimə ilə başlayır. Bu müqəddimə H. Zeynallının xalq ədəbiyyatının bir çox dəyərli məsələlərini dərindən bildiyini sübut edir. Burada o yalnız atalar sözlərindən deyil, ümumiyyətlə, xalq ədəbiyyatından, onun mənşəyindən, janrlarından söhbət açır. H.Zeynallı xalq ədəbiyyatını mənzum və mənsur qisimlərə bölür. Bayatı, mahnı, ağı, bağlama, beşik başı, meyxana, tərifnamə mənzum qismə; nağıllar, atalar sözləri isə mənsur qismə aid edilir. Alim müqəddimədə atalar sözü, məsəl, onların fərqli və oxşar cəhətləri, forma xüsusiyyətləri barədə geniş danışır. Bundan sonra H.Zeynallı “Azərbaycan tapmacaları” (1928) adlı başqa bir kitab nəşr etdirir. Bu kitab da müəyyən elmi prinsiplər əsasında işlənmişdir. Kitabda Hənəfi Zeynallının böyük bir müqəddiməsi də verilib.
H.Zeynallı bir sıra nəzəri məqalələrin də müəllifidir: “Ağız ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı”, “Oktyabr ədəbiyyatı”, “Oktyabr inqilabı və Azərbaycan folkloru” və s. məqalələr xüsusi diqqətə layiq əsərlərdir. Çünki Hənəfi Zeynallı Azərbaycan xalqının adət-ənənələrini, məişət tərzini, tarixini, ədəbiyyatını, folklorununu dərindən bilirdi. O, Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələindən biri olmuşdur. Onun “Azərbaycan tapmacaları” kitabında tapmacalar haqqında söylədiyi fikirlərin hamısı Azərbaycan folklorşünaslığı üçün yeni idi. H.Zeynallı tapmacaları ayrıca deyil, Azərbaycan folklorunun başqa janrları ilə, xüsusilə, atalar sözləri və bayatılarla sıx əlaqədə təhlil edir. Müəllif göstərir ki, tapmacalarda iki tərəf olur; özü, bir də onun cavabı. Beləliklə, tapmacalar iki və daha artıq şəxs arasında mükalimə şəklində meydana gəlmişdir. Buna görə də H. Zeynallı göstərir ki, tapmaca atalar sözünə, bayatıya nisbətən daha çox kollektivlik xüsusiyyətinə malikdir. Yəni tapmacalar məclislərdə, şənliklərdə, tapmaca gecələrində kollektiv tərəfindən yaradılmışdır. Zeynallı 1935-ci ildə Azərbaycan nağıllarını tərtib edərək rus dilində nəşr etdirir. Kitabı görkəmli rus folklorşünası, professor M. Y. Sokolov redaktə edir. Alimin rus oxucuları üçün tərtib etdiyi bu nağıllar kitabının müqəddiməsində Azərbaycan nağıllarında ölüm-dirim mübarizəsi aparan xeyir və şər qüvvələr haqqında verilən məlumatlar olduqca maraqlıdır. O, “Azərbaycan atalar sözləri və məsəllər”, “Türk ədəbiyyatı üzrə iş kitabı” əsərlərində folklor, terminologiya və s. ilə bağlı müxtəlif məsələlərə toxunmuşdur. 1937-ci il yanvarın 28-də H. Zeynallı Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olunub və Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə cəlb edilib. H.Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra olunub.
AYNUR TURAN
Subyekt.az