![]()
27 sentyabr – Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış Böyük Zəfərin, milli ləyaqətin və dirçəlişin başladığı müqəddəs bir təqvimdir. Dörd il öncə məhz bu gündə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənin növbəti hərbi təxribatlarına cavab olaraq “Dəmir Yumruq” əməliyyatına başlamış, 30 illik işğala və ədalətsizliyə 44 gündə son qoymuşdur.
Böyük Quruluş Partiyası olaraq bəyan edirik ki, 44 günlük Vətən Müharibəsi təkcə torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin və dövlətçilik şüurunun bütün dünyaya nümayişi idi. Bu gün canı və qanı bəhasına bizə bütöv, suveren və güclü bir
Azərbaycan bəxş edən şəhidlərimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyirik.Azərbaycan xalqı hər bir Şəhidinin intiqamını döyüş meydanında almış, beynəlxalq hüququ və tarixi ədaləti öz gücü ilə bərpa etmişdir. Bu müqəddəs mübarizədə qazilərimizin göstərdiyi şücaət və xalqımızın nümayiş etdirdiyi milli həmrəylik gələcək nəsillər üçün ən böyük vətənpərvərlik məktəbidir.
Biz, Böyük Quruluş Partiyası olaraq, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması və Qarabağda aparılan nəhəng quruculuq işlərində hər zaman olduğu kimi bu gün də dövlətimizin və ordumuzun yanındayıq. Şəhidlərimizin bizə əmanət etdiyi müstəqil və bütöv Azərbaycanı göz bəbəyimiz kimi qorumaq hər birimizin ali vətəndaşlıq borcudur.
Vətən naminə canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa və uzun ömür arzulayırıq.
Şəhidlərimizin ruhu şad, Zəfərimiz əbədidir. Qarabağ Azərbaycandır!
Subyekt.az