![]()
Bağrımıza daş basdığımız, içimizdəki yanğının nəfəsimizi kəsdiyi bir günün ildönümünü yaşayırıq. 27 Sentyabr bizim üçün sadəcə təqvimdəki bir tarix deyil. Bu tarix həm Zəfərə açılan yolun başlanğıcı, həm böyük qürurumuz, həm də ömrümüz boyu daşıyacağımız müqəddəs nisgillin təqvimidir.
İllərlə vətən həsrəti ilə qovrulan, doğma yurdunun yolunu gözləyən insanlar artıq o torpaqlardadır. Dədə-baba ocaqları yenidən çatılır, həyətlərdə həyat canlanır, evlərdə işıqlar yanır. Uzun illər həsrətlə baxdığımız yollar indi doğma ünvanlara aparır. Bir vaxtlar yalnız xəyallarda canlandırdığımız mənzərələr bu gün gerçəyin özüdür.
Bu gün o torpaqlarda uşaqların səsi eşidilir. Süfrələr açılır, ocaqlar yanır, həyat yenidən öz axarına qayıdır. İllərlə qəlblərdə daşlaşan nisgilin yerini yavaş-yavaş qürur və sevinc tutur.
Amma bu sevincin içində heç vaxt susmayacaq bir ağrımız da var.
Bu gün şəhidlərimizin başdaşı üstündə məğrurcasına dalğalanan üçrəngli bayraq onların uğrunda can verdiyi torpaqlarda da dalğalanır. Onların adı o torpaqların yaddaşına, qanı isə Zəfərimizin tarixinə yazılıb. Biz bu gün həmin torpaqlara qürurla baxırıqsa, onların yoxluğunun ağırlığını da ürəyimizdə daşıyırıq.
Zəfər bizə çox şey qaytardı: torpaqlarımızı, yurdumuzu, illərlə yarımçıq qalan arzularımızı… Amma əvəzində igid oğullarımızı aldı əlimizdən.
Və elə buna görə də bu günün sevincinin içində bir nisgil var.
Bala dağı ilə beli bükülmüş, gözü qapıda qalan, hər qapı döyüləndə balasını gəldi sanan anaların nisgili…
Dağ kimi dayağını itirib, dərdini içində boğan ataların susqunluğu…
Gənc yaşda ömür-gün yoldaşını, arxasını-dayağını itirib, bir ömürlük sevgisini qara torpağa əmanət edən şəhid xanımlarının dinməyən acısı…
Və minlərlə şəhid övladının ürəyindəki o yarımçıq qalmış ata sevgisi…
Bəziləri heç balasının üzünü görmədi. Bəziləri atasının əlindən tutmağın, onunla yol getməyin, bir süfrə arxasında oturmağın necə bir hiss olduğunu heç vaxt bilmədi, bilməyəcək…
Bu gün biz Zəfərin qürurunu yaşayırıq. Doğma torpaqlarımızda dalğalanan bayrağımıza baxıb fəxr edirik. Uzun illərin həsrətindən sonra yurduna qovuşan insanların sevincini görürük.
Amma hər qələbənin yaddaşında bir itki, hər Zəfərin arxasında bir ömürlük ayrılıq var.
Ona görə 27 Sentyabr bizim üçün yalnız başlanğıcın deyil, həm də xatırlamağın günüdür.
Bu gün biz həm qürurluyuq, həm kövrəyik.
Həm Zəfərimizin ucalığına baxırıq, həm o Zəfərin yolunda əbədi olaraq susan səsləri dinləyirik.
27 Sentyabr — Zəfərimizin başlanğıcı, qürurumuzun tarixi, şəhidlərimizin əmanəti və heç vaxt bitməyəcək müqəddəs nisgilimizin adıdır.

Nigar Qaybalıyeva
Subyekt.az