![]()
Bu gün tanınmış jurnalist, ictimai fəal və Kəlbəcər həqiqətlərinin təbliğində mühüm xidmətləri olan Zülfüqar Hüseynzadənin vəfatından üç il ötür. Zamanın amansız hökmü üç ili tarixə çevirsə də, əsl ziyalıların və vətən adamlarının ömür yolu zaman ölçüsü ilə deyil, cəmiyyətə qoyduqları mənəvi irslə dəyərləndirilir. Məhz buna görə də Zülfüqar Hüseynzadənin adı bu gün də onu tanıyan insanların qəlbində dərin ehtiramla yaşayır.
İnsan ömrünü mənalandıran əsas meyar onun geridə qoyduğu izdir. Zülfüqar Hüseynzadə peşəsini sadəcə jurnalistika kimi deyil, milli məsuliyyət missiyası kimi qəbul edən qələm adamlarından idi. O, informasiya məkanında fəaliyyətini şəxsi maraqlar üzərində deyil, milli yaddaşın qorunması, Qarabağ həqiqətlərinin çatdırılması və doğma Kəlbəcərin tarixinin yaşadılması istiqamətində qurmuşdu.
Kəlbəcər onun üçün sadəcə doğulduğu coğrafiya deyildi. Bu torpaq onun həyat fəlsəfəsi, mənəvi dünyası və milli kimliyinin ayrılmaz hissəsi idi. Elə buna görə də Kəlbəcərlə bağlı keçirilən tədbirlərin, anım mərasimlərinin, elmi-praktik konfransların və ictimai təşəbbüslərin demək olar ki, hamısında Zülfüqar Hüseynzadənin səmimi iştirakını görmək mümkün idi. O, təkcə hadisələrin iştirakçısı deyil, həm də milli yaddaşın qorunmasının fədakar təbliğatçılarından biri idi.
Taleyin qəribə yazısı onun son səfərini də doğma Başlıbel kəndinə bağladı. O, mənfur erməni işğalçılarının qətlə yetirdiyi əzizlərinin nəşlərinin axtarışı ilə bağlı müqəddəs bir missiyanın iştirakçısı kimi doğma yurda yollanmışdı. Heç kim düşünmürdü ki, bu, onun uşaqlıq xatirələrinin, ata-baba ocağının yerləşdiyi torpağa son ziyarəti olacaq. Sanki ömrünü həsr etdiyi Vətən onu son dəfə bağrına basaraq əbədi rahatlığına qovuşdurdu.
2025-ci ildə Başlıbel kəndini ziyarət edərkən bu hissləri bütün ağırlığı ilə yaşadım. Kəndə qədəm qoyduğum ilk andan oranı tərk edənədək Zülfüqar Hüseynzadənin təbəssümlə yadda qalan çöhrəsi gözlərimin önündən çəkilmədi. Hər daşda, hər bulaqda, hər cığırda onun doğma torpağa olan sevgisini hiss edirdim. Bu, təkcə bir insanın xatirəsi deyildi; bu, Vətən sevgisinin insan taleyində necə böyük məna daşımasının canlı təcəssümü idi.
Mənim də Zülfüqar Hüseynzadə ilə müxtəlif tədbirlərdə görüşmək, rəhbərlik etdiyi informasiya resursunda yazılarımın dərc olunması münasibətilə ünsiyyətdə olmaq imkanım olmuşdu. Təmaslarımız uzunmüddətli olmasa da, onun sadəliyi, səmimiyyəti, yüksək mədəniyyəti və insanlara olan hörməti elə bir təəssürat yaradırdı ki, sanki uzun illərin dostluğu mövcud idi. Əsl ziyalını fərqləndirən xüsusiyyət də məhz budur – insanlarda xoş iz buraxmaq və hörmət qazanmaq.
Bu gün Azərbaycan cəmiyyəti postmüharibə dövründə tarixi yaddaşın qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi kimi mühüm vəzifələrlə qarşı-qarşıyadır. Bu baxımdan Zülfüqar Hüseynzadə kimi vətənpərvər ziyalıların irsi yalnız xatirə deyil, həm də gələcək nəsillər üçün mənəvi məktəbdir. Onların həyat yolu göstərir ki, Vətən sevgisi yüksək tribunalarda deyil, görülən işdə, çəkilən zəhmətdə və milli dəyərlərə sədaqətdə özünü göstərir.
Bəlkə də ilahi ədalətin ən mənalı təcəssümü məhz onun doğulduğu Başlıbel torpağında Haqqa qovuşması oldu. Bu, ömrünü Vətənə həsr etmiş bir insanın tale kitabına yazılmış ən müqəddəs sonluq idi.
Üç il ötür. Lakin zaman Zülfüqar Hüseynzadənin xatirəsini nə zəiflədə, nə də unutdura bildi. Çünki Vətən üçün yaşayan insanlar ölümləri ilə tarixə çevrilirlər, xatirələri isə sevənlərinin yaddaşında yaşayır.
Əziz xatirən qarşısında ehtiramla baş əyirik. Ruhun şad olsun, Zülfüqar Hüseynzadə!






Rövşən Hüseynli
Subyekt.az