![]()
Bu gün Azərbaycanın Xalq artisti, görkəmli teatr aktyoru və rejissoru İsmayıl Hidayətzadənin anadan olmasının 125 illiyi tamam olur.
İsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda anadan olub. Teatr sənətinə erkən yaşlarından maraq göstərən sənətkar 1917-ci ildən müxtəlif dram dərnəklərində aktyor və rejissor kimi fəaliyyət göstərib. 1919-cu ildə “Dövlət Teatrosu”nun kollektivinə qoşularaq peşəkar teatr mühitində yaradıcılıq yoluna başlayıb.
Uzun illər Akademik Milli Dram Teatrında aktyor və rejissor kimi çalışan İsmayıl Hidayətzadə sonralar Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərib və baş rejissor vəzifəsinə yüksəlib. O, həm səhnədə yaratdığı xarakterik obrazlarla, həm də rejissor işi ilə Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfələr verib.
Sənətkarın “Almaz”, “1905-ci ildə”, “Oqtay Eloğlu”, “Dönüş”, “Ölülər”, “Hacı Qara”, “Topal Teymur”, “Knyaz” və digər tamaşalardakı obrazları onun zəngin aktyor yaradıcılığının parlaq nümunələridir. Cəfər Cabbarlının əsərlərində yaratdığı Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd kimi obrazlarla böyük şöhrət qazanıb. “Almaz” filmində də Şərif obrazını canlandırıb.
Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə 1933-cü ildə Əməkdar artist, 1938-ci ildə isə Xalq artisti fəxri adına layiq görülən İsmayıl Hidayətzadə 1951-ci ildə vəfat edib.
Subyekt.az