Günahsız müqəssir – Əliabbas Müznib
Azərbaycan Cümhuriyətinin İlk Dövlət Marşını yazan şəxsiyyət
Bu gün biz milli-azadlıq tariximiz barədə iftixar doğuracaq çoxlu məlumatlara malikik. Lakin bir zamanlar bu tarixin kiçicik bir səhifəsindən belə xəbərsiz olduğumuzu gənc nəsil heç ağlına belə gətirmir. Bəli, dünya dəyişir, zamanın hökmü ilə bağlı qapılar açılır. Unudulmuş tariximiz aydınlaşır. Bir zamanlar qaranlıqlar içərisində olmuş keçmişin məhrumiyyət dolu hadisələri bu gün müstəqil respublikamızın şanlı tarixinə çevrilir. Məhz bu tarix bizi öyrədir, özümüzü daha da dərindən dərk etməyə səsləyir.
Biz iftixar ediləcək Azərbaycan tarixini yaratmış onlarca böyük nümayəndələrini bu gün minnətdarlıq hissi ilə yad edirik. Nə qədər təəssüflü olsa da, demək lazımdır ki, milli ictimai fikir tariximizn iftixar doğuracaq belə şəxslərinin heç də hamısını yad edə bilməmişik. Belə şəxsiyyətlər isə olduqca çoxdur. Bu şəxslərdən biri, XX əsrin əvvəlləri və sovet hakimiyyətinin ilk illərində yaşamış, həyatını, xalqının milli azadlığı uğrunda mübarizəyə qurban vermiş vətənpərvər şair, publisist və ədəbiyyatşünas alim Əliabbas Müznib Mütəllibzadədir.
Əliabbas Müznibin həyat tarixçəsi XX əsrin əvvəlləri Azərbaycan xalqını ibrətamiz hadisələrindən biridir. Şairin hələ yüz ilə yaxın tarixin ibrətamizliyi barədə yazdığı aşağıdakı misallar bu gün onun özünə nə qədər də aiddir:
Cahanda hər kəsin rəhnümasıdır tarix,
Əsiri-zülməti-qəhrin ziyasıdır tarix,
Hüquqi səlb olunan millətin bu gün məncə,
Hünərli, qüvvəli tək bi xudasıdır tarix.
1883-cü ildə Bakıda doğulub. Ədəbiyyatda Müznib təxəllüsü ilə tanınan müəllifin əsl adı və soyadı Əliabbas Mütəllibzadədir. Müznib də bir çox yazıçı və şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin Rus qiyamından sonra gəlmiş və iti qələm, üsyankar ruhu, milliyyətçi və türkçü inancları ilə, qısa zamanda ədəbi dairələrdə böyük maraq toplamışdır. O, ilk əvvəl, mollaxanada təhsil almış, bir müddət də rus-tatar (Azərbaycan) məktəbində davam etmişdir. Fars və rus dillərinə, Türk tarixinə dair geniş məlumatlarını şəxsi oxuma yolu ilə əldə etmiş və bu mövzularda dövrünün məlumatlı şəxsiyyətlərindən biri kimi tanınmışdır.
İlk şeirlərini 1907-ci ildən başlayaraq “Təzə Həyat”, “İttifaq”, “Zənbur” kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə “Hilal” adlı bir qəzet nəşr etdirmiş; həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mətbuatda ikən müsadirə olunmuşdur. Buna səbəb Müznibin “Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd” misraları ilə başlayan şeiri olmuşdur. Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazmışdır: “Namusu qatı, qarət etməklə qazanmak olmaz, bəlkə hüquqi-vətən yolunda ölməklə olar. Görürsünüzmü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul mənasında olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühəkkek olmuşdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalışmaqla sübut oluna bilər”. “Hilal” 1911-ci ilin ilk aylarında bağlanır. Şairin yayınlamağa başladığı “Şihab-sağıb” dərgisinin də aqibəti eyni olar. 1911-ci ildə də Müznib hökumətə istiqamətli yazılarına görə, əvvəl qısa müddət üçün həbs olunur və günahlandırılır. Daha sonra isə, çar hökuməti tərəfindən ömür boyu Sibirə sürgün edilir.
Amma isyankar ruhlu şair, Sibirdə də yazmaqdan qalmayır. Burada yazmış olduğu şeirlərini Bakı mətbuatında nəşr etdirir. 1913-cü ildə Romanovlar sülaləsinin qurulmasının 300 ili qeyd olunduğu sırada, Müznib də əfv olunaraq Bakıya qayıdır və yenidən mətbuat və nəşriyyat aləminə atılır. 1914-cü ilda böyük qardaşı Əbülfəz Mütəllibzadənin adına “Dirilik” adlı bir məcmuə qurur. “Müsavat” partiyasının lideri, Azərbaycan Parlamentinin ilk başçısı Məmməd Əmin Rəsulzadənin “Milli dirilik” adlı ardıcıl yazıları ilk dəfə bu jurnalın sahifələrində nəşr olunmuşdur. Azərbaycanda türkçülük fikrinin yayılmasında, Müznib və onun “Dirilik” jurnalı ətrafına yığdığı ədəbi qüvvələr əhəmiyyətli rol oynamışdır. 1915-ci ildə Müznib bu jurnalın səhifələrində Rus imperatoru Deli Petronun Türk-Müsəlman düşmənliyi ilə dolu “Vəsiyyət” ini nəşr etdikdən sonra, yenidən təqiblərə məruz qalır. Az sonra isə jurnal bağlanır. Daha sonra Müznib “Türkün səsi” adlı bir qəzet çıxartmaq fikrinə düşsə də, rəsmi dairələrdən lazım olan izni ala bilmir. 1913-1917-ci illəri arasında Müznib, milli yayım səhnəsində geniş bir şəkildə çalışır. Şair özgün əsərlərlə birlikdə Şərq və Qərb ədəbiyyatından da tərcümələr edir. Öz əsərlərindən və tərcümələrdən ibarət olan onlarla kitab yayınladır. Rus imperiyasının süqutundan sonra Müznib ədəbi və siyasi sahələrdə daha geniş fəaliyyət göstərir. 1919-cu ildə yeni Azərbaycan Cümhuriyətinin Dövlət Marşını yazır. Respublikanın rəsmi nəşr orqanı olan “Azərbaycan” qəzetində Türklüyün tarixi və məsələləri üzərinə bir ardıcıl məqalələr nəşr etdirir.
Sovet rejimi dövründə bir müddət 1920-1926-cı illər arasında Müznib yenə mətbuatda çalışır. Amma, burada ona hər zaman millətçilik sahəsində köhnə yazdıqları xatırladılır və nəhayət, 1926-cı ildə, erkən yaşda təqaüdə ayrılmağa məcbur edilir. Türkçü və milliyyətçi olduğu üçün Müznib Sovet dövründə də, Çar dövründə olduğu kimi təzyiq və sərt reaksiyalara məruz qalır.
Həyatının 20 ilini mətbuata həsr etmiş Müznib, 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılır; siyasətdən tam uzaqlaşır və ədəbiyyat araşdırmacılığı ilə məşğul olur. 1927-1937-ci arasında, XIX-XX əsr. Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət olan on kitab yayınlayır. Bütün bu əsərləri özü yığmış, onlara geniş ön söz, bioqrafi və şərhlər əlavə etmişdir.
1937-ci ildə yenidən həbs olunan Müznib XX əsr Azərbacan ədəbiyyatının bir sıra tanınmış şəxsiyyətləri kimi, milliyyətçiliklə və pantürkizmlə ölüm cəzası hökm olundu. Son zamanlarda ortaya çıxan sənədlər, yorulmaz jurnalist, şair və ədəbiyyat mütəxəssisi Əliabbas Müznibin 27 avqust 1937-ci ildə güllələndiyi qeyd edilir.
1956-cı ildə dövlət tərəfindən günahsız olduğu etiraf edilib, ölümündən sonra bəraət edən Müznibin əsərləri hələ də tam toplanıb nəşr olunmamış, yaradıcılığı tədqiq edilməmişdir.
Ə.Müznib tərcüməçilik ilə də məşqul olurdu. 1910- cu ildə “Min bir gecə” nağıllarından tərcümə etdiyi bir parcanı “Əlifleyla” adı ilə çap etdirmişdir. “Ürək yanğısı” və “Tikan kolu” əsərləri oxucularının çox sevdiyi kitablarındandır. Uzun illər ərzində topladığı el aşıqlarının, xalq söz sənətkarlarının əsərlərini 1926- cı ildə “Aşıq Pəri və müasirləri” adlı kitabda çap etdirmişdir.
Bəli, tarix ən böyük ibrət dərsidir. Bu ibrət dərsini Əliabbas Müznibin həyat tarixçəsində də aydın görmək olar…
“Müznib” imzası Əliabbas Mütallib oğlu Əhmədovun ədəbi təxəllüsüdür. “Müznib” sözü ərəb dilində günahkar, müqəssir mənasındadır. Qəribə olsa da, bu imza ilə Əlabbas Mütəllibzadənin şəxsi həyatı arasında bir çox sıx bağlılıq vardır. Elə bil ki, hələ yaradıcılığının ilk çağlarında taleyin onun adına yazmış olduğu cəza hökmünü o qabaqcadan bilmiş, buna görə də özünə belə bir ədəbi təxəllüs seçmişdir.
Əliabbas Müznib həyatı boyu öz ictimai ideyalarına görə üç dəfə müxtəlif vaxtlarda cəzaya məhkum olmuşdur. Birinci dəfə 1912-ci ildə çar hökuməti onu xalqı milli-azadlıq qiyamına çağıranlar sırasında Sibirə ömürlük sürgün etmişdir. O, 1913-cü ildə Romanovlar sülaləsinin üç yüz illik yubileyi münasibəti ilə əhvi-ümumiyyəyə düşmüşdür. İkinci dəfə Əlabbas Müznib 1914-cü ildə dini-fanatizmi tənqid etməsinə görə Bakı ruhanilərindən şeyx Qəninin ölüm fitvasına məruz qalmışdır. Əlabbas Müznib üçüncü ağır cəza hökmünə 1937-ci ildə düçar olmuşdur. Lakin o, taleyin onun adına yazdığı bu cəza hökmündən yaxa qurtara bilməmiş, bir “burjua millətçisi”, “pantürkist” və “panislamist” kimi məhkum edilib. Yenə Sibirə göndərilmiş, 1938-ci ildə orada da vəfat etmişdir. Beləliklə, ədəbi-içtimai həyata “Müqəssir” imzası ilə atılmış Ə.Müznib ömrünü müqəssir kimi də başa vurmuşdur.
Əliabbas Müznibin həyat tarixçəsi göstərir ki, onun seçmiş olduğu ədəbi təxəllüs ilə mənsub olduğu nəslin taleyi arasında da bir yaxınlıq olmuşdur. Məlum olur ki, belə bir cəza və ittihama hələ XIX əsrin əvvəllərində onun ulu babası-Bakının sonuncu xanı Hüseynqulu xan da məhkum edilmişdir. Nəslin qanlı tarixi 1806-cı ilin əvvəllərində çar generalı Sisiyanovun Bakını işğal etmək istədiyi zaman öldürülməsi ilə başlanmışdır.
Bu hadisə sonralar Bakı əhalisi üçün böyük hadisələrə səbəb olur. Çarizmin işğalçı cəza dəstələri xalqı qılıncdan keçirir, Hüseynqulu xan vətənindən didərgin düşür. Ə.Müznib bu qanlı hadisələri ulu babası Hüseynqulu xana həsr etdiyi “Təəssürat”, başlıqlı bu şeirində dərin hüznlə yad etmiş, şeirin üzərində “Ulu babamı xatırlama” sözlərini yazmışdır. Sovet hakimiyyətindən əvvəl qələmə aldığı bir sıra yazılarında Əliabbas Müznibin çarizmin Azərbaycan xalqının başına gətirdiyi faciələri dəfələrlə yad etmişdir. 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin bir illik yubileyi münasibətilə çap etdirdiyi məqaləsində o bu faciəli keçmişi-“Bir əsrdən ziyadə bir müddətin içində tökülən hesabsız qanların bahasına zalımların yədi-asibanəsindən əxz edilən..” bir gün kimi xatırlayırdı. O, şəxsi arxivində saxlanılan, təxminən 1920-ci ilə aid qeydlərdən birində XIX əsrin əvvəllərində çarizmin Bakını işğalı hadisələrini xalq ədəbiyyatından aldığı bir şeir parçasında bu cür təsvir edirdi:
Yürüdü qoşunu xanın iləri,
Görcək bunu ruslar çəkildi geri,
Düşmənlərdən təmizlədik şəhəri,
Bakı şəhri sevimli yurdumuzdur.
Əliabbas Müznib Sovet hakimiyyəti illərində yazdığı tərcümeyi-halında vətənin və xalqının rus çarizmi tərəfindən başına gətirilən hadisələr barədə yazırdı: “1813-cü ildə İran və Rusiya arasında bağlanmış “Gülüstan müahidənaməsi” mövzusunda Hüseynqulu xan Bakıdan çəkildikdə xanın əqvam və əqrəbasına rus qoşunları tərəfindən şiddətli cəzalar verilmişdir. Cəbr, sürgün, edam edilməkdən müzayiqə olunmamışdır. Rusiya hökuməti on üç il Bakıda yerləşmişlər.
Qətliam şəhərdə həftələrlə davam etmişdir. Azyaşlılar belə qılıncdan keçirilmişdir. “Yeddi ev bir güvəcə möhtac oldu” zərbül-məsəli bu tarixi hadisənin şahidi idi”. Bu faciəli hadisələr dövründə Ə.Müznibin yad etdiyi faciəli hadisələr onun ata-babalarının yaddaşından heç zaman silinmir, bir acı xatirə kimi nəsildən-nəslə nəql edilir. Bu xatirələrin doğurduğu dəhşətli vahimə hətta üstündən az qala yüz il keçdikdən sonra da onun atasının çar hökumət orqanlarına qarşı qəzəb və barışmazlıq hisslərini soyuda bilmir. Bu xatirələr o zaman kiçik Əliabbasın da həyatında öz silinməz izlər buraxır. Atası onun çar üsul-idarəsinə məxsus yeni üsullu məktəbə getməsinə belə razılıq vermir. Ə.Müznib həmin hadisələrin tarixçəsini belə nəql edir. “O zaman atam tikilməkdə olan bir məktəbdə daşyonan işləyirdi. Mən bir iş üçün onun yanına getmişdim. Təsadüfən tikintiyə hamilik edən Hacı Zeynalabdin Tağıyev gəlib çıxır, məni görüb xoşlayır. Atama deyir:
-Kişi, oğlunu ver, uşkollaya oxudum. Lakin atam Hacının bu fikrinə razı olmur.
-Mənə urusdan gələn xeyir lazım deyil,-deyə cavab verir.
Ata-babasının çarizmin müstəmləkə əsarətinə qarşı belə barışmazlığı təkcə Əlabbasın deyil, Mütəllib kişinin digər uşaqlarının da həyatında öz təsirini göstərir. Ə.Müznibin kiçik qardaşı, gələcəkdə görkəmli şair, nasir, publisist və türkoloq alim kimi tanınan Əmin Abid də öz həyatını Azərbaycan xalqının milli-azadlıq hərəkatına həsr edib. O da 1937-ci il qurbanlarından biri kimi məhv olur.
Əlabbas Müznib təxminən otuz illik bir yaradıcılıq yolu keçir. Bu illər içərisində o, yüzlərlə poetik əsərlər, publisist məqalələr yazır. Təxminən on adda qəzet və jurnala naşir və redaktor olur, tərçüməçilik sahəsində də uğur əldə edir. Azərbaycan xalq ədəbiyyatının bir sıra görkəmli nümayəndəsinin ədəbi irsini ilk dəfə olaraq toplayıb nəşr edir, onlar haqqında bu gün belə əhəmiyyətini itirməmiş diqqətəlayiq tədqiqatlar yazır. Lakin nə zaman, nə işlə məşğul olmasından asılı olmayaraq Ə.Müznib bütün fəaliyyətində özünü həmişə bir məqsədə-vətənin və xalqın milli azadlığı mübarizəsinə həsr edir. O, məhz bu məqsəd yolunda da həyatını qurban verir.
Əliabbas Müznib Mütəllibzadənin həyat və mübarizə yolu sovet repressiya burulğanında sona çatandan sonra, təbii ki, adının müsbət mənada çəkilməsi də qadağan edilmişdir. Yalnız ədib siyasi bəraət aldıqdan sonra, 1970-ci illərin əvvəlində ədəbiyyatşünas alim, filologiya elmləri doktoru İslam Ağayevin Ə.Müznibin şəxsiyyəti və fəaliyyəti haqda təqdiqat xarakterli məqaləsi çap olunmuşdur. Ondan sonra isə filologiya elmləri doktoru Ağarəfi Zeynalzadə ədib və ictimai xadimin nəşr etdiyi mətbuat orqanları (Daha çox “Hilal” qəzeti və “Şihabi-Saqib jurnalı) ilə senzura münasibətləri fonunda onun çarizmə qarşı barışmaz mübarizəsi barədə apardığı elmi araşdırmalarının nəticələrini çap etdirmişdir. Bundan sonra Ə.Müznibin şəxsiyyəti diqqət mərkəzində olmuş, akademik Ziya Bünyadov, filologiya elmləri doktoru Cəlal Qasımov və b. onun haqqında repressiya qurbanı kimi bəhs etmişlər.
Ə.Müznibin romantik yardıcılığında çarizmlə, zülm və ədalətçiliklə barışmazlıq duyğusunun daha çox zəmanədən şikayət və zəhmətkeşlərin acınacaqlı vəziyyətlərin poetik təsviri yolu ilə üzə çıxdığını qeyd edən İslam Ağayev satirada həmin vəziyyətin kəskin ifşaçılıq tərzində üzə çıxdığını göstərir. Qeyd edək ki, Əliabbas Müznib satirik yaradıcılığında “Molla Nəsrəddin” ədəbi məktəbinin, Sabir satira ənənələrinin təsirindən başqa onun öz romantizmindən və islami dünya-görüşürdən irəli gələn bir lirizm və həzinlik də özünü göstərir. Ədibin hətta “Əkinçi”, “Dilənçi”, “Fəhlə” və s. kimi mübariz və barışmazlıq duyğusu ilə aşılanmış şeirləridə də bu ruh aydınca duyulmaqqdadır.Azərbaycan Cümhuriyyətin qurulmasında Əliabbas Müzniin fəaliyyətinin dəyəri, sovet hakimiyyəti illərindəki fəaliyyəti, habelə hər iki – çarizm və sosializm imperiyası tərəfindən repressiyaya məruz qalması da monoqrafiyada öz əksini layiqincə tapmışdır.
Görkəmli şair, nasir, publisist və ədəbiyyatşünas, Stalin repressiyaları qurbanı Əliabbas Müznib (1883-1938) özündən sonra böyük bir irs qoyub getmişdir. Onun ədəbiyyatımız, ədəbiyyat tariximiz qarşısındakı xidmətləri son illərdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hərtərəfli tədqiq edilir, əsərləri üzə çıxarılaraq nəşr edilir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Müznibin zəngin ədəbi irsi, XX əsrin əvvəllərində çapdan çıxmış kitabları (tədqiqatçıların bildirdiyinə görə, ötən əsrin əvvəllərində onun altmışa qədər kitabçası nəşr edilib), ədibin əli ilə müxtəlif mənbələrdən köçürüb tərtib etdiyi topluları saxlanmaqdadır. Klassik ədəbiyyatımızın gözəl bilicisi, tariximizin, ədəbiyyat tariximizin araşdırıcısı Ə.Müznibin tərtib etdiyi bəzi toplular əski dövrlərdə əlyazma şəklində yazılıb yayılan çüng, məcmuə və bəzən də təzkirələri xatırladır.
Yazıçının arxivində öz əli ilə yazdığı iki hissəli “Bakı” kitabı şəhərin tarixinə dair müxtəlif mənbələrdən toplanmış məlumatlar toplusudur. Son dövrlərdə müəyyən edilib ki, 1928-ci ildə Azərnəşrdə çap edilmiş “Natəvan Xurşudbanu” kitabının müəllifi Ə.Müznibdir (redaktor və ön söz müəllifi Hənəfi Zeynallıdır). Bu kitabı və onun həcmcə daha böyük olan ikinci nəşrinin əlyazmasını müəyyən mənada cüng, antologiya kimi nəzərdən keçirmək olar. Burada Natəvanın şeirləri, həyat və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr barədə məlumatlar toplanmışdır (1934-cü ildə tamamlanmış bu əlyazmanı kitab halında nəsr etdirilmişdir). Toplu barədə dediklərimizə onu da əlavə etmək istərdik ki, müəllifin araşdırma xarakterli qeydləri ona həm də bir tədqiqat əsəri kimi baxmağa imkan verir.
Əliabbas Müznib zəngin irsi və dərin psixologizm, humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan ədəbiyyatının zənginləşməsində mühüm rolu olmuşdur. Belə bir qiymətli irsi öyrənmək, onu nəsillərə çatdırmaq böyük insanpərvər və vətənpərvər şairimizə ən dəyərli mənəvi abidədir. Əliabbas Müznib “ədəbi” , “həmişəyaşar” deməkdir. O, bu gün dillərdə, ürəklərdə, beyinlərdə sayrışan şeirlərilə, səhnələrdəki mənzum əsərləri ilə yaşayır. Əliabbas Müznib həyatı bitəcəksiz bir ömürdür.
AYNUR TURAN
Subyekt.az