![]()
İtaliya mətbəxini digər ölkələrin mətbəxlərindən fərqləndirən əsas cəhətlərdən biri onun zəngin mədəni ənənələri və ölkənin biomüxtəlifliyidir. Tarix boyu dünyanın müxtəlif yerlərindən İtaliyaya gələn xalqlar öz ənənələrini də gətiriblər. Ölkənin ayrı-ayrı bölgələrində yetişən yerli məhsullar isə bu mətbəxin özünəməxsusluğunu formalaşdırır.
Bunu Subyekt.az AZƏRTAC-a istinadən açıqlamasında İtaliyanın üç “Michelin” ulduzuna layiq görülmüş “Da Vittorio” restoranının baş aşpazı Roberto Çerea deyib.
Onun sözlərinə görə, İtaliyada dünyanın altı növ trüfelinin hamısına rast gəlmək mümkündür. Üzümçülük və şərabçılıq da ölkənin zəngin kulinariya ənənələrinin mühüm tərkib hissəsidir.
“İtaliya mətbəxini xüsusi edən təkcə yeməklər deyil, onların hazırlanmasında istifadə olunan məhsullardır. Dünyanın müxtəlif ölkələrindən insanlar yerli məhsullarımızın dadına baxmaq üçün İtaliyaya gəlirlər”, – deyə aşpaz bildirib.
R.Çerea qeyd edib ki, İtaliya mətbəxindən danışarkən təkcə yeməklər deyil, bütöv bir mədəniyyət nəzərdə tutulur. Onun sözlərinə görə, italyanlar üçün yemək sadəcə qida deyil, ailə ənənələrinin bir hissəsidir. Xüsusilə bazar günləri ailə süfrəsində təqdim olunan yeməklər bu ənənələrin qorunmasında mühüm rol oynayır.
Aşpaz vurğulayıb ki, İtaliya mətbəxinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi onun yalnız dadı ilə deyil, ətrafında formalaşmış zəngin mədəni ənənələrlə də bağlıdır.
Subyekt.az