![]()
2026-cı il noyabrın 12-də “Sosial rifah, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan dayanıqlı istifadə sahələrində əməkdaşlıq imkanları və atılacaq addımlar” mövzusunda Belarus-Azərbaycan onlayn müzakirə platformasının görüşü keçirilib.
Görüşün təşkilatçıları Belarus Respublikası Prezidentinin İşlər İdarəsinin Humanitar Fəaliyyət Departamenti və Azərbaycan Milli QHT Forumu (AMQF) olub.
Tədbirin açılışında Belarus Respublikası Prezidentinin İşlər İdarəsinin Humanitar Fəaliyyət Departamentinin direktor müavini – Humanitar fəaliyyət idarəsinin rəisi Sergey Kozlov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxış ediblər.
Görüşün əsas məqsədi Azərbaycan və Belarusun vətəndaş cəmiyyəti təşkilatları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsi, eləcə də ikitərəfli əməkdaşlığın praktiki mexanizmlərinin inkişaf etdirilməsi olub.
Görüş zamanı hər iki ölkənin qeyri-hökumət təşkilatlarının nümayəndələri öz fəaliyyətləri barədə məlumat verib və üç əsas istiqamət üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər: Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan dayanıqlı istifadə; Sosial dəstək; Tarixi-mədəni irs.
Müzakirələr zamanı təcrübə mübadiləsinə, tərəfdaşlıq əlaqələrinin inkişafına və birgə təşəbbüslərin hazırlanmasına xüsusi diqqət yetirilib.
Görüşdə iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcək işçi mexanizmlərinin yaradılması təklif olunub.
Subyekt.az