![]()
Bir insanın vaxtında verdiyi qərar, bir ailənin göstərdiyi humanizm illərlə nurdan məhrum qalan gözlərə yenidən işıq bəxş edə bilər.
1984-cü il təvəllüdlü Məmmədova Qızyetərin gözlərində təxminən 15 il əvvəl ciddi problemlər yaranıb. Görmə qabiliyyəti getdikcə zəifləyib və zamanla dünya onun üçün demək olar ki, qaranlığa qərq olub. Həkimlərin qoyduğu diaqnoz qəti olub: buynuz qişa köçürülməsi zəruridir. Lakin həmin illərdə bu əməliyyat üçün tələb olunan buynuz qişa yalnız xaricdən gətirilirdi və bu da ailənin maddi imkanları üçün əlçatmaz idi.
Beləcə, Qızyetər 15 il görmə məhdudiyyəti ilə yaşamaq məcburiyyətində qalıb. Günbəgün həyat daha da çətinləşib. Gündəlik ev işlərini belə həyat yoldaşı – Əmrah bəyin köməkliyi olmadan görə bilməyib. Görməmək təkcə qaranlıq deyil, həm də təhlükə demək idi. Bir dəfə axşam saatlarında yol gedərkən yıxılıb, qolunu sındırıb.
Ümid isə illər sonra gəlib. 2022-ci ildə Azərbaycan qanunvericiliyində meyit donordan orqan və toxumaların götürülməsinə icazə verən qanunun qüvvəyə mindiyini eşidən Qızyetər Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edib. O, qeydiyyata alınıb və gözləmə siyahısına daxil edilib.
Bir müddət sonra gözlənilən zəng gəlib:
“Növbəniz çatıb. Donor ailəsi buynuz qişa ianə edib. Müayinə üçün gələ bilərsiniz.”
Aparılan müayinələrdən sonra əməliyyat uğurla həyata keçirilib. Bütün transplantasiya əməliyyatları kimi, bu əməliyyat da dövlət hesabına icra olunub.
Həkimlər əməliyyatdan sonra Qızyetərə sakit olmağı, həyəcanlanmamağı tövsiyə etsələr də, o, gözlərini ilk dəfə açanda sevincini gizlədə bilməyib:
“İşığı görürəm… İşıq necə parlaqdır, necə şəffafdır… Görmək necə gözəl imiş!”
Bu gün Qızyetər yenidən dünyaya baxa bilir. Onun yenidən qazandığı bu işıq düzgün koordinasiyanın, donor ailəsinin yüksək humanizminin və həkim heyətinin peşəkarlığının nəticəsidir. Qızyetər və həyat yoldaşı Əmrah bəy donor ailəsini hər gün minnətdarlıqla xatırlayır, donorun ruhuna dualar oxuyurlar.
15 il dünya işığından məhrum qalan bir insana yenidən işıq bəxş etməkdən böyük xeyirxahlıq ola bilərmi? Bir insanın həyatdan sonra verdiyi qərar başqa bir insan üçün yenidən yaşamaq deməkdir. Orqan ianəsi – insanın insana buraxa biləcəyi ən qiymətli mirasdır.
Subyekt.az