![]()
Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi son müsahibə bir daha göstərdi ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində konkret və dəyişməz prinsiplər dayanır. Bu prinsiplərin başında isə Azərbaycan vətəndaşının mənafeyi, dövlətimizin möhkəmlənməsi və milli maraqların qətiyyətlə qorunması dayanır.
Dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi mövqe sadəcə nəqliyyat və logistika məsələsi deyil, regionun gələcək siyasi-iqtisadi arxitekturasını müəyyən edən strateji baxışın tərkib hissəsidir. Prezident açıq şəkildə bəyan etdi ki, bu məsələ Azərbaycanın tarixi, hüquqi və geosiyasi maraqlarına əsaslanır və bu mövqedən geri addım atmaq gündəmdə deyil.
Müsahibədə işğaldan azad edilmiş ərazilərin bərpası mövzusu da xüsusi yer tutdu. Qısa müddətdə aparılan genişmiqyaslı quruculuq və yenidənqurma işləri göstərir ki, Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənmir, eyni zamanda həmin ərazilərdə müasir, dayanıqlı və təhlükəsiz həyatın əsaslarını yaradır. Bu prosesin əsas məqsədi isə doğma yurdlarına qayıdan vətəndaşların sosial rifahının təmin olunmasıdır.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı mühüm məqamlardan biri də dövlət idarəçiliyində məsuliyyət prinsipidir. Dövlət başçısı açıq mesaj verdi: Azərbaycanda heç bir məmur toxunulmaz deyil. Vəzifə xalq üçün xidmət vasitəsidir və bu məsuliyyəti dərk etməyənlər gec-tez cavab verməli olacaqlar.
Bütün bunlar bir daha təsdiqləyir ki, bu gün Azərbaycan beynəlxalq arenada artıq mövqeyi ilə danışan, prinsipial qərarlar qəbul edən və regional proseslərə təsir göstərən güclü dövlətdir. Bu mövqe isə Prezident İlham Əliyevin illərdir ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Rövşən Hüseynli
Subyekt.az