
1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı-hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi və onların ailə üzvləri Sibirə, Orta Asiyaya və Qazaxıstana sürgün olunmuşdur. 1930-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi həbsi və məhvi ilə nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar — İ.V.Stalin və L.Beriyanın repressiya “sunamisi” bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltaraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Bu barədə son otuz ildə yetərincə tədqiqatlar aparılıb, kitablar nəşr olunub, bədii və sənədli filmlər çəkilib, bundan sonra da yəqin ki, bunlar davam etdiriləcək. Xüsusilə, 80-ci illərin sonları 90-cı illərin əvvəllərində bu müəlliflərin repressiya olunmasına dair arxiv sənədləri üzə çıxarılmış, məhvedilmə səbəblərinə aydınlıq gətirilməyə çalışılmışdır. Ancaq repressiya hadisəsinə yanaşmanın metodologiyası işlənib hazırlanmadığından hələ də sovet repressiya maşınının törətdiyi cinayətlərin müəllifi, səbəbləri qeyrimüəyyən qalır. Repressiyaya məruz qalan, güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin arasında qadınların sayı az olmayıb. Bu qadınların böyük əksəriyyəti Sovet rejimi, communist ideologiyası və mövcud quruluşa qarşı real və ciddi təhlükə yarada biləcək güc və zəka sahibləri kimi qəbul edilirdilər. Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin az öyrənilmiş bir dövrünü yeni istiqlal məfkurəsi işığında xalqa azadlıq ruhunu aşılayan repressiyaya məruz qalan yüzlərlə yazarlarımız arasında faciəli həyat sahibi Ümmügülsüm Sadıqzadənin də yeri, sönməyən ulduzu vardır. Azərbaycanlı şairə, repressiya qurbanı Ümmügülsüm Sadıqzadə Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub. O da Azərbaycan ədəbiyyatının həmişəyaşar vətən fədailərindəndir.
Həyat və yaradıcılığı
Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. O, evdə atasından ərəb və fars dilini öyrənib. 1908-ci ildən şeir yazmağa başlayıb. Şeir və hekayələri “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qurtuluş”, “Dirilik”, “Məktəb”, “Qardaş köməyi”, “Azərbaycan” və digər qəzet və jurnallarda dərc olunub. 1914-cü ildən mətbuatda hekayələri dərc olunmağa başlayır. 1915-ci ildə “Solğun çiçək” adlı hekayəsi “Qurtuluş” jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb.1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması münasibətilə “Türk ordusuna”, “Ey türk oğlu!”, “Çəkil, dəf ol!”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirlər yazıb. Aprel işğalından sonra isə işğala qarşı “Hicran”, “Bayrağım enərkən” adlı şeirlərini yazıb. “Bayrağım enərkən” şeiri 3 may 1920-ci ildə Azərbaycan bayrağının parlament binasından götürülməsi münasibətilə qələmə alınıb. Bu şeirlər 1920-1930-cu illərdə Türkiyədə, Azərbaycan siyasi mühacirləri arasında geniş yayılmış, M.Rəsulzadə mühacirətdə yazdığı əsərlərində onlardan xüsusi bəhs etmişdir. İşğaldan sonra ailəsi ilə birlikdə Xızıya köçüb. 1937-ci ildə həyat yoldaşı Seyid Hüseyn həbs edildikdən sonra Ümmügülsüm də “xalq düşməni”nin həyat yoldaşı kimi həbs olunaraq Bayıl həbsxanasına aparılır. Mənzilində axtarış aparılır, əmlakı isə müsadirə olunur. Həbsindən sonra əsərləri qadağan edilir. Bayıl həbsxanasında olduğu dövrdə “Qala xatirələrim” adlı xatirat yazıb. Bir neçə ay Bayıl həbsxanasında saxlanıldıqdan sonra 8 il həbs cəzasına məhkum edilərək, Mordva vilayətində yerləşən Temlaq islah əmək düşərgəsinə göndərilib. 1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraхılmasını istəyib. 1944-cü ilin aprel ayında həbsdən azad olunur. Bir neçə gün Bakıda yaşadıqdan sonra ona Bakıda yaşamağa icazə verilmir. Buna görə də o, Şamaxıya köçür. Burada bir neçə ay yaşadıqdan sonra 1944-cü il sentyabrın 17-də 45 yaşında Şamaxıda vəfat edib. Şaxəndan qəbiristanlığında dəfn edilib.
Ailəsi
Müsavat partiyasının qurucularından olan MəhəmmədəliRəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub. 1916-cı ildə Tağıyev teatrında C.Məmmədquluzadənin “Ölülər” pyesinin ilk təqdimatında yazıçı Seyid Hüseynlə tanış olub. Daha sonra 1920-ci ildə onunla ailə qurub. Bu evlilikdən bir qızı 3 oğlu dünyaya gəlib. Qızı Qumral Sadıqzadə yazıçı, oğulları Oqtay və Toğrul isə rəssam olublar. Oqtay Sadıqzadə Azərbaycan Respublikasının xalq rəssamıdır. Kiçik oğlu Çığatay isə fəhlə batalyonunda xidmət edərkən ağır katorqa işləri nəticəsində vərəm xəstəliyinə tutularaq, 24 yaşında vəfat edib.
Xatirəsi
Qızı Qumral Sadıqzadə atası Seyid Hüseynə həsr olunmuş “Son mənzili Xəzər oldu” romanının 2 ci hissəsində Ümmügülsümdən də geniş bəhs edib. 2022-ci il dekabrın 18-də “Bakı” Rəsm Qalereyasında Ümgülsüm Sadıqzadənin xatirəsinə həsr olunmuş “Çəmən ayrısı” adlı sərgi açılıb. 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında “Kod adı: “V. X. A.”” və ya Kod adı “Vətən xainlərinin arvadları” tamaşasının premyerası olub. Tamaşada Ümmügülsüm Sadıqzadənin faciəli həyatına da yer verilib.
Düşmənlərindən güclü şəxsiyyət – Ümmügülsüm
Gənc ailə artıq əsməkdə olan repressiya rüzgarını hiss edirdi. Onların oğlu Xalq rəssamı Oqtay Sadıqzadə xatirələrində qeyd edirdi ki, biz hər gün qapının döyüləcəyini gözləyirdik. Və o acı gün gəlib çatır. Ümgülsümün həyat yoldaşı Seyid Hüseyni 1937-ci il, iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər. Oğlu Toğrulun – “Ata, nə vaxt qayıdacaqsan” sualı cavabsız qalır. 1938-ci ilin yanvar ayında Seyid Hüseyn güllələnir. Bundan sonra növbənin Ümmügülsümə çatması şübhəsiz ki gözlənilən idi.1937-ci ilin noyabrın 2-də onu “xalq düşməninin ailəsi” kimi həbs edib Bayıl həbsxanasına salırlar. Beləcə, 37- nin 37 yaşlı repressiya qurbanı olur Ümgülsüm Sadıqzadə. Həm də ilk repressiya olunan Azərbaycan qadını…
Repressiya dalğasının günahsız “günahkarı
Ona səkkiz il iş kəsilərək 1938-ci ildə Mordova MuxtarRespublikasının Yavas qəsəbəsində Telmaq əmək islah düşərgəsinə göndərilir.O, düşərgədə olduğu müddətdə ağır sürgün günlərini yazmaqla ovunurdu. “Qala xatirələrim” beləcə yaranır. O, Mikayıl Müşfiqin sevimli Dilbəri ilə eyni düsərgədə olub, onun vəziyyətini acı ilə qələmə alıb. Ümgülsüm Sadıqzadə repressiya dalğasının günahsız “günahkarı”, ” müqəssiri” idi. Ən böyük günahı isə pantürkist damğası ilə həbs olunmuş yazıçı Seyid Hüseynin həyat yoldaşı, Məmməd Əmin Rəsulzadənin ilə yaxın qohumu olması idi.
““Ey buzlu şimaldan qopan rüzgar! Toxunma qəlbimə, atəşi parlar”- deyən bir qadını susdurmaq, cəzalandırmaq rejimin bacaracağı “ən yaxşı iş” idi. Cəza olaraq ailəsindən uzaq salınması yetməzmis kimi, artıq 1942-ci ildə 20 yaşına çatan oğlu Oqtayın “xalq düşməninin oğlu” kimi sürgün olunması ana qəlbinə daha bir dağ basdı. Oqtay sürgündən azad olunanda Ümgülsüm artıq dünyada yox idi. Kiçik oğlu Cığatay isə işçi batalyonundan xəstə qayıtmış və qısa zaman sonra vəfat etmişdir. Repressiya onların nəslindən on üç qurban aldı. On üç yaşanmamış, yarımçıq qalmış həyat… Repressiya illərinin sərt küləkləri sakitləşdi. Ölkədə siyasi vəziyyət dəyişdi, elə bir gün gəldi ki, çoxları kimi Seyid Hüseyn və Ümgülsüm xanım da bəraət aldı. Ancaq bu bəraət digər repressiya qurbanları kimi, onların da taleyini dəyişmədi…
Sürgündə olarkən ümidsizlik girdabında çırpınan bir nalə qopurdu sanki qadın qəlbindən. O nalə “Günəşim bir daha dogmayacaqmı ?” deyirdi.
Gunəşim bir daha dogmayacaqmı?
Vəhşi qaranlığı bogmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər…
Ümidini qırmamağa çalışsa da, bir qadın qəlbi sonsuzadək əzaba dözə bilmir, inciyir, sızlayır, yara bağlayır, döyünməkdən yorulur və bir gün… susur. Rəsulzadə ailəsinin tanınmış nümayəndələrindən biri də şairə Ümmügülsüm xanımdır. “Rəsulzadə Ensiklopediyası”ndakı məlumata görə novxanılı Məhəmmədrəsul Rəsulzadənin üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbər MəhəmmədəminRəsulzadənin atasıdır. Digər oğlu Əbdüləzizin üç övladı olub– Məhəmmədəli, Ümbülbanu, Ümmügülsüm. Məhəmmədəmin Rəsulzadə Əbdüləzizin – öz əmisinin böyükqızı – Ümbülbanu ilə evlənib.Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümmügülsümdür ki, onun da həyat yoldaşıyazıçı Seyid Hüseyn olub. Məhəmmədrəsulun qız övladı olan Dostuxanım isə (M.Rəsulzadənin bibisi) 1930-cu ildə vəfat edib, onun övladı olmayıb.
Ümmügülsüm xanım 1900-cü ildə Novxanıda doğulub. Gənc yaşından şeirlər yazan şairənin “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qurtuluş”, “Dirilik”, “Məktəb”, “Qardaş köməyi”, “Azərbaycan” və s. qəzet və jurnallarda əsərləri işıq üzü görüb. 1915-ci ildə şairənin “Qurtuluş” jurnalında “Solğun çiçək” hekayəsi nəşr olunub.
Ömür yarımçıq olmur
Cümhuriyyət dövründə milli dövləti tərənnüm edən şairənin “Türk ordusuna”, “Ey Türk oğlu”, “Çəkil, dəf ol”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirləri dərc olunub. Rusiyanın Azərbaycanı işğalından sonra “Hicran”, “Bayrağım enərkən” kimi şeirlərlə üsyanını bildirib. “Bayrağım enərkən” şeiri 3 may 1920-ci ildə Azərbaycan bayrağının parlament binasından götürülməsi münasibətilə qələmə alınıb. Yazıçı Seyid Hüseynlə ailə həyatı quran Ümmügülsüm ərinin həbsindən sonra özü də repressiyaya məruz qalıb. Onun həbsi ilə bağlı qərarda yazılıb: “00486 nömrəli əmri əldə rəhbər tutaraq vətən xaininin arvadı kimi Sadıqova Ümmügülsüm Əbdüləziz qızı həbs edilsin və Bakı şəhərində gözətçi nəzarəti altında ümumi həbsxanada saxlanılsın. Mənzilində axtarış aparılsın, silah, qiymətli əşyalar və əksinqilabi ədəbiyyat götürülsün. Qalan əmlakı müsadirə edilsin və dövlət hesabına köçürülsün”.
Hazırlanmış bu arayışdan sonra 1 noyabr 1937-ci ildə AzSSR XDİK DTİ-nin 8-ci şöbəsinin inspektoru Kolçinin imzası ilə SSRİ MİK-in 4 iyul 1934-cü ildə qəbul olunmuş sənədinə əsasən, Sadıqov Seyid Hüseyn Mirkazım oğlunun həyat yoldaşı olduğuna görə Sadıqova Ümmügülsüm Əbdüləziz qızının həbs edilməsi barədə qərar qəbul edildi. Qərarı noyabrın 1-də Az.SSR XDİK müavini DT mayoru Borşov təsdiq etdi. Həmin qərar 4 dekabr 1937-ci ildə Sadıqova Ümgülsümə elan edildi. 2 noyabr 1937-ci ildə Sadıqova Ümgülsümün yaşadığı Zamkovski döngəsi, 74 nömrəli evdə axtarış aparıldı. Lakin evdə XDİK əməkdaşlarının marağını cəlb edən bir şey tapılmadı”. Bayıl türməsinə gətirilən Ümmügülsüm 8 il həbs cəzasına məhkum edilərək, 1938-ci ildə Temlaq əmək islah düşərgəsinə göndərilib. Həbs dövrü ilə bağlı “Qala xatirələrim” və məktubları yadigar qalıb. 1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraхılmasını istəyib. 1944-cü ildə buraxılan şairəyə Şamaxıda yaşamağa icazə verilib. 17 sentyabr 1944-cü ildə Şamaxıda vəfat edib. Ümmügülsüm xanım haqqında 2005-ci ildə Aydın Hüseynzadənin geniş həcmli kitabı işıq üzü görüb, onun həbsi ilə bağlı yuxarıda verdiyimiz bilgi də həmin əsərdəndir. İstər həyatı, istərsə də yaradıcılığı tədqiqatçılar üçün maraqlı olan Ümmügülsüm xanım haqqında davamlı araşdırmalara ehtiyac var. Bir neçə il öncə mühacir şair Almas İldırımın Türkiyədə “Özleyiş” jurnalında onun haqqında yazdığı məqaləni ilk dəfə olaraq ictimaiyyətə təqdim etmişdik. Bu dəfə isə Türkiyənin “Ulus” qəzetində Ümmügülsümün bir şeirinin çapı barədə olan yazını təqdim edirik. Bu kiçik həcmli yazının Ümmügülsüm xanımın araşdırıcıları üçün maraq doğuracağı qənaətindəyik. Bu yazı çıxdığında şairə xanım bir il idi ki vəfat etmişdi. Türkiyənin “Ulus” qəzetinin 23 dekabr 1945-ci il tarixli sayında “T.İ” imzası ilə “Bir kəlmə, bir qoşma” başlıqlı yazı dərc olunub. Yazıda Ümmügülsüm xanımın yazdığı şeirdəki “soraq” kəlməsi müzakirə olunub. Həmin yazını olduğu kimi təqdim edirik:
Bir kəlmə, bir qoşma .Qəzetçilikdə böyük ustadımız mərhum Əhməd Rasimin nəvəsi Osman Nihat Akın rəsmi işlərinin xaricində ədəbiyyat və şeirlə də məşğul olan yoldaşımızdır. Onunla zaman-zaman məktublaşır, görüşürük. Mənim özünəməxsus bir kolleksiyam vardır. Osman Nihat dədəsinin məşhur gözlüyünü də kolleksiyama ərməğan edib. Ustadın nəvəsindən əvvəlki gün bir məktub gəldi. Bu zərif məktuba bir də mənzuma əlavə edilmişdi. Osman Nihat bu qoşmada keçən “soraq” kəlməsinin (mübahisə etdiyi üçün) mənasını məndən soruşurdu. Məktubda yazılmışdı: “…
Azərbaycanlı Ümmügülsüm adlı bir qadın tərəfindən yazıldığı rəvayət edilən bu qoşmadakı “soraq” kəlməsi üzərində ilişib qaldım. Çıxdım ki yollardan alayım soraq Dediyinə baxarsaq, “soraq” burada ya “cavab”, yaxud da “xəbər” mənasına gəlməkdədir. Əgər “sormaq” məsdərindən gələn “soraq” sual yerinə işlənilirsə, şair bunu işlədə bilməmişsə bu bizim daha çox işimizə yarar və bundan belə “soraq” kəlməsini zənn edirəm ki, dilimizdə çox yaxşı işlədə bilərik. Məsələn: “Sorağım neçə vaxtdır qarşılıqsız qalmışdır” cümləsi mənə “sualım çox vaxtdan bəri cavabsız qalmışdır” mənasını verə bilər…”
Bir solğun çiçəyəm, bir sarı yarpaq,
Candan şikayətkar, canandan iraq.
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər.
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara yatdım, geymədim əlvan.
Düşünüb o yıldız gözləri hər an,
Ardınca qoşarkən, varma dedilər.
Könül şəkvəsini kimə söyləsin?
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən, sənsiz ömrü neyləsin?
Adı istiqlalımızla qoşa çəkilən Rəsulzadələr ocağında doğulan, aylı-ulduzlu bayrağına tapınan, türklüyü ilə qürur duyan, sözü qılıncdan kəsərli, özü hələ yazılmayan şeirlərin ən gözəli, duyğuları çiçəklərin ləçəyindən incə şair Ümgülsüm xanım haqqında danışmaq özü də olduqca ağrılıdır. O, ən çətin məqamda-NKVD-nin zəhmi dağlar yaran zirzəmilərində belə heç kəsin üzünə durmağı özün sığışdırmayan, dünyadan kişi kimi köçən, mərdliyi ilə əbədi ömür qazanan yazıçı Seyid Hüseynin həyat yoldaşıdır. O,Azərbaycanın istiqlalını tərənnüm edən, Cümhuriyyətin süqutundan sonra sovet rejiminə etiraz eləyən, nifrətini gizləməyən, 37-ci ildə repressiyaya uğrayan yeganə xanımşairimizdir.
Ədəb-ərkanı, incə əl işləriylə xanımlığa, həyat yoldaşına sədaqətiylə qadınlığa, övladlarına olan sevgisiylə analığa şərəf gətirən, şeirləri, hekayə və məktublarındakı düşüncələri, misraları, sətirləriylə heyrət və qibtə doğuran bənzərsiz, təkrarsız bir söz adamıdır. Tanrı ona o qədər yüksək keyfiyyətlər vermişdi ki, əgər bəxt də versəydi, bəlkə başqalarına qarşı ədalətsizlik eləmiş olardı… Ədalətin bu cür tənzimləndiyi bu Yer üzündə Ümgülsüm kimi şairin taleyi elə belə də olmalıydı…”Necə?” sualının cavabını o, özü verəcək-məktubları, şeirləri, yadigar yazılarıyla… Onları oxuduqca qəlbinizdə Ümgülsüm xanıma sevgi, ehtiram və heyrətdən yoğrulmuş bir heykəl ucalacaq. Mən saralib-sollam qərib ellərdə Ədəbiyyat Arxivi, onunla bağlı sənədlər… Kağız qovluqlarda şəkillər, məktublar… Burda həyatda olduğu kimi onları – Seyid Hüseynlə Ümgülsümü bir-birindən ayırmadıqları, hər ikisiylə bağlı sənədləri eyni fondda saxlanır. Bunca ayrılıqlardan, həsrətdən, zülümlərdən, gözləntilərdən, ölümlərdən sonra vüsala bax, qovuşmağa bax… Bu, əslində onun alın yazısıydı… 14 yaşında ədəbiyyata gələn qızcığaz öz ilk yazılarıyla sanki öz tale yolunu cızmışdı…
Ümgülsümün ilk yazısı 1914-cü ildə “Dirilik” jurnalında çapedilən “Vətən sevgisi” idi. Novxanı bağlarında bir gecəlik duyğularının ifadəsi olan, amma hər sətri, hər cümləsi adamın ürəyini didən “Vətən sevgisi”… “Bu bağların gözəlliyini deyil, yıxıq, dağınıq, köhnə daxmalarını belə sevirəm: şimal yelinin güclü zərbələri ilə yandırdığı, qurutduğu, əzdiyi çılpaq ağaclarını xoşlayıram. Mən buranı vətən məhəbbəti ilə sevirəm. Bəlli bir işdir ki, ananın gözəli ilə çirkinində əsla təfavüt olmaz. İkisi də öz övladı üçün əziz və möhtərəmdir. Bunun üçün də mən buranın gözəlliklərini də, xarabalıqlarını da sevirəm”.
Necə gözəl ifadə eləyib duyğularını. Hər kəlməsi oxucuda bircə anlıq tərəddüdə belə imkan verməyən gerçək vətən sevginin təsdiqidi. “Qəlbimdə yeganə bir eşq, məhəbbət vardı… Əcaba bu eşq kimə və nəyə idi… Gözəlliklərəmi? Yaxud insanlaramı?… Xayır… Mən gözəllikləri də, babalarımı, qardaşlarımı, bacılarımı da doğan vətənimə aşiq və məftun idim”.
Ümgülsüm həyatında iki dəfə böyük eşq yaşadı. Biri vətənin, o biri yazıçı Seyid Hüseynin adıyla bağlı oldu. Hər iki sevdası illər sonrası onu məhvə aparıb, həyatını cəhənnəmə çevirdi, əzablara düçar eləyib, ölümə sürüklədi. Yazıçı Seyid Hüseynlə gənc şair Ümgülsüm bütün Azərbaycan tarixi, eləcə də Rəsulzadələr ailəsi üçün uğursuzluq gətirən 1920-ci ildə evləndilər. Ondan 3 il əvvəl Ümgülsüm Nargin əsirlərinin dilindən hər kəsin daha çox “Dərdli nəğmə” kimi tanıdığı “Turan tütəyi” şeirini yazmışdı. Düz 17 il sonra Ümgülsüm xanımın həyat yoldaşı Seyid Hüseyni həmin Nargin adasında “xalq düşməni” damğası ilə güllələdilər, onun özünü isə “xalq düşməni”nin ailəsi kimi sürgünə göndərdilər… Bu şeir sanki illər öncə onların başına gələcəkləri, onların qəmli həyat hekayəsinin misra-misra anlatmaq üçün yazılmışdı. Seyid Hüseynlə Ümgülsümün bütün övladları vaxtilə 15 yaşlı qızın bəlkə də fəhmlə qələmə aldığı “Solğun çiçək” yazısındakı cocuğun taleyini yaşadı… “Öksüz qızcığaz bütün günlərini, saatlarını, bəlkə dəqiqələrini böylə anasının xıyalı ilə məşğul.
– Ah!… anacığım! Gedib də məni kimlərin ümidinə buraxdın. Atamınmı? O da on bir aydan bəri qara torpaların ağuşnda yatıyor. Barı məni də özünlə bərabər aparaydın. Tamam, qızlar geyinər, oynar və gülərlər. Anaları onları alqışlar. Bir az pozğun durarlarsa anaları oxşar və öpər. Lakin mənim üçün heç birisi yox!.. Yoldaşlarım “ana!” – deyə səslənirlər, mənim ana deyəcəyim bir kimsə yox. Ah, nə qədər gözəl olardı mənim də atam-anam olaydı. Əvət, günə günlük həyatı verən günəş üful edincə həzin bir qürub mənzərəsi təşkil ediyor. Bir ananın ölümü dəxi o qürub qədər həzin, öksüz bir cocuq buraxmış. Hava məzhun-cocuq məzhun!” Bu kədərli duyğuları qələmə aldığı zaman necə qüssə içində olduğunu anlayıram. Çünki Ümgülsüm özü də çox kiçikyaşlarında anasız qalmışdı və bu yazıdakı qızcığaz bəlkə də elə onun özüydü. Ən kədərlisi isə odu ki, anasız böyüyən Ümgülsümün öz övladları da həmin taleyi yaşadı. İllər sonra Ümgülsüm anasız övladla mövzusuna yenidən qayıdası oldu. Amma yazıçı kimi yox, ana kimi… Bayıl həbsxanasında sürgünə göndəriləcəyi günü gözləyən məhbus kimi… “Günəşin şüası mənim də üstümə düşmüşdür, üzüm yanır. Yəqin ki, indi Toğrul və Qumral da günəş altında oynayırlar. Yanaqları qıpqırmızı qızarmışdır. Əgər indi onların üzlərindən öpən olsa, üzlərinin od kimi yandığını dodaqları ilə hiss edər. Fəqət, indi onların üzlərindən öpən kimdir?” Bu, onun məhbəs həyatının bəzi məqamlarını yazıb övladlarına ötürə bildiyi “Qala xatirələrim” adlı dəftərindən sətirlərdi. Heyflər olsun ki, Ümgülsüm taleyin ona yaşatdığı amansız anasızlıq ağrısını da övladlarına ötürəsi oldu… Bunun da kədərli olduğu qədər də şərəfli bir tarixçəsi var. Ümgülsüm soy-kökünə bağlı, minilliklərdən soraq verən tarixiylə, keçmişiylə qürur duyan və bu tarixi gələcəyə ötürməyə çalışan türk xatunudur. Türkün bayrağını göylərin və yer üzünün ən gözəl bəzəyi bilən şair “Səs verəlim” şeirində öz dövrünün xanımlarına tarix boyu at belində, öz ərinin, xaqanının yanında, döyüş meydanında olduğu zamanları xatırladır.
Dəyərlidir ehtiyacı millətin,
Yaradıcısı bizik, istiqbalına
Yüksəldəlim bayrağını türklüyün,
Şan verəlim qafqaslılıq namına.
Türklük deyil, biz türklüyün özüyük,
Millətimiz bizim ilə canlanır.
Qazanalım, Fateh xanın qızıyıq,
Türklük adı fütuhatla şanlanır.
Səslənməli, varlığımız bilinsin,
Türk oğlunu yadlar öksüz sanmasın,
Güc verəlim, qüvvətimiz görünsün,
Qız, gəlinlik həyansız kibi qalmasın.
“Türklük deyil, biz türklüyün özüyük”, “Qazanalım, Fateh xanın qızıyıq” deyən şairin arzularını 1918-ci ildə doğmalarının fədakarlığı bahasına qurulan Cümhuriyyətin Parlamentində gerçəkləşdi. Şərqdə qadına ilk dəfə seçki hüququ məhz Azərbaycanda, Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətdə verildi. Bu qərarın Ümgülsüm xanımı nə qədər xoşbəxt elədiyini təsəvvür eləmək elə də çətin deyil… Heyflər olsun ki, bu xoşbəxtliyin ömrü uzun sürmədi…
Cümhuriyyətin sovet işğalıyla süquta uğradığı zaman Ümgülsümü ən çox ağrıdan, inlədən məsələlərdən biri yenə də türklüyümüzlə, ayrı salınan, pərən-pərən düşürülən türk elləri ilə bağlı idi. Hələ 1917-ci ildə “Turan düdüyü şeirindəki “Sönmüşmüdür əcəb türkün ocağı, Anadolu nerdə, Turan nerədə?” misralarıyla haray çəkən Ümgülsümün 1920-ci ildə yazdığı “Bayrağım enərkən” şeirindəki “Bağlandımı üzünə türk elinin qapısı?” sualı əslində, sual deyil, bütün bu suallara ən doğru, dəqiq, kədərli və ağrılı bir cavabdı…Ümgülsüm istiqlalımızla, bayrağımızla qürur duyan və bu dəyərləri sözə çevirən xanımdır. Hər kişinin cəsarət edib deyə bilmədiklərini bu zərif olduğu qədər də üsyankar qadın bütün sərtliyi ilə ifadə edib. Bu mənada o, qardaşı Məmmədəli, əmisi oğlu Məhəmməd Əminlə birgə istiqlal mübarizəsinin önündə gedənlərdən biri sayıla bilər. Zamansa o zaman idi ki, istiqlal sevdasilə yaşayanlar üçün ölümdən, sürgündən, qürbətdən başqa yol görünmürdü. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə ucaltdığı bayrağın könüllərə endiyi məqam bir tarixi sənədlərdə, bir də Ümgülsümün şeirində öz həzin kədəri, orman yanğınları kimi qarşısıalınmaz nifrətiylə yaşamaqdadı…
Sən Bayrağım! O yüksək şanlarınla enərkən,
Mavi göyə bir duman gəldiyini sezdim mən.
Qoynundakı ağ nurlu ay-yıldızım sönərkən
Üzərimə doğacaq günəşlərdən bezdim mən.
Al-yaşıllı bağında çiçəklərin solurkən
Sən enərkən ruhumdan bir inilti yüksəldi.
Hıçqırıqlar içində düşüyorkən, ölürkən
Məni tutub qaldıran xain, murdar bir əldi.
Yazıq səni, Bayrağım, endirdilər, eyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar.
O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim həpisi?
Ürəklərə həp ölüm qorxuları çökdümü?
Yurdumuza ədalət…döndümü?
Bağlandımı üzünə türk elinin qapısı?
Aman, mənim bu yanıq fəryadımı dinləmə,
O əməlin, o parlaq ümidlərin sönməzdir.
Dönük üzlü fələkdən heç şikayət eyləmə,
Haqqın qolu bükülməz, doğru üzü dönməzdir.
Tufan olsa yenə də, uca dağlar aşamaz,
Bir qaplanın dişləri, bir arslanın dırnağı,
Bir zalımın zülm əli, haqq çeynəyən ayağı,
Bir caninin qılıncı həşrə qədər yaşamaz.
Bu şeir zərif vücudlu bir qadının böyük bir imperiyaya, mənəvi dəyərləri ayaq altına alıb əzən quruluşa qarşı təkbaşına üsyanı idi… Repressiya maşınının işə düşdüyü zaman sovet rejiminin başında dayananları “O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar” adlandıran şairin üzünə açılan yalnız həbsxana qapıları ola bilərdi. İstiqlal şairi Umgülsüm Sadıqzadə Qumral Sadıqzadə – Yazıçı. Bu adı Qumral xanım çox gec qazandı. Ancaq qazandı. 1929-cu ildə anadan olub. Altmış yaşından sonra 90-cı ildə birdən-birə tarixi publisist əsərini – “Son mənzili dəniz oldu”, “Mənim nakam qardaşım” üçcildlik trilogiyasını, povest və çoxsaylı hekayələrini ortaya qoydu və bu əsərləri ilə oxucuların sevimli yazıçısına çevrildi. Qumral xanımın bir neçə kitabı, eləcə də, “Son mənzili dəniz oldu” ikicildli kitabı da oxucular tərəfindən rəğbətlə qarşılandı, oxundu. 1980-ci ilin axırlarında əsərin nəşriyyatda çapı üçün rəyə tənqidçi-professor Akif Hüseynliyə vermişdilər. İlk dəfəydi belə bir müəllifin adı ilə rastlaşırdıq. Əsəri heyranlıqla oxuduq. Akif Hüseynli romana gözəl bir rəy yazdı. Əsər tez bir zamanda çap olundu. Bu əsərlə Qumral xanım özünü ahıl yaşında istedadlı bir yazıçı kimi təsdiqlədi. Çox keçmədi “Son mənzili dəniz oldu” əsərinin davamı kimi “Mənim nakam qardaşım” romanını yazdı. Qumral xanım həmin əsərin nəşrindən sonra bir nüsxəsini Akif müəllimə göndərdi. Müəllif kitabın titul səhifəsində yazmışdı. “Hörmətli Akif müəllim! Səksəninci ilin axırında, birinci kitabımın əlyazmasına müsbət rəy verməklə siz məni bir yazıçı kimi qəbul etmiş, bununla məni hədsiz dərəcədə sevindirdiniz və yenə də yazmağa həvəsləndirdiniz. Xahiş edirəm mümkünsə, bu kitabı da oxuyub telefonla rəyinizi bildirəsiniz. Sizə uğurlar arzulayıram. Q.Sadıqzadə. 4 aprel 2005-ci il”. Qumral xanım kitabda ev telefonunun nömrəsini də yazmışdı. Mən kitabı oxuyub Qumral xanıma zəng etdim və onu təbrik etdim. Ancaq çox istəyirdim, onun özünü görüm. Bir neçə dəfə hazırlaşdım ki, evinə gedim, alınmadı. Görünür, qismət deyilmiş və bir dəfə eşitdim ki, dünyasını dəyişib. Çox mütəəssir oldum. Müəllif bədii memuar kimi yazdığı bu romanında iki görkəmli şəxsin – valideynlərinin – yazıçı-publisist Seyid Hüseynlə istiqlal şairəsi Ümmügülsümün keçdiyi ömür yolunu, faciəli həyatını qələmə almışdır. Bu əsər keçən əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və süqutu, erməni-müsəlman davası, 37-ci ilinrepressiyasında haqsız yerə həbs olunan, güllələnən, sürgün olunan insanların taleyini göstərmək baxımından çox qiymətlidir. Əsərdə biz əsas obrazlarla – Seyid Hüseynlə,onun həyat yoldaşı Ümmügülsümlə tanış oluruq. Həmin Ümmügülsüm ki, kiçik yaşlarından gözəl lirik şeirlərilə, qəzəllərilə, hekayələrilə tez-tez mətbuatda çıxış edərdi, həmin Ümmügülsüm ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəsarətlə, qorxmadan bu şeiri yazmışdı.
Sən bayrağım! O yüksək şanlarınla enərkən,
Mavi göyə bir duman gəldiyini sezdim mən
Qoynundakı ağ nurlu ay-yıldızın sönərkən,
Üzərimə doğacaq günəşlərdən bezdim mən…
Ey buzlu şimaldan qopan ruzigar
Qumral Sadıqzadə ta uşaqlıqdan ailələrinin keçmişi ilə maraqlanar, yaxın qohumlarının söhbətlərinə maraqla qulaq asardı. Özü bu haqda kitabının ön sözündə yazmışdı. “Mən nağıllarla o qədər də maraqlanmazdım. Bibimin və nənəm Xırdaxanımın ötən gün olmuş hadisələr barədə söhbətlərini dinləməyi xoşlardım. On-on iki yaşım olanda artıq Seyid Sadıq nəslinin (müəllifin babası) bütün nümayəndələri haqqında məlumatım vardı. Kimlərlə nə dərəcədə qohumluq əlaqəmiz olduğundan, qohumlar arasında baş verən bir sıra hadisələrdən xəbərdardım”. Beləliklə, müəllif uşaqkən qohumlarının söhbətlərini yaddaşına həkk edərək kitabının birinci hissəsində atasının nəslinin tarixindən başlayaraq 1920-ci ilədək – Azərbaycanda Sovet hakimiyyəti qurulanadək olan dövrünü yazmağa başlayır. Burda müəllif ata nəslinin keçmişini verməklə yanaşı, həm də XX əsrin əvvəllərində baş verən hadisələrdən, o dövrdə yazıb yaradan yazıçı və ziyalıların fəaliyyətindən, məskunlaşdıqları İçərişəhərin təsvirindən, insanların yaşayış tərzindən, adətənənələrdən, məişətindən də söz açır. Romanın ikinci hissəsində isə S.Hüseynin inqilabdan sonrakı ictimai-siyasi fəaliyyəti ön plana çəkilir. Müəllif ikihissəli “Son mənzilim dəniz oldu” romanından sonra həmin əsərin davamı kimi “Mənim nakam qardaşım” əsərini yazdı. Bu kitabı müəllif qardaşına həsr etmişdir. Əsərdə böyük istedad sahibi, zəhmətkeş, mübariz, bir neçə dil bilən, kövrək şeirlər yazan, ana-ata həsrətiylə qovrulan, başına gələn ədalətsizliklər nəticəsində ağır xəstəliyə tutulan Seyid Hüseynin ortancıl oğlu Cığatayın həyatından və vaxtsız ölümündən bəhs edilir. Akademik Nizami Cəfərov “Mənim nakam qardaşım” romanına yazdığı məqaləsində deyir:
“Əsərdən hiss olunur ki, müəllif əsas diqqəti vaxtsız vəfat etmiş qardaşına yönəltmək istəmişdir. Qeyri-adi xarakterə, fitri istedada malik olan bu azyaşlı gənc həqiqətən diqqətəlayiqdir. O, hələ beşinci, altıncı siniflərdə oxuduğu zamandan məktəbdə keçdiyi rus və alman dillərindən başqa, fransız və latın dilini sərbəst surətdə özü öyrənir, fizika, riyaziyyat, astronomiya, fəlsəfə, ədəbiyyatla maraqlanır, şeir, hekayələr yazır, rus dilindən tərcümələr edirmiş”. Cığatayda olan bu fitri istedad valideynlərindən keçmişdir desək, yanılmarıq. Çünki Seyid Hüseyn də, Ümmügülsüm də böyük istedada malik idilər. Kiçik yaşlarından qəzəllər yazan Ümmügülsüm qələmini nəsrdə də sınayardı. Yazdığı kövrək, romantik şeir və hekayələrini “Açıq söz”, “Qurtuluş”, “İqbal”, “Azərbaycan”, “Məktəb” jurnal və qəzetlərində çap etdirərdi. Qadın yazıçılarımızın yaradıcılığı haqda yazarkən “Azərbaycanın ilk qadın yazıçısı kim olub?” sualı məni həmişə düşündürürdü. Arxivdə işlərkən keçən əsrin əvvəllərində mətbuatda bir neçə maarifpərvər, ziyalı qadınlarımızın adına rast gəldim – Şəfiqə Əfəndiyeva, Asya Nərimanova, Səkinə Axundzadə və Ümmügülsüm Rəsulzadə. Şəfiqə Əfəndiyeva ilə Asya Nərimanova publicist məqalələri, Səkinə Axundzadənin isə nəzmlə yazdığı bir dram əsəri rastıma çıxdı. Belə çıxır ki, Azərbaycanda ilkqadın yazıçısı elə Ümmügülsüm Sadıqzadə olub. 1915-ci ildə “Qurtuluş” jurnalında “Solğun çiçək” hekayəsi ilə nasir qadın adını qazanan lirik şeirlər, qəzəllər müəllifi istiqlal şairəsi Ümmügülsüm. Həm də bu hekayə “Qurtuluş” jurnalında təşkil olunan müsabiqədə birinci yerlərdən birini tutub və müəllif M.Ə.Sabirin “Hophopnamə” kitabı ilə mükafatlandırılıb. Ölməz dramaturq C.Cabbarlı ilə birgə. Seyid Hüseynlə Ümmügülsümün tanışlığına səbəb də elə bu hekayə olub. Ümmügülsümün şeirlərini, hekayələrini, mətbu səhifələrində izləyən böyük ədibimiz Seyid Hüseyn bu şairə qızla maraqlanır və dostu Hüseyn Cavid vasitəsilə əvvəlcə ailəsi, sonra isə özü ilə tanış olur. Məlum olur ki, bu şairə qız Məmməd Əmin Rəsulzadənin əmisi qızı, həm də baldızıdır. Ədəbi mühit hər iki gəncin tale yolunu birləşdirir. S.Hüseynin ailəsi Ümmügülsüm üçün elçiliyə gedirlər. Ümmügülsümün elçiliyində ölməz sənətkarımız H.Cavid də iştirak edir. Nişanlanırlar. Ancaq onların bir-birlərinə qovuşmağı uzun çəkir. 1918-ci ildə erməni daşnaklarıyla bolşeviklərin Azərbaycanda törətdikləri vəhşiliklərə və Bakı qırğınına görə Seyid Hüseynlə Ümmügülsüm bir-birindən müvəqqəti ayrılırlar. S.Hüseynin ailəsi İrana, Ümmügülsümgilsə Novxanı kəndinə sığınırlar. Türk qoşunlarının Bakıya gəlişindən sonra bu qanlı soyqırım yatızdırılır. Nəhayət ki, bir-birlərini sevən iki gənc, S.Hüseynlə Ümmügülsüm evlənirlər. Onların bir müddət həyatları (S.Hüseyn 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra iki dəfə həbs olunub buraxılsa da) sakit və asudəliklə keçir. Övladları dünyaya gəlir. S.Hüseyn tənqidçiliklə, maarifçiliklə məşğul olur, bədii nəsr əsərləri yazır. Ailə qayğısı başını qatsa da, Ümmügülsüm də fürsət tapdıqca şeirlər yazır. Müəllif “Son mənzili dəniz oldu” romanında həmin o qanlıqadalı illəri, həbs olunan, sürgün edilən, güllələnən müsavatçıları, onların tərəfdarlarının talelərini göstərməklə bərabər, valideynlərinin də o vaxtlar yeni quruluşa nifrətlərini əks etdirmişdi. Vətənini, millətini sevən və ürəyi həmişə vətən üçün döyünən narahatlıq içərisində çırpınan Ümmügülsümün yazdığı şeirlərindən də bunu görmək olar.
Ey buzlu şimaldan qopan ruzigar
Toxunma qəlbimə, atəşi parlar.
Sakin, gəlmə, səni nəfəsim boğar,
Dəf ol, vətənimdə görməm səni!
Müəllif valideynlərinin həyatından yazarkən dəqiq faktlara istinad edir. Kitabın ikinci hissəsini qələmə alarkən Seyid Hüseynlə Ümmügülsümün son on yeddi ilini yaddaşlarda yaşanan, xatirələrdə qalan, yaşlıların, vaxtilə onların ailələrini yaxından tanıyanların söhbətləri, eləcə də rəsmi sənədlər, faktlar müəllifin köməyinə çatır. Əsər İçərişəhərdə ortabab bir ailədə yaşayan Seyid Hüseynin ailəsindəki faciə ilə başlayır. Balaca Hüseynin atası Mirkazım dənizkənarı küçədə gəzərkən hürküb vəhşicəsinə qaçan konka atlarını saxlamaq istəyəndə onların ayaqları altına yıxılıb əzilir. Mirkazımı evə gətirirlər. Çox əzildiyi üçün iki saatdan sonra dünyasını dəyişir. Bu əsəri oxuyarkən oğul itkisinin ağrısını çəkən xeyirxah, nəcib Allah adamı baba Seyid Sadıqın, nənə Mehinbanunun atasız qalan nəvələrinə olan məhəbbəti, qayğısı bizi riqqətə gətirir. Sonra əsərdə biz Rübabə, Səyyarə, Məxvirət, Nisə, Səriyyə kimi qayğıkeş, nəcib, hər cür əzaba dözən obrazlarla, eyni zamanda Seyid Hüseynin qardaşı, dövrünün ən tanınmış şəxsiyyəti, Dövlət teatrının aktyoru, meyxana ustası Mirpaşanın həyat və fəaliyyəti ilə də tanış oluruq. Təəssüf ki, Mirpaşa erməni qəsdinin qurbanına çevrilir. Otuz yeddinci ilin faciəsi yaxınlaşır. Tutatut başlanır. Seyid Hüseynin dostları Hüseyn Cavid, Müşfiq həbs edilib. Növbə onundur. Bir gün xalq düşməni kimi onu da həbs edirlər. Çox keçmir ki, Ümmügülsüm də Bayıl türməsinə salınır və bir neçə aydan sonra Qazaxıstanın Mordva vilayətinə sürgün edilir.
Mən “Qürbətə aparan qatar” povestinin qəhrəmanı, 37-ci ilin repressiyasında həbs olunan Əfruz Əlibəyli ilə görüşəndə o mənə Bayıl türməsində Əhməd Cavadın həyat yoldaşıŞükriyyə və Ümmügülsümlə bir kamerada havasız, çirkli, darısqal, dözülməz şəraitdə qaldığından danışmışdı. Mən həmin sənədli povestimdə bu üsyankar şairə Ümmügülsümdən də yazmışdım. Ancaq onun sonrakı taleyindən xəbərsiz idim. Əfruz xanımdan bu haqda soruşanda o, sürgündən qayıtdıqdan sonra Qazaxda yaşadığı üçün bu talesiz şairə barədə heç nə deyə bilmədi. Həm də qadınları Qazaxıstana sürgün edərkən Ümmügülsümü onlardan ayırıb Mordva, Əfruz və Şükriyyəni isə birlikdə Axmolinsk vilayətində düşürmüşdülər. Yeddi illik sürgün həyatı, vətən, övlad həsrəti, ağır iş rejimi bu şairə qadının omrünü yarıda qoyur. Ümmügülsüm vətənə qayıtsa da, doğmalarına qovuşsa da Bakıda öz doğma evində yaşamağa icazə verilmir və o, Şamaxıda məskunlaşır. Cəmi dördcə ay ömür sürür. Qızı Qumralın gözü qarşısında dünyasını dəyişir. Qəlbi vətən üçün döyünən, bala həsrətilə yaşayan, ər yolu gözləyən Azərbaycanın bu istedadlı şairəsini – Ümmügülsüm Sadıqzadəni qonşular Şamaxı qəbiristanlığında dəfn edirlər. Onun ölümü müharibənin ağır illərinə düşdüyü üçün qəbrini neçə illər keçsə də tapmaq olmurdu. Ancaq gec də olsa tapıldı. Bu haqda Qumral xanım yazır: “Ümmügülsümün faciəli ölümündən əlli yeddi il sonra əziz anamızın üstünü quru ot basmış, ətrafındakı daşları torpağa çökmüş məzarını, nəhayət, ziyarət etdik. Biz sevinirdik, çox gec də olsa Ümmügülsümün son mənzilini tapmaq bizim üçün böyük xoşbəxtlikdir. Atamız Seyid Hüseynin son mənzili əbədi olaraq Xəzərin dərinliklərində itib-batmışdı. Bu gün heç olmasa anamızın məzarının tapılması bizim üçün təsəllidir”. Mən üçcildlik memuar əsərdə iki böyük sənətkarın – tənqidçi, publisist, nasir Seyid Hüseynlə dövrünün istedadlı şairəsi Ümmügülsümün ədəbi mühitdəki rolunu, faciəli həyat hekayəsini izlədim. Onların dörd övladı – tanınmış rəssam Oqtay Sadıqzadənin, Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadənin, hərtərəfli biliyə malik, iyirmi dörd yaşında vaxtsız dünyasını dəyişən Cığatay Sadıqzadənin və bu romanın müəllifi, istedadlı yazıçı Qumral Sadıqzadənin, valideynlərinin həbsindən sonra onlara analıq edən Səyyarənin səmimi, nəcib keyfiyyətlərinin, haqsızlıqlara, saxtakarlığa, riyakarlığa qarşı dözümlüklərinin, insanlara olan məhəbbətlərinin şahidi oldum. Qumral Sadıqzadə çox dəyərli, sənədli romanından sonra bir-birinin ardınca oxunaqlı, maraqlı hekayələr də yazmışdı. Bu hekayələrin hər biri təhkiyə üsulu, yazılış tərzi, səmimiliyilə diqqəti cəlb edir. Müəllifin atası Seyid Hüseyn yaradıcılığa publicist məqalələri ilə başlasa da, sonra bir-birinin ardınca “Gələcəkhəyat yollarında”, “Mehriban”, “İki həyat arasında”, “Kokişinin arvadı” və s. əsərlərini yazaraq sovet quruluşunundoğurduğu dəyişikliklərdən bəhs edirsə, övladı Qumral Sadıqzadə həmin quruluşun məhvi zamanı keçid dövründə baş verən hadisələri qələmə almışdır. Böyük ədibimiz M.İbrahimov müsahibələrinin birində Seyid Hüseynin əsərlərindən danışarkən fəxrlə demişdi ki, biz hamımız S.Hüseynin yaradıcılığını izləyərdik. Həsrətlə həftənin sonunu gözləyərdik ki, onun yeni hekayəsini oxuyaq.Qumral xanımın da hekayələri oxunaqlıdır və o, müasir zamanın ictimai problemlərini, çağdaş cəmiyyətimizdə baş verən hadisələri təsvir edir. Hekayələrdə yaratdığı obrazların hər biri həyatda gördüyümüz, tanış olduğumuz, halına acıdığımız və yaxud əməllərilə fəxr etdiyimiz insanlardır. Tədqiqatçı alim Könül Nehmətova ata və övladın hekayələrində müxtəlif sosial-psixoloji aspektlərdən paralellər apararaq “Analar tək qalmasın” əsərinə yazdığı ön sözdə deyir: “Seyid Hüseynin əsərlərində yeni quruluşun doğurduğu dəyişiklik qarşısında çaşqınlıq, tərəddüd qabarıq şəkildə özünü göstərirsə, Qumral Sadıqzadənin ədəbi-bədii düşüncəsi sovet buxovlarından qurtulmuş, təfəkkürümüzün mental təbəddülatına hazırıymış kimi görünməkdədir”. Müəllifin hekayələrindəki personajların hər biri xarakter etibarilə müxtəlifdir. Bütün günü heç nəyin üstündə evdə arvadına, oğluna irad tuta-tuta deyinən Nüsrət (Deyingən) axır ki, Naziləni xəstəliyə salır və arvadı ərinin haqsız iradlarına dözməyib ondan ayrılmaq qərarına gəlir. Yaxud “Gəlinbacı paltar yuyur” hekayəsində Bilqeyis xala paltar yumağa hazırlaşırsa, onda qonşular nə krana yaxınlaşa bilər, nə də gəlinbacıya bir söz demək olardı. Həyətin sakinlərindən biri – Mədinə Bilqeyis xalanı təzə gələn qonşuya belə təqdim edir: “Özün görəcəksən. Əvvəlcə iki gün sərasər maşının taq-taqından baş-qulağımız gedir. Əvvəlcə altı dəfə yuyur, sonra bakda qaynadır, qaynadandan sonra da iki dəfə yuyur, sonra da ki, başlayır suya çəkib pak eləməyə. Bax, onda bütün həyət qalır susuz. Əşşi, bunu danışmaqla başa gəlməz”. Qumral Sadıqzadənin bədii yaradıcılığında diqqəti çəkən məqamlardan biri elə tipik obraz yaratmaqdı. Onun hekayələrini oxuyarkən ölməz sənətkar Ə.Haqverdiyevin hekayələri yada düşür. Müəllifin “Uzunçu”, “Simicliyin dərəcəsi”, “Səməd müəllim necədir?” hekayələrindəki qəhrəmanlar bir-birlərindən fərqli tipik obrazlardır. Müəllif “Uzunçu” hekayəsində Eyvazın insanlarla söhbətini təsvir edərkən onun nə qədər boşboğaz olduğunu göstərmək istəmişdir. Eyvaz arvadına bir kəlmə sözü çatdırmaq üçün bütün gün ərzində kimi görüb, yolda kimə rast gəlib, qonşusu onu necə salamlayıb – hamısını bircə-bircə danışıb qulaq asanı təngə gətirir. “Simicliyin dərəcəsi”ndə isə arvadı ilə yola çıxan Əjdər müəllimin simicliyini göstərmişdir. Yolda adi bir suya da pul vermək istəməyən Əjdər müəllim həm özü, həm də arvadı susuzluqdan əziyyət çəksələr də onun iradlarına əhəmiyyət vermir, özünü qənaətcil kimi göstərərək simicliyinə haqq qazandırır. Q.Sadıqzadənin hekayələri düşündürücüdir, mənalıdır. Yazıçı hekayələrində gündəlik həyatımıza, həlli vacib məsələlərə toxunur. Onun povestlərində (“Analar tək qalmasın”, “Təranə”) də biz çətinliklərdən qorxmayan, zəhmətkeş, təmiz, safqəlbli insanlarla yanaşı, xudbin, aravuran, ətrafdakılarına pislik etməkdən həzz alanlarla rastlaşırıq. Müəllif özü müdaxilə etmədən bu obrazların hər birini saf-çürük etməyi oxucunun ixtiyarına buraxır. Müəllifin rus ədəbiyyatından etdiyi tərcümələri də çox uğurlu alınıb. A.P.Çexovdan tərcümə etdiyi “Diplomat”, “Bahalı it”, “Çaxnaşma”, “Qadın xoşbəxtliyi” hekayələrini “Analar tək qalmasın” kitabına daxil edib. Qumral Sadıqzadə bədii əsərləri, tərcümələriylə yanaşı, eyni zamanda elmi-publisist məqalələri ilə də yaddaşımızda qaldı. Müəllifin “Anamın nadir əlyazmaları”, “Şairə Ümmügülsümün qəbri tapıldı”, “Seyid Hüseyn”, “İçərişəhər ağrısı”, “Yaman günün ömrü az olar” məqalələri öz aktuallığı ilə diqqəti çəkir.
AYNUR TURAN ,
“Göy Qurşağı” uşaq jurnalının redaktoru
Subyekt.az