![]()
Məmmədhüseyn Rüstəm oğlu Əliyev 28 aprel, 1925-ci ildə Lerik rayonun Gürdəsər kəndində ruhani ailəsində anadan olmuşdur. Məmmədhüseyn Rüstəm oğlu Əliyev 1940-cı ildə orta məktəbi bitirir və Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji Texnikumunda təşkil etdiyi Müəllimlik Kursuna göndərilir. 1946-1949-cu illərdə ADPİ-nun tarix – fəlsəfə fakültəsində təhsilini davam etdirir. Çox keçmir ki, mətbuatda “Qail” təxəllüsü ilə tanınmağa başlayır. Bədii yaradıcılıq və jurnalistika sahəsi onu daha çox cəlb etdiyinə görə yenidən BDU-nun filologiya – jurnalistika fakültəsinə qəbul olunur. 1954-cü ildə BDU-nun filologiya – jurnalistika fakültəsini bitirir və pedaqoji fəaliyyətini, həmçinin bədii yaradıcılığını davam etdirir. “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətri”, “Döyüşən illər” romanları və bir çox povest və hekayələri geniş oxucu rəğbəti qazanmışdır. “Prokuror”, “Ana fəryadı” və s. pyesləri N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 1992-ci ildən Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına və bir sıra medallara layiq görülmüşdür. 1994-cü il iyulun 6-da vəfat etmişdir. Məmmədhüseyn Əliyev elmi-pedaqoji sahədə, publisistikada istedadlı müəllim, diqqətli və tələbkar jurnalist kimi bir çox əsərlərin müəllifi olmuşdur. Məmmədhüseyn Əliyev, həm də bir çox poemaların, şeir və qəzəllərin müəllifi kimi tanınır. Lakin müəllifin istedadı ən çox onun dram əsərlərində və romanlarında özünü göstərmişdir. Onun romanları xalqın həyat və məişətinin epopeyası, milli şüurunun və fəlsəfi təfəkkürünün inkişaf yoludur. Bu əsərlərin hər birisi bədii filmlərin ssenarisi kimi qədim bir xalqın adət və ənənələrini, həyat tərzini, məişətini, sevgi və nifrətini, düşüncə tərzini açıq bir şəkildə göz önünə gətirərək bütöv bir təsəvvür yaradır. 1988-ci ildə Məmmədhüseyn Əliyev İraqın “Əl-əhram” qəzetində dərc edilmiş “Ey ana Bağdad!” şeirinə görə Ərəb ölkələri poeziya festivalının mükafatına layiq görülmüşdür.
Əsərləri: “Dağda bahar” (1966), “Qulplu qızıllar” (1971), “Lənkəran hekayələri” (1967), “Müstəntiq” (1973), “Balıqçı arvadı” (1981), “Qayaların səsi” (1983), “Dağlar oğlu. Dağda bahar”(1984), “Torpağın ətri” (1979), “Döyü şən illər” (1991), “Siyasi məhbus” (1992), “Vadidəgörüş” (1993), “Qovuşmaz yollar” (1993), “Vətən keşiyində” (2004) və s. Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : NurlarNəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 579.
Subyekt.az