
Mustafayev Dilsuz Murtaza oğlu – şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. Mustafayev Dilsuz 1945-ci il martın 1-də Azərbaycanın Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra “Axtarış” qəzetində ədəbi işçi (1992), “Kəndin səsi” qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şeirləri, publisist yazıları “Azərbaycan”, “Ulduz” jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şeirləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Yaradıcılığında bədii tərcüməyə xüsusi yer verir.
Əsərləri: Ağ atlı oğlanın nağılı. – Bakı: Yazıçı, 1981. – 67 s.
Filmoqrafiya: Günaydın, mələyim! (film, 2008)
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S175
Subyekt.az