Məmməd Əmin Rəsulzadə ədəbiyyatımızda
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!..
28 May. Bu gün tariximizə Respublika günü kimi daxil olmuşdur. Xalqımız hər il bu günü böyük təntənə ilə bayram edir. Çünki həmin gün -1918-ci il mayın 28-də bütün müsəlman Şərqində birinci olaraq bizim vətənimizdə demokratik respublika yaranmış, xalqımız azadlığa çıxmışdır.
… 1917-ci ilin fevralında Rusiyada xalq çarı devirdi. Oktyabr ayında isə burada Sovet dövləti adlanan bir dövlət yaradıldı. Bundan bir qədər sonra Zaqfqaziya Sovet Rusiyasından ayrıldı, müstəqil respublika elan edildi. Lakin bu hökumətə daxil olan Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri arasında birlik yox idi. Ona görə də tezliklə dağıldı.
… Əvvəlcə Azərbaycanın Müvvəqqəti Milli Şurası yaradıldı. Xalqımızın böyük oğlu Məmmədəmin Rəsulzadə onun sədri seçildi. Milli Şura 1918-ci il mayın 28-də axşam saat 8-də on dəqiqə işləmiş Azərbaycanın azadlığa çıxdığını elan etdi. Azərbaycanın istiqlalını, yəni azdlığını bəyan edən bu sənəd tarixdə “İstiqlal bəyannaməsi” adlanır. “İstiqlal bəyannaməsi” ndə Azərbaycan həmin gündən, 1918-ci il mayın 28-dən etibarən müstəqil dövlət elan olunurdu. Burada bildirildi ki, müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətini Azərbaycan xalqının seçdiyi adamlar idarə ediləcəkdi. Elə buna görə də müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Xalq Respublikası) elan edildi. Demokratik bir dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dünyada Azərbaycan Demokratik Respublikası (ADR) kimi tanındı.
Cümhuriyyətimizlə bağlı əsərlər, Azərbaycanın istiqlalı yolunda mübarizə aparan dahi şəxsiyyət Məmməd Əmin Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu”, “Azərbaycan cümhurittəti”, “Milli birlik”, bunlarla yanaşı Məmməd Əmin Rəsulzadənin “1903-1909-cu illəri əhatə edən çoxcildli kitabı” , Yaqub Mahmudovun “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” adlı II cildli kitabı, Azər Turanın “Əli bəy Hüseynzadə” adlı kitabı, Alxan Bayramoğlunun “Azərbaycan Demokratik Respublikası Dövründə Ədəbiyyat” adlı kitabı, Nazif Qəhrəmanlının “Nəsib bəy nümunəsi” adlı kitablardır.
Azərbaycanın milli istiqlal hərakatının ideoloqu və lideri, Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin yaradılması işinə başçılıq etmiş görkəmli içtimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist Məmməd Əmin Rəsulzadə eyni zamanda ədəbiyyətşünas kimi ədəbiyyatımızda da özünəməxsus imzası ilə yaddaşlardadır. Məmməd Əmin Rəsulzadə yaradıcılığa 1903-cü ildə Tiflisdə çıxan “Şərqi-rus” qəzetində dərc dərc edilmiş kiçik həcmli yazısı ilə başlamışdır. Elə ilk yazısından ana dili probleminə toxunan müəllif sonralar həmişə ədəbiyyatla bağlı olmuş, ədəbiyyata ictimai-siyasi fəaliyyətinin tərkib hissəsi kimi baxmışdır. Məmməd Əmin Rəsulzadə qələmini ədəbi tənqid və ədəbiyyatşünaslığın bir çox janrlarında sınamışdır Əslində onun üçün konkret bir janr mövcud olmamış, hürriyyət və istiqlal ideyasını yaymaq üçün bütün ədəbi vasitələrdən istifadə etmişdir.
Məmməd Əmin Rəsulzadənin şeirlərində olduğu kimi, dram əsərlərində də azadlıq uğrunda mübarizəyə çəlb etmək istədiyi əsas təbəqə binəsiblər, savadsızlar, daha dəqiqi-geniş xalq kütləsi idi. Onun çağırış pafosu əhalinin bu zümrəsi üzərində köklənirdi. Bu da təsadüfi deyildi. Çünki əsl dramaturgiya ilə
məşğul olanlar belə bir həqiqəti əsas götürürdülər ki, “ədəbiyyatın bütün forma və janrları birinci növbədə oxumuş, savadlı adamlar üçün yazıldığı halda, səhnə əsərləri hamı üçün yazılır”.Yəni oxumağı və yazmağı bacarmayanlar da ona baxıb faydalana bilərlər. XX əsrin əvvəllərində inqilabi situasiyaların burulğan bir dövründə Məmməd Əmin Rəsulzadə də bu həqiqəti dərk etmiş və 1910-cu ilə qədər bir-birinin ardınca hələlik bizə məlum olan “Nagəhani bəla”, “Qaranlıqda işıqlar”, “Acı bir həyat” kimi bir neçə maraqlı pyes yazmışdır.
Xalq Cümhirriyyətinin yaradılması vətənimizin şimalında Azərbaycan dövlətçiliyinin bərpası yolunda ən böyük tarixi hadisə idi. Cümhitrriyyət dövründə torpaqlarımızın bütövlüyünün qorunması sahəsində böyük işlər görülməsinə baxmayaraq, daxildə bolşevik-daşnak qrupları Xalq Cümhirriyyətinin fəaliyyətinə maneçilik törətməyə çalışırdılar. Xarici hərbi müdaxiləçilərin və daxildə antiazərbaycan siyasəti yeridənlərin birliyi nəticəsində Şərqdə, Türk və İslam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhurriyyəti süqut etdi.
Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman Gənclik Təşkilatı”nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Babası – Məhəmmədrəsul Rəsulzadə. Üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbər Məhəmməd Əmin Rəsulzadənin atasıdır. Digər oğlu Əbdüləzizin üç övladı olub – Məhəmmədəli, Ümbülbanu, Ümgülsüm. Məhəmməd Əmin Rəsulzadə Əbdüləzizin – öz əmisinin böyük qızı-Ümbülbanu ilə evlənib. Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümgülsümdür ki, onun da həyat yoldaşı yazıçı Seyid Hüseyn olub. Məhəmmədrəsulun qız övladı olan Dostuxanım isə (M.Ə.Rəsulzadənin bibisi) 1930-cu ildə vəfat edib, onun övladı olmayıb. Məhəmmədrəsulun Novxanıdan başqa, həm də Bakıda-indiki Nizami metrostansiyasının yerində böyük mülkü olub.
Atası -Axund Hacı Molla Ələkbər Rəsulzadə Novxanı kəndinin çox tanınmış axundu olub. 1926-cı ildə dünyasını dəyişib. Məzarı Novxanı kənd qəbirstanlığındadır. M.Ə.Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalının 1927-ci ildəki sayında onun ölümü haqqında məlumat verilib.
Anası-Zal qızı Ziynət rəhmətə gedib. Analığı Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. Çox alicənab olan Maral xanım 1929-cu ildə Kərbəla ziyarətinə gedib. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.
Bacısı -Şəhrəbanu xanım. M.Ə.Rəsulzadənin yeganə bacısı olub. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.
Həyat yoldaşı-Ümbülbanu Rəsulzadə. M.Ə.Rəsulzadənin həyat yoldaşı olan bu xanım onun əmisi qızı idi. 1888-ci ildə anadan olub. M.Ə.Rəsulzadə onunla 1908-1909-cü illərdə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda-sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib.
Qızı Lətifə – M.Ə.Rəsulzadənin ilk övladı və böyük qızı olub. 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını Müsavat Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.
Qızı Xalidə – M.Ə.Rəsulzadənin kiçik qızı Xalidə (1916-cı ildə anadan olub) anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.
Oğlu Rəsul -M.Ə.Rəsulzadənin iki oğul övladı olub. Rəsul və Azər. Oğlu Rəsul 1918-ci ildə anadan olmuşdu. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.
Oğlu Azər-kiçik oğlu Azər M.Ə.Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda -Karaqandada dünyasını dəyişib və Novxanı məzarıstanlığında dəfn edilib.
Nəvəsi Rəis Rəsulzadə–Azər bəyin oğludur. 1946-cı ildə sürgündə – Qazaxıstanın Taldı-Kurqan bölgəsində anadan olub, orta təhslini də orada–Karaqandada alıb. Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent olaraq çalışır.
1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” kitabı çap edilir. “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda “Yeni Qafqasya!” jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.
M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurd” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə “Azərbaycanın kültür kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında “Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid” məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Təkcə buradan M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığına bələd olmaq olar. O, İkinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M. Əlif Rəsulzadə” və s. qeyd etmək olar.
Rəsulzadə ömrünün sonlarına yaxın 1951-ci il 26 avqust, 1952-ci il,1953-cü il 28 may olmaqla Azərbaycan xalqına 3 dəfə müraciət etmişdir.
1951-ci il 26 avqust
“Mən Məhəmməd Əmin Rəsulzadə Amerkanın Səsi” radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz Vətənə xitab edə bilmək üçün buna mütəşəkkirəm. Bu radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokrasi fikirlərini yayır. Bu fikirlər başlıca 2 əsasa dayanır: İnsanlara azadlıq, millətlərə istiqlal!
“Bundan 33 il əvvəl Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çöktü; Vətənimizi istila və istibdadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir Cümhuriyyət qurdular…
Demokratiyanın bu yüksəs əsaslarını həyata keçirmək üçü qurulan milli hökümət iki il yaşadı. Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə, hərbdən və hərc-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabit və ədalət müəssəsələri qurtuldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi. Mədəniyyət dünyası ilə təmasa gəlindi. Qonşularla yaxşı münasibətlər təsis olundu. Nəticədə Böyük Avropa dövlətləri və Birləşik Amerika tərəfindən Cümhuriyyətimizin istiqlalı tanındı; Lenin və Stalinin imzaları ilə müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə türk və müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl Ordunun üstün qüvvələri ilə zorladılar. Xalqımız təcavüzə qarşı var qüvvəti ilə savaşdı; fəqət, heyhat məğlub oldu. Nəticədə milli ordunu dağıtdılar, milli ziyalıları kəsdilər, milli sərvəti yağma edərək Moskvaya götürdülər. Bir sözlə məmləkəti sovetləşdirdilər.
Tarixin ən qəddar bir istibdadını quran bolşeviklər sovet rejiminə utanmadan demokratiya deyirlər. Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır, vətəndaşlar!
Əziz Azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Ətrafınızda sizi xarici aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir.Bu bəlalı və fəlakətli yaşayışı bolşevik propaqandaçıları sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayınız qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar,aad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz-özlərini idarə edirlər.
Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan bəyannaməsi elan etmişdilər. Bütün dünyanın səadəti kimi Azərbaycanın xilası da bu əsasların tamamilə gərçəkləşməsinə bağlıdır. Təkrar edirəm-İnsanlara azadlıq, Millətlərə istiqlal!
Aynur Turan
Subyekt.az