![]()
Kəlbəcər, 12 sentyabr 2026 — Kəlbəcər rayonunda arıçılıq ənənələrinin, yerli kənd təsərrüfatı məhsullarının və milli-mədəni dəyərlərin təbliği məqsədilə Bal Festivalı keçirilir.
Festival Kəlbəcərin sosial-iqtisadi və mədəni həyatında baş verən canlanmanın növbəti mühüm göstəricisi kimi diqqəti cəlb edir. Tədbirdə yerli arıçıların istehsal etdiyi müxtəlif çeşidli bal və digər arıçılıq məhsulları nümayiş olunur, iştirakçılara Kəlbəcərin zəngin təbii ehtiyatları və əlverişli ekoloji mühiti barədə məlumat verilir.
Kəlbəcər əsrlər boyu zəngin təbiəti, əlverişli iqlimi və yüksək keyfiyyətli arıçılıq məhsulları ilə seçilən bölgələrdən biri olub. Bu baxımdan Bal Festivalı yalnız kənd təsərrüfatı məhsullarının təqdimatı deyil, həm də rayonun ənənəvi təsərrüfatçılıq mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda Kəlbəcərdə müşahidə olunan inkişaf və dirçəliş Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin mühüm nəticələrindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşların məskunlaşması, sosial infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin bərpası və dayanıqlı yaşayış mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa, quruculuq və yenidənqurma layihələri sürətlə davam etdirilir. Yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun qurulması, məşğulluq imkanlarının genişləndirilməsi və regionun iqtisadi potensialının hərəkətə gətirilməsi Böyük Qayıdış prosesinin əsas istiqamətlərini təşkil edir.
Kəlbəcərin dirçəldilməsi də bu kompleks prosesin mühüm tərkib hissəsidir. Rayonun təbii sərvətləri, turizm potensialı, kənd təsərrüfatı imkanları və zəngin mədəni irsi onun gələcək sosial-iqtisadi inkişafı üçün geniş perspektivlər yaradır.
Bal Festivalı Kəlbəcərin yalnız yenidən qurulan deyil, eyni zamanda yaşayan, istehsal edən və inkişaf edən bir bölgəyə çevrildiyini nümayiş etdirən tədbirlərdən biri kimi qiymətləndirilə bilər.
Tədbirin keçirilməsi yerli istehsalın təşviqi, arıçılığın inkişafı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və Kəlbəcərin turizm potensialının tanıdılması baxımından da əhəmiyyətlidir.
Kəlbəcərdə keçirilən festival həmçinin doğma yurda qayıdan sakinlərin ictimai və mədəni həyatının canlanmasına, bölgədə yeni sosial münasibətlərin və müasir yaşayış mühitinin formalaşmasına töhfə verir.
Belə tədbirlər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmadığını, eyni zamanda həmin ərazilərin sosial, iqtisadi və mədəni həyatının kompleks şəkildə bərpa olunduğunu nümayiş etdirir.

.

.

.

.

.

.

.

.

.
.
Subyekt.az