
Müasir dövrdə yadlaşmanın əsas səbəblərindən biri texnologiyanın, xüsusilə də sosial medianın həyatımızda böyük yer tutmasıdır. İnsanlar artıq bir masa arxasında oturub söhbət etmək əvəzinə, ekran qarşısında saatlarla vaxt keçirirlər. Fiziki yaxınlıq yerini virtual münasibətlər alıb. Bu isə emosional əlaqələrin zəifləməsinə və insanlar arasında yadlaşmaya gətirib çıxarır.
Digər bir amil sürətli həyat tempidir. İnsanlar gündəlik yaşam qayğılarına o qədər qapılırlar ki, yaxınlarına vaxt ayırmaq, onların halını soruşmaq, dərdlərinə şərik olmaq ikinci plana keçir. Bu da ailə bağlarının və dostluq münasibətlərinin soyumasına səbəb olur.
Cəmiyyətin fərdlərə qarşı artan biganəliyi də yadlaşmanın bir təzahürüdür. Kimsə çətin vəziyyətə düşəndə, artıq çoxları “mənə aid deyil” deyib üz çevirir. Halbuki, bir zamanlar insanlar bir kənddə, bir məhəllədə bir ailə kimi yaşayırdılar, birinin dərdi hamının dərdi sayılırdı.
Yadlaşma yalnız insanlar arasında deyil, insanla öz vicdanı, keçmişi və kimliyi arasında da baş verir. Ənənələrə, dəyərlərə, milli-mənəvi köklərə olan bağlılığın zəifləməsi bu uzaqlaşmanı daha da dərinləşdirir.
Bu prosesi dayandırmaq üçün yenidən bir-birimizə dönməliyik. Səmimi söhbətlər, diqqət, empatiya və ən əsası sevgi – yadlaşmanın dərmanı budur. Cəmiyyətin möhkəm təməli insan münasibətləridir. Onlar sınarsa, cəmiyyət özü də zəifləyər.
Yalçın Ağayev
Subyekt.az