![]()
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə 95 illik yubileyini qeyd edir.
1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olan Nəriman Əliməmməd oğlu Həsənzadə Azərbaycan poeziyasının, dramaturgiyasının və publisistikasının inkişafında müstəsna xidmətlər göstərmiş sənətkarlardandır. Uşaqlıq və gənclik illərində valideyn itkisi kimi ağır həyat sınaqları ilə üzləşməsinə baxmayaraq, o, elmə və ədəbiyyata olan marağını qoruyaraq yüksək təhsil almışdır.
1949-cu ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş, 1953-cü ildə ali təhsilini başa vurmuşdur. Daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir.
Əmək fəaliyyətinə müxtəlif məsul vəzifələrdə davam edən Nəriman Həsənzadə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, “Uşaq və gənclər ədəbiyyatı” nəşriyyatında redaktor, “Azərbaycan gəncləri” qəzeti və “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor kimi fəaliyyət göstərmişdir. 1991–2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışaraq ölkənin informasiya siyasətinin formalaşmasına töhfə vermişdir.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Xalq şairi” fəxri adına layiq görülmüş, 2021-ci ildə isə “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Dərin vətəndaşlıq mövqeyi, milli-mənəvi dəyərlərə sədaqəti və zəngin bədii irsi ilə Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının salnaməsində özünəməxsus yer tutmuşdur.
95 illik yubileyi münasibətilə Xalq şairi Nəriman Həsənzadəni səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
Anamı yuxuda görmüşəm dünən
Anamı yuxuda görmüşəm dünən,
Yuxuda bir ömür sürmüşəm dünən
Anam evimizə dönmək istəyir,
Görünmək istəyir, görmək istəyir,
İpək kəlağayı salıb başına
Qayıdıb gəlinlik, qızlıq yaşına
Bəzənib elə bil, o, toya gəlib
Mənim ad günümdə Poyluya gəlib.
Analar unutmur balalarını,
Tanrım, anaların dualarını,
Bizim üstümüzdən əskik eləmə,
Qadın kəsik olur, kəsik eləmə.
Anam gördüyünə məəttəl qalıb
Nə ocaq yeri var, nə çəpər qalıb,
Nə qapı bacadan əsər əlamət,
Kimdən soruşsun ki, kimindi həyət
Qalxıb pəncərədən baxır yuxarı
Nə ev var, nə evin köhnə şeyləri.
Sənəyi var idi götürübdülər,
Su daşı var idi itiribdilər,
Divardan gəvəni qoparıbdılar
Söküb taxtımızı aparıbdılar
Üstü müşəmbəli çörək stolu
O da gözə dəymir yerində yoxdur
Deyirəm ay ana, ev bizimkidir,
Divarlar bir idi, indi ikidir,
Mebel alıbdılar təzə, qət-təzə,
Parket döşəyiblər kənd evimizə
Kran çəkibdilər təzə su gəlir,
Dağların kəndlərə havası gəlir.
Bir az aralıda bizim doqqaza
Qızılgül əkiblər bizim doqqaza.
Anam evini tanıya bilmir,
Anam yolu-izi tanıya bilmir.
Yol onu tanıyıb gətirib evə
Tale talesizi tanıya bilmir
Evinin yerində evini gəzir
Mən onu gəzirəm, o məni gəzir
Anam baxa-baxa qayıdıb gedir
Məni də yuxudan ayıldıb gedir
Subyekt.az