![]()
Deputat Vüqar Bayramov bildirib ki, bu gündən Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 öz işinə başlayır.
Bəs, Şəhərsalma Forumu Azərbaycana hansı üstünlükləri qazandıracaq?
Ümumdünya Urban Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ikinci ən böyük tədbir hesab olunur. Artıq 35 minə yaxın nümayəndə qeydiyyatdan keçib. Buna görə də say və iştirakçılıq baxımından yüksək səviyyəli tədbir hesab edilir.
Forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın bu istiqamətdə tətbiq etdiyi yeni modellərin təqdimatı baxımından vacibdir. Baxmayaraq ki, tədbirlərin keçiriləcəyi yer paytaxtdır, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni modellər, xüsusilə şəhərsalma yanaşmaları WUF13 vasitəsilə beynəlxalq ictimaiyyətə təqdim olunacaq.
Sözsüz ki, bu, turizmin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Bir tərəfdən, tədbirdə iştirak edən nümayəndə heyətlərinin sayı kifayət qədər böyükdür. Digər tərəfdən isə bu forum Azərbaycanın potensialının tanıdılmasına və sərmayələrin cəlb edilməsinə imkan yaradacaq. Xüsusilə qeyri-neft sektorunun potensialının təqdim olunması və yeni investisiyaların cəlbi baxımından forum vacib hesab edilir. Belə ki, qeyri-neft sektoru və infrastruktur imkanlarının nümayişi ölkə iqtisadiyyatının inkişafına əlavə töhfə verə bilər.
Bu baxımdan, COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunan WUF13, xüsusilə iqtisadi inkişaf hədəflərinin reallaşdırılması baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Subyekt.az