
MİLLİ BİRLİYİMİZİN TƏNTƏNƏSİ -ZƏFƏR GÜNÜ-8 NOYABR!
Birlik həm də dirilik deməkdir! Bunu bir il öncə xalqımız şanlı qələbənin sevinclərini yaşayarkən yenidən dünyaya nümayiş etdirdi.
Təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı, bütün təbii resurslarını, dini, mədəni abidələrini vəhşicəsinə talan və təhqir etdiyi tarixi Azərbaycan ərazilərinin cəmi 44 günlük Vətən müharibəsi ilə azad edilməsindən bir il ötdü.
27 sentyabr 2020-ci il yalnız Ermənistanın işğalına soy qoymaqla deyil, həm də xalqımızın erməni faşizmi üzərindəki möhtəşəm qələbəsi ilə tarixə yazıldı.
27 sentyabr həm də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi zamanı qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsinin anım günü kimi də yaddaşlara həkk edildi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar 27 sentyabr 2021-ci il tarixdə xalqımıza müraciət edərək, bir daha Ermənistanın təcavüzkar siyasətinin ifşası ilə yanaşı, xalq-ordu birliyi və hərbi-diplomatik siyasətin nəticəsinin nəyə qadir olduğunu dünyaya bəyan etdi: “Əziz həmvətənlər! Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində mülki şəxslər, hərbçilər ilk saatlarda həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq, genişmiqyaslı əks-hücumlu əməliyyatlarına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazanmışdır…”
Azərbaycan Prezidenti xalqa müraciətində xatırlatdı ki, keçən il dekabrın 2-də imzaladığı Sərəncamla Azərbaycanda 27 sentybar Anım Günü kimi təsis edilmişdir. Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əyib, onlara Allahdan rəhmət dilədiyini bildirən dövlət başçısı onu da qeyd etdi ki, onları öz qəlbimizdə əbədi saxlayacağıq! Eyni zamanda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli də qoyulacaq. Çünki keçən ilin dekabrında bununla da bağlı Azərbaycan Prezidenti Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Bakı şəhərinin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq.
Əlbəttə, şəhidlərimizin müqəddəs və əziz xatirəsinin sentyarbrın 27-də saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad edilməsi də
şanlı tariximizin bir anıdır. Müzəffər Ali Baş Komandan xüsusi vurğuladığı kimi, bu qələbə tarixdə əbədi qalacaq! Ona görə ki, 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək, öz ərazi bütövlüyünü bərpa etdi:
“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq. Və belə də oldu: biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq: güc topladıq. Bütün gücləri səfərbər etdik. Ordumuzu gücləndirdik. Ölkə iqtisadiyyatını gücləndirdik. Ölkəmizin nüfuzunu qaldırdıq. Və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır! Və bundan sonra biz müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”!
Təəssüflə qeyd edilir ki, Ermənistan döyüş meydanında məğlub olunsa da, yenə ən çirkin əməllərə əl atmaqdan çəkinmir. Müharibə dövründə uşaq, qoca, qadın demədən, dinc əhalimizə qarşı hərbi təxribat törətdi.Buna görə də 100-dən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz müntəzəm olaraq daima atəş altında qaldı. Ermənistan, hətta qadağan edilmiş silahlardan – ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə edirdi. Lakin, göründüyü kimi, heç nə bizi dayandıra bilməzdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək, bütün bu təxribatlara sinə gərdi. İllərlə öz tarixi torpaqlarını işğaldan azad etməyə hazırlaşan və o günü gözləyən xalqımızı heç kim, heç nə dayandıra bilməzdi. Azərbaycan Prezidenti İlham Əliyev də müharibə dövründə doğma xalqına dəfələrlə müraciət edərək deyirdi: “…Heç kim, heç nə bizi dayandırmayacaq: biz ədalət savaşına çıxmışıq! Biz ləyaqət savaşına çıxmışıq! Biz milli qürur savaşına çıxmışıq! Biz müqəddəs savaşa çıxmışıq”!
Xalqa müraciətində dövlət başçısı xüsusi vurğuladığı kimi, müharibə dövründə hamımımız bir şüarla yaşayırdıq: öldü var, döndü yoxdur! Və Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq, ordumuza əlavə güc verdi. Və günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik. Hər gün qələbə qazanırdıq. Hər gün yeni uğurlar haqqında məlumatlar daxil edilirdi. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən baxmayaraq ki, əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil etmişdi, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, getməyə məcbur qaldı. 44 günlük müharibə zamanı bir nəfər də olsun Azərbaycan Silahlı Qüvvələrində fərari olmaması da qələbəmizin labüdlüyünü ortaya qoyurdu. Ermənistan Ordusunda isə 10 mindən çox fərari qeydə alınırdı.
Məhz Müzəffər Ali Baş Komandan da buna görə bildirdi ki, şəhidlərimizlə, qazilərimizlə, eyni zamanda Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə – əsgər və zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Və biz bütün dünyaya göstərdik ki, xalqımız necə böyükdür və bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyil.
Bəli, Müzəffər Ali baş Komandanın xüsusi qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz şəhidlər verərək bu Qələbəni əldə etdik! Düşməni məcbur etdik ki, qabağımızada diz çöksün və kapitulyasiya aktına imza atsın.
Bu, həmin düşmən, idi ki, 30 il ərzində xalqımıza meydan oxuyurdu, onun şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Lakin, haqq və ədalət qalib gəldi: azğınlaşmış, harınlaşmış, quduzlaşmış, qudurmuş düşmən xalqımızla ordumuzun birliyindən yaranmış “Dəmir yumruq” qarşısında diz çökdü, ağ bayraq qaldırdı – təslim oldu! Məcbur oldu ki, noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktına imza atsın! Məhz bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, şəhid vermədən geri qaytarıldı və beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Bu dəfə də Azərbaycan Prezidenti müharibəni hərbi-siyasi yollarla həll etdiyimizi bildirdi. Müharibənin sonu ilə. Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı: “Dağlıq qarabağ” adlı inzibati ərazi Azərbaycan ərazisində mövcud deyil! Və əgər kimsə, “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin. Öz ərazisində “Dağlıq Qarabağ” qadlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın, biz onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm – Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı! Və hər kəs bu sözlərlə hesablaşmalıdır və hesabşalacaqdır”.
44 günlük müharibə ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə Anım Günündə öz dərin təşəkkürümü bildirən ölkə başçısı vurğuladı ki, Türkiyə respublikası, qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi, Prezident RəcəbTayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, əlavə güc verdi. Biz bunu heç vaxt unutmayacağıq. Bütün dünyaya 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.
Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyinin müharibə günlərində tarixi Vətənləri ilə bir döyündüyünü deyən Azərbaycan Prezidenti bildirdi ki,onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər: “Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram, həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram.
Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim qələbəmizlə razılaşıb, bunu qəbul edib vəbu gün bölgədə və o cümlədən Ermənistan-Azərbaycan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır”.
İbrahim SƏFƏRLƏR,
Kəlbəcə rayon dövlət arxivinin müdiri, AJB-nin və TURAN ədəbi məclisinin üzvü, “Qızıl qələm” mükafatlı publisist
Subyekt.az