
Dünən Azərbaycanın bir çox tanınmış ziyalıları və söz sahibləri fərqli söz sahibi, maraqlı şeirlər müəllifi Valeh Qocanın üçüncü kitabı olan ” Yarımçıq Şəkil ” kitabının təqdimatına toplaşmışdı. Tədbir Azərbaycanın dövlət himni və Ümumilli Lider və vətən müharibəsi şəhidlərinin anılması ilə başladı Tədbirdə sevimli şair Əyyub Cabbarov, Seyran Səxavət, Ələmdar Cabbarlı , Əkbər Qoşalı, Adilə Nəzər , Qiraətçi Ayna Memmedova, Yap Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, alim İlham Məmmədli , Azərnəşrin baş redaktoru Əlövsət Ağalarov, Jurnalist Agil Camal , Qorxmaz Tofiqoglu, Rövşən Hüseynov, həkim Zərraf bir birindən maraqlı çıxışlar etdi, ustad aşıq Ədalət Dəlidağlı, aşıq Əli Zeynalabdinov musiqi rəngi qatdı. Mən də öz çıxışımı sizlərin nəzərinə çatdırıram:
Salam, dəyərli söz xridarları, sözün ömrünü uzadan söz sərrafları!
Müasir şeiriyyat aləminin dahisi olan Ramiz Rövşən demişkən :
Yenə bu şəhərdə üz –üzə gəldik
Neyləyək başqa bir şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik xəbərimiz yox…
Bəli ,keşmə-keşli, narahat illəri geridə qoyub, müharibələri , pandemiyaları keçib gələrək bütöv, suveren, qalib Azərbaycanın bəxtəvər , üzü ağ vətəndaşları kimi milli dəyərlərimizin kökü olan saz- söz məclisinə toplaşmışıqsa , nə xoş halımıza! Valeh Qoca yardıcılığına bələd adam kimi ümidvaram ki, toplantımız uğurlu, maraqlı və rəngarəng olacaq.
Bu gün biz zamanın təkrarçılığına , bayağı söz yığınına üsyan edən fərqli söz deməyi bacaran, səmimi İNSAN və gözəl şair Valeh Qoca şeirlərinin sehrinə, işığına yığışmışıq… Valeh Qoca ilə qiyabi tanışıq. Amma bu bir daha sübut edir ki, insanı çox istəmək məsafə yaxınlığından, qohumluq bağlarından asılı deyil.
Valeh Qoca əslində məhəbbət aşiqi, sevgi tərənnümçüsüdür. Onun şeirlərində sevginin hər üzünü; acısını, şirinini, xəyalını, vüsalını, gümanını, ən xoş harmoniyada görmək olar. Sevgidən gələn əzabı da xoş qarşılayaraq:
Qurbanam səninlə qış gələn günə,
Qar, yağış ömrümə xoş gələn günə.
İldə bircə dəfə sən də qayıt gəl.
Məcnun məhhəbbəti ilə , el –oba adəti ilə, abır-həya ilə sevməyi məsləhət bilən dostumuz;
Mənlə barışanda üzünü açıb
Mənlə dalaşanda üzünü örtür saçların
Saçını kəsmə deyir.
Bu yolda bütün zülmlərə qatlaşaraq :
Naşı gördüm
Gözlərimdə yaşı gördüm.
Görəcəyim ən sonuncu işi gördüm:
Namaz qıldım, oruc tutdum qayıtmadın deyərək haray salır.
Təbiətcə mülayim və romantic olan şair zamanın acı sınaqlarına, vətən , el-oba həsrətinə tuş gəldiyindən öz yaradıcılığını qəmli notlarla da bəzən cilalayır. Qızinin ata bizim kənddə nə var idi sualına ətraflı cavab verən şair sonda Ən acı həyat həqiqətlərinin təsvirini, hər şey olmasına baxmayaraq orda adamlar yoxdu deyərək həyatın acı həqiqətini açıqlayır:
Orda damçılar var səndən böyükdür.
Orda şəlalə var tellərin boyda. ….
Bizim kəndimizdə hər şey var, qızım,
Bizim kəndimizdə adamlar yoxdur…
Və yaxud su bardağında:
Ağzında atamın dodaq yerləri
Qulpunda anamın əl yeri qalıb….
Bəs, birliyin, səmimiliyin, xeyir- bərəkətin , mehribanlığın toplandığı bir balaca daxmada nələr yox idi:
Böyük adamlarla dolu olardı
Bizim kəndimizdə balaca evlər,
Bəxtəvər günlərin yadiğarıydı,
Tüstüyə bulaşmış qaraca evlər…
Dünyanın bütün dərdlərini öz dərdi bilən , körpəlikdən həyatın acılarıyla qoşa yaşayan əziz dərddişimiz öz həyatını belə təsvir edir;
Dünyanın ən soyuq nöqtəsindəyəm.
Hərlənir, firlanır qış düşür mənə.
Üstündə gül bitən bir daş uçarsa,
Gül bir yana düşər, daş düşər mənə…
Hər dəfə olduğu kimi şeiriyyata yeni fikir gətirən şair yeni ildə Şaxta babadan istəkləri də başqadır:
…Yaxınları, uzaqları sevindir,
Buza dönmüş otaqları sevindir.
Nə olar ki uşaqları sevindir
Bircə günlük şəhidləri götür gəl.
Və hamımızı sarsıdan məlum təyyarə qəzası, Azərbaycanın Milli Qəhrəmanı Hökumə xanımın qısa , lakin mənalı və faydalı həyat hekayəsi:
Ağlada bilmədi ağlar gün səni
Güldün ən sonuncu anına kimi.
Sən nə tez endin torpağa axı
Qalxmışdın Allahın yanına kimi…
Sonda Hökumə xanıma ithaf etdiyim şeiri səsləndirdim:
Sözünü tutmadın, bacım.
Sən ki dedin ” Yaxşı olacaq!”
Sözünü tutmadın, bacım.
Hamıya təsəlli verib,
Özünü tutmadın, bacım!
Elin qulağı səsdədi,
Anan ürəyi xəstədi,
Düşmən sizdən can istədi,
Gözünü tutmadın, bacım!
Həyat yolun cida oldu.
Səsin böyük nida oldu.
Köməyiniz Xuda oldu.
Yüzünü tutmadın , bacım!
Sərt qayalardan su içdin,
Ağır sınaqlardan keçdin.
Çətin yolu özün seçdin.
Düzünü tutmadın ,bacım!
Qəza ,ya qədərdimi?
Bu birinci kədərdimi?!
Səma qəmgin , qəhərdimi,
Göy üzün tutmadın , bacım
(Cida- həsrət ,ayrılıq ,uzaq, kənar…)
Adil Həmid.
Şair-publisist, AJB-in üzvü.

.

.

.

.

Subyekt.az