
Əziz və hörmətli kəlbəcərlilərim! Son günlər mənə bəzi vətəndaşlardan VÖEN-i olmasına görə aylıq müavinətin (çörəkpulu müavinətinin) dayandırılması ilə bağlı müraciətlər daxil olur və bunun nə dərəcədə qanuni olmasına dair suallar ünvanlanır. İlk olaraq qeyd edim ki, imkanlı məcburi köçkün vətəndaşlar dövlətin qayıdışla bağlı çəkdiyi xərcləri nəzərə alıb bundan könüllü imtina etmələrini uyğun bilirəm. Bu bir tövsiyyədir. Ancaq çox təəssüflə qeyd edim ki, yerli icra strukturları bəzən bu qanundan xəbəri olmadan hərəkət edərək 60 manat müavinətə ehtiyacı olan soydaşlarımıza qarşı hər hansı haqsızlığa yol verirlər. Mən şəxsən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayevdən xahiş edirəm ki, imkansız, müavinətə ehtiyacı olan şəxslərə həssas yanaşsın və Nazirlər Kabinetinin müvafiq qərarına ciddi əməl etməsini tabeliyində olan işçilər buna riayət etsinlər.
Mən bu mövzunun qanunvericilik tərəfini sizlərin diqqətinə çatdıraraq bildirirəm ki, bu məsələlər “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi haqqında Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı” ilə tənzimlənir. Həmin qərarın 2-ci bəndinə əsasən həmin aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:
2.1. Məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar bədən funksiyalarının 81-100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);
2.2. Məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar bədəninin funksiyalarının 81-100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);
2.3. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakinini ilə ailə qurmuş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına;
2.4. Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara;
2.5. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara;
2.6. Valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara;
2.7. Müddətli həqiqi hərbi xidmətə və ya səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırmış, fərarilik etmiş “məcburi köçkün” statusu olan şəxslərə;
2.8. “Məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə;
2.9. “Məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi mü
2.10. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə;
2.11. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş “məcburi köçkün” statusu olan şəxslərə;
2.12. Dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;
2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, İcra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan İcra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
2.14. Dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək);
2.15. 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla).
Subyekt.az