![]()
(“…WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir” – Azərbaycan Prezidenti İlham Əliyev / https://president.az/az/articles/view/72502)
Kim şəhər qurursa, əslində, daha mədəni gələcək qurur. Kim şəhəri qoruyursa, o şəhərin sakinləri timsalında bütün ölkənin və daha üstünü – insanlığın yaddaşını qoruyur. Kim şəhəri yaşadırsa, sivilizasiyanın nəfəsini yaşadır. – Bəli, XXI yüzildə dövlətlərin gücü yalnız iqtisadi göstəricilərlə, hərbi imkanlarla və ya enerji resursları ilə ölçülmür. Dünyanın yeni siyasi və mədəni xəritəsində şəhərlər də artıq ayrıca geopolitik aktora çevrilməkdədir.
Məhz buna görə, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi sıradan beynəlxalq tədbir sayılmamalıdır. Bu Forum, əslində, Azərbaycanın çağdaş dünyaya təqdim etdiyi yeni inkişaf baxışının, yeni urban düşüncəsinin və yeni siyasi-mədəni məsuliyyət fəlsəfəsinin nümayişi idi.
Prezident İlham Əliyevin Forumun yekunları ilə bağlı paylaşımı bir neçə önəmli məqamı açıq şəkildə ortaya qoydu: Azərbaycan artıq qlobal təşəbbüslər verən ölkəyə çevrilib. COP29-dan sonra ölkəmizin WUF13 kimi ikinci nəhəng beynəlxalq tədbirə ev sahibliyi etməsi, dövlətin artan beynəlxalq nüfuzunun, təşkilati gücünün və siyasi güvən kapitalının göstəricisidir. COP29-dan öncələrdə olduğu kimi, WUF13-dən sonra da bənzəti tədbirlər olacaq, əlbət.
Budur, təxminən 60 min iştirakçının qatıldığı WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Bu artıq statistikanın ötəsi – Bakının dünya ideyalarının toplaşdığı məkana çevrilməsinin göstəricisidir. Dünən enerji təhlükəsizliyinin müzakirə olunduğu şəhər, bugün urban gələcəyin platformuna çevrilirsə, bu, coğrafiyanın – necə deyərlər, xoşməramla – taleyə çevrilməsi kimi də yorumlana bilər.
Ən diqqətçəkən məqamlardan biri isə Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti oldu. Bu, çox önəmli siyasi-detaldır. Çünki urbanistika memarların, mühəndislərin və texniki mütəxəssislərin qapalı sahəsi olmaqdan çıxıb; şəhərlərin taleyi artıq dövlət başçılarının, hökumətlərin və beynəlxalq qərarvericilərin strateji gündəliyinə çevrilib.
Bugün şəhər məsələsi iqlim təhlükəsizliyi, insan ləyaqəti, mədəni irsin qorunması, miqrasiya və sosial sabitlik, hətta geopolitik təhlükəsizlik məsələsidir.
Bax, buna görə, WUF13 çərçivəsində qəbul olunan “BAKI Fəaliyyətə Çağırış” sənədi və Sədrin Xülasəsi texniki sənədlər olmaqdan daha artıq – gələcəyin şəhərinin açıqlaması, duyurusu kimi dəyərləndirilə bilər.
Azərbaycan üçün bu Forumun ayrıca mənəvi və tarixi anlamı vardır.
Çünki Azərbaycan urbanizasiya haqqında nəzəri danışan ölkə kimi tanınmır – Azərbaycan dağıdılmış şəhərləri yenidən ayağa qaldıran ölkədir.
Urbisid… kultursid… ekosid… – Bax, bunlar bizim üçün abstrakt anlayışlar deyil. Qarabağ və Zəngəzurun gündoğarında 30 il boyunca şəhərlərin sistemli şəkildə dağıdılması, tarixi irsin silinməsi, təbiətin ağır zədə görməsi insanlığa qarşı yönəlmiş genişmiqyaslı vandalizm idi. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması, əlbəttə, təsadüfi deyildi.
Biz indi həmin torpaqlarda yalnız ev tikmirik; biz yeni həyat ritmi qurur, yeni şəhər fəlsəfəsi yaradır, savaşsonrası inkişaf modelini formalaşdırırıq.
Doqquz şəhərin və yüzlərlə kəndin sıfırdan yenidən qurulması milli layihə olmaqdan daha irəli çıxaraq, beynəlxalq miqyasda öyrənilən modelə çevrilməyi haqq edir. Forum iştirakçılarının, beynəlxalq ictimaiyyətin bu prosesi özəlliklə vurğulaması da bir göstəricidir.
Deyilənlərdən savayı, daha hansı önəmli məqamlar vardır?
Geniş anlamda desək, Azərbaycan dağıntının içindən yalnız daş-beton yox, məna da inşa edir.
Bəli, şəhər yaddaşdır, kimlikdir, nəfəsdir, insanın özünü aid hiss etdiyi mənəvi coğrafiyadır.
WUF13 çərçivəsində təmiz hava, dayanıqlı inkişaf, mədəni irsin qorunması, kiçik ada dövlətlərinin problemləri kimi mövzuların müzakirəsi də göstərdi ki, dünya yeni urban mərhələyə daxil olur. Bu mərhələdə şəhər həm də ekoloji vicdan, humanitar məsuliyyət və mədəni harmoniyanın daşıyıcısı olmalıdır.
Qlobal qarışıqların (qeyri-müəyyənliklərin) artdığı bir dönəmdə Bakının verdiyi yaxud Bakıdan verilən ismarıc isə apaydındır:
İnsanlıq yalnız birlikdə yaşaya bilər.
Şəhərlər yalnız birlikdə qurtula bilər.
Gələcək yalnız ortaq məsuliyyətlə qurula bilər.
Xəzərin qıyısındakı ən böyük şəhər (və yeganə paytaxt!) olan Bakı bu gün qlobal dialoq məkanı, şəhər diplomatiyasının yeni ünvanı, savaşsonrası dirçəliş modeli və gündoğarla günbatarın qovuşduğu sivilizasiya körpüsüdür.
Əgər bir paytaxt dünyanı özündə birləşdirə bilirsə, deməli o şəhər artıq xəritədəki nöqtə olmaqdan çıxıb zamanın döyünən ürəyinə çevrilib. – Vurğun necə deyirdi? –
“…Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim Ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.”
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az