![]()
Ermənistan və Türkiyə nümayəndələri avqustun 4-də İrəvanda tarixi Ani körpüsünün birgə bərpası üzrə yaradılmış işçi qrupunun ikinci iclasını keçiriblər.
Görüşdə tərəflər 2026-cı il mayın 4-də imzalanmış protokolun mümkün qədər tez həyata keçirilməsinin vacibliyini vurğulayıblar və bu istiqamətdə birgə səyləri davam etdirmək barədə razılığa gəliblər.
Qeyd olunub ki, sözügedən protokol işçi qrupunun ilk iclası çərçivəsində imzalanıb və Ermənistan-Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpasını nəzərdə tutur.

Qeyd edək ki, Ani körpüsünün bərpası ilə bağlı protokol 2026-cı il mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç tərəfindən imzalanıb. (APA)
Ani körpüsünün bərpası Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması demək olacaqmı?
Musavat.com bildirir ki, Ani körpüsünün birgə bərpası son illərdə Ermənistan-Türkiyə münasibətlərində həyata keçirilən nadir birgə layihələrdən biridir.
Bu layihə iki ölkə arasında dialoqun davam etdiyini göstərir, mədəni irsin siyasi qarşıdurmadan kənarda qorunmasının mümkünlüyünü nümayiş etdirir. Bununla belə, körpünün bərpası sərhədin açılması demək deyil. Bu, daha çox humanitar və mədəni əməkdaşlıq layihəsi olmaqla yanaşı, normallaşma prosesində simvolik əhəmiyyət daşıyan bir addım hesab olunur. Ani körpüsü Ermənistanla Türkiyə sərhədini təşkil edən Arpaçay çayı üzərində yerləşən orta əsr körpüsüdür. O, təkcə mühəndislik abidəsi deyil, həm də qədim Ani şəhərinin mühüm hissəsi olduğu üçün tarixi və siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Ani körpüsünün XII–XIII əsrlərdə inşa edildiyi hesab olunur. Körpü orta əsrlərdə Qafqazı, Anadolunu və Yaxın Şərqi birləşdirən əsas ticarət yollarından birinin üzərində yerləşirdi. O dövrdə Ani şəhəri regionun ən böyük iqtisadi və mədəni mərkəzlərindən biri idi. Bu körpü Ani şəhərinin əsas girişlərindən biri idi, İpək Yolunun regional marşrutlarından birinə xidmət edirdi, tacirlərin, zəvvarların və diplomatik nümayəndələrin keçidini təmin edirdi. Bu gün körpünün yalnız qalıqları qalsa da, o, orta əsr memarlığının mühüm nümunələrindən biri sayılır. Ani körpüsü Türkiyə ərazisində yerləşən Ani Arxeoloji Sahəsi kompleksinin tərkib hissəsidir. Bu ərazi 2016-cı ildə UNESCO Dünya İrs Siyahısına daxil edilib.
Bu körpünün bərpası və istifadəyə verilməsi Türkiyə ilə Ermənistan arasında etimadın artırılması baxımından əhəmiyyətli hesab olunur, normallaşma prosesində etimad qurucu addım kimi qiymətləndirilir.
Etibar Seyidağa,
Subyekt.az