![]()
Deyir, bəzən bir cümlə uzun illərin mübahisəsindən daha çox həqiqət çatdırmış ola bilir; bəzən də bir dövlətin başçısının etiraf etdiyi fakt onlarla siyasi yorumu, yüzlərlə təbliğat tezisini bir andaca anlamsızlaşdırmış olur.
Prezident Məsud Pezeşkianın bəlli açıqlaması bu baxımdan cari siyasi hadisəyə münasibətdən daha üstün məziyyətə malikdir; söhbət Bakı–Tehran münasibətlərinin son illərdə üzərinə yığılmış müəyyən informasiya dumanını dağıdan önəmli etirafdan gedir. Prezident Pezeşkian müharibənin ən ağır günlərində Azərbaycanın ölkəsinə yardım etdiyini, yaranmış çətinliklərin aradan qaldırılması üçün yolların, bank əlaqələrinin, digər imkanların qısa müddətdə bərpa olunduğunu, Azərbaycanın öz kommunikasiya imkanlarını İran üçün açdığını açıq şəkildə bildirdi. Ərdəmli etiraf üçün çox sağ olsun!
Bəli, bu, diplomatik təşəkkürdən daha üstün olaydır – elə faktın öz dilidir.
Azərbaycan Prezidenti İlham Əliyevin cavabı isə məsələnin tam mənəvi-siyasi çərçivəsini müəyyənləşdirdi.
Bəli, Azərbaycan dar, çətin günlərdə hər zaman dəyanət, mətanət göstərib. Bölgəmizdə baş vermiş son bəlli hadisələr fonunda Azərbaycanın ləyaqəti özünü bir daha parlaq şəkildə göstərdi.
Bəli, bizim dövlət heç zaman Arazın o tayındakı xalqla ayrı-ayrı siyasi-ideoloji dairələrin mövqeyini eyniləşdirməyib; əksinə, Bakı ən mürəkkəb dönəmlərdə belə, dövlətlərarası münasibətlərdə soyuqqanlılığını qoruyub, qonşuluq hüququnu siyasi konyunkturaya qurban verməyib. Eyni münasibəti Tehrandan heç də hər zaman görməsək də…
İllər boyunca Tehrandakı, Qumdakı müxtəlif siyasi, dini, hərbi və media çevrələrindən Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirilib; Azərbaycanın müstəqil xarici siyasəti bəzən məqsədli şəkildə yanlış yozulub. Teokratik siyasi sistemə, SEPAH-a simpatiyasını gizlətməyən bəzi çevrələr dövlətimizin siyasətini gözdən salmağa, yalan-yanlışlar uydurmağa çalışıb. Hətta Azərbaycanda da belələri – bəlli çevrələrin vətərləri, toxunanları, uzantıları-filan olub. (Bir çoxumuz bunu şəxsimizə qarşı da, müxtəlif fərqli libaslara bürünərək, müxtəlif kateqoriya, sahə, mövzu və məsələlər ardında gizlənərək kin-nifrət püskürənlərin timsalında görməmişikmi məgər?..)
Bəli, dövlət siyasəti şüarla ölçü-ülgüyə gəlmir; o, kritik anda göstərilən davranışla ölçülür.
Tehran çətin duruma düşəndə Azərbaycanın nə etdiyini Prezident Pezeşkian özü qəşəng cavablandırıb.
Bax, burada siyasətlə dövlətçilik arasındakı fərq apaydın görünür. Siyasətdə emosiyalar, ideoloji simpatiyalar, qarşılıqlı ittihamlar ola bilər; dövlətçilik isə daha böyük məsuliyyət tələb edir. Azərbaycan həmin məsuliyyəti bir daha göstərdi.
Ləyaqətli, təmkinli davranışın arxasında yalnız praqmatik hesab dayanmır. Bölgəmizi, aid olduğumuz, yiyə durduğumuz coğrafiyanı birləşdirən
yüzillərin, minillərin yaratdığı çoxqatlı tarixi-mədəni laylar, ortaq yaddaş landşaftı vardır.
Örnək versək, Araz qərinələrdir siyasi sınırdır, ancaq Araza mədəni yaddaşın sınırı deyə bilərikmi?.. O tayda milyonlarla Azərbaycan türkü öz torpağında yaşayır; ümumən toplumlar arasındakı qohumluq, dil, mədəniyyət, mənəviyyat bağları münasibətlərin adi qonşuluq formulundan daha mürəkkəb və daha dərin olduğunu göstərir.
Bununla belə, tarixi yaxınlıq dövlət çıxarlarını ləğv etmir.
Bakı Tehranla dostluq istəyirsə, bu, öz suverenliyindən güzəştə getmək anlamına gəlmir, əlbəttə. Bizim sayğıduyarlığımız Tehrandakı bütün siyasi mərkəzlərin hər davranışını qəbul etmək ola bilərmi? – Əsla, yox! – Azərbaycan qonşusunun çətin günündə yanında dayanırsa, bunun qarşılığında tələb etdiyi fövqəladə bir şey də yoxdur: sayğıduyarlığın qarşılıqlı olması, iç işlərinə qarışmamaq, suverenliyə sayğı və səmimi qonşuluq! Bax, bu dörd təməl üzərində qurulan münasibətlər Tehranın öz vətəndaşlarının ana dilində təhsil, söz, vicdan və mədəni özünüifadə hüquqlarına qanun və ədalət əsasında diqqətini də artırmış olmazmı?..
Əslində, sağlam Bakı–Tehran münasibətlərinin düsturu elə budur.
Prezident Pezeşkianın açıqlamasının başqa bir önəmi də vardır. Bu sözlər Azərbaycana qarşı illərdir yaradılmağa çalışılan “düşmən” obrazını fakt qarşısında qoyur. Əgər Azərbaycan düşməndirsə, onu düşmən gözündə görən paytaxtın ən ağır günlərində niyə ona kommunikasiya və logistik imkanları yaradırdı? Əgər Bakı Tehranın gücsüzləşməsini istəyirdisə, nə üçün böhran anında yüksək qonşuluq məsuliyyəti nümayiş etdirirdi?
Bu sualların cavabı sadədir və sadə suallara doğru-düzgün cavab verilməsi o cavabın ifadəçilərinə yalnız başucalığı gətirərdi…
Həqiqəti görmək istəməyənlər ya geopolitikanı anlamır, ya da anlamaq onların çıxarlarına uyğun gəlmir…
Azərbaycan artıq başqalarının ideoloji qəliblərinə yerləşdirilə biləcək dövlət deyil! Biz öz çıxarlarımızı özümüz müəyyən edən, Türkiyə ilə müttəfiqliyini, Türk dünyası ilə inteqrasiyasını inkişaf etdirən, eyni zamanda digər güc mərkəzləri ilə münasibətlərini milli çıxarlar əsasında quran bölgəsəl aktoruq. Biz qalib Azərbaycanıq! Dostluğu düşmənçilik üzərindən qurmamaq, müstəqilliyi isə kiminsə icazəsinə bağlamamaq – ləyaqətli respublikanın diplomatik gücü də bax bundadır!
Budur, Məsud Pezeşkianın sözləri buna görə qiymətlidir. Çünki bu dəfə Azərbaycanın davranışını Bakı deyil, Tehran özü təsdiqlədi.
Prezident İlham Əliyevin cavabı isə məsələyə daha böyük mənəvi miqyas verdi: dar gündə qonşunun yanında olmaq Azərbaycan xalqının tarixdən gələn davranış kodudur.
Dövlətlərin böyüklüyü yalnız qüdrətli günlərində necə davrandıqları ilə ölçülmür. Bəzən qonşunun zəif günündə necə davrandığın sənin öz gücünün ən aydın göstəricisinə çevrilir.
Azərbaycan bunu parlaq biçimdə göstərdi.
Bu həqiqəti Prezident Pezeşkiandan savayı, Tehranın Azərbaycana baxışını formalaşdıran bütün siyasi, ideoloji institutlar da düzgün oxumalıdır. İndi arzu edilən də, gərək olan da budur.
Deyirlər nə coğrafiyanı dəyişmək mümkündür, nə də tarixi yenidən yazmaq… Ancaq gələcəyi düzgün yazmaq mümkündür, əlbət!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az