![]()
Son günlər ölkədə kiberdələduzluq hallarının yeni forması müşahidə olunur. Kiber cinayətkarlar vətəndaşların WhatsApp hesablarını müxtəlif üsullarla ələ keçirərək onların adından ailə üzvlərinə, qohumlarına və dostlarına mesajlar göndərir, “təcili pul lazımdır”, “kredit ödənişi etməliyəm”, “kart hesabını göndər” kimi bəhanələrlə pul vəsaitlərini mənimsəyirlər.
Bu gün Subyekt.az xəbər informasiya portalına müraciət edən vətəndaş belə bir kiberdələduzluq hadisəsi ilə üzləşdiyini bildirərək kömək istəyib. Müraciət edən şəxsə hüquqi prosedurlar barədə tövsiyələr verilib, yaşadığı ərazi üzrə banka rəsmi ərizə ilə müraciət etməsi, eləcə də baş vermiş hadisə barədə polis orqanlarını məlumatlandırması tövsiyə olunub.
İlkin məlumata görə, dələduzlar ələ keçirdikləri WhatsApp hesabı vasitəsilə kontakt siyahısında olan şəxslərə müxtəlif məbləğlərdə – 100, 200 və daha artıq vəsait tələb edən mesajlar göndərirlər. Bəzi hallarda isə üçüncü şəxslərin kart hesablarından istifadə etməklə pul köçürmələrinin izini itirməyə çalışırlar. Nəticədə bir neçə saat ərzində zərərçəkənin yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti əldə edə bilirlər.
Subyekt.az vətəndaşlara müraciət edir:
– Ailə üzvünüz və ya dostunuzun adından pul istənildiyi halda, mütləq telefonla əlaqə saxlayaraq məlumatı dəqiqləşdirin.
– Yalnız mesaj əsasında heç bir bank kartına və ya hesaba pul köçürməyin.
– WhatsApp hesabınız üçün iki mərhələli doğrulama (Two-Step Verification) funksiyasını aktivləşdirin.
– Şübhəli keçidlərə daxil olmayın və naməlum şəxslərlə təsdiq kodlarınızı paylaşmayın.
– Kiberdələduzluqla qarşılaşdığınız halda dərhal bankınızı və hüquq-mühafizə orqanlarını məlumatlandırın.
Kiber cinayətkarlar fəaliyyət üsullarını daim yeniləyirlər. Bir anlıq diqqətsizlik ciddi maddi zərərlə nəticələnə bilər. Vətəndaşlar maksimum ehtiyatlı olmalı, hər hansı pul köçürməsindən əvvəl məlumatın doğruluğunu mütləq yoxlamalıdırlar.
Subyekt.az oxucuları bir daha ayıq-sayıq olmağa, bu xəbərdarlığı yaxınları ilə paylaşmağa çağırır.
Rövşən Hüseynli
Subyekt.az