![]()
Tanınmış kardioloq, Mərkəzi Klinikanın həkimi Firdovsi İbrahimov sosial mediada müzakirələrə səbəb olan hadisə ilə bağlı açıqlama yayıb.
Həkim açıqlamasında hadisənin tibbi tərəflərinə və xəstəyə göstərilən tibbi yardıma dair məlumat verərək, sosial şəbəkələrdə yayılan məlumatların hadisənin bütün mahiyyətini əks etdirmədiyini bildirib.
Firdovsi İbrahimovun sözlərinə görə, söhbət 60 yaşlı qadın xəstədən gedir. Xəstə səhər saat 06:00 radələrində ağır ürək çatışmazlığı, hemodinamik qeyri-stabil vəziyyət və kardiogen şok əlamətləri ilə Mərkəzi Klinikanın Təcili tibbi yardım şöbəsinə gətirilib.
Həkim qeyd edib ki, xəstəxanaya daxil olduğu zaman xəstənin oksigen saturasiyası 70 faiz, arterial təzyiqi 80/50 mm civə sütunu, nəbzi isə dəqiqədə 133 olub. Xəstədə ağciyər ödeminin də müşahidə edildiyi bildirilib.
“Xəstənin yaxınlarına vəziyyətin ağırlığı barədə məlumat verildi və onun stabilləşdirilməsi üçün kardioreanimasiya şöbəsində müalicəyə götürülməsinin zəruri olduğu bildirildi”, – deyə F.İbrahimov açıqlamasında vurğulayıb.
Kardioloq bildirib ki, Mərkəzi Klinika təsərrüfat hesablı tibb müəssisəsi olduğundan burada tibbi xidmətlərin böyük hissəsi ödənişli əsaslarla həyata keçirilir. Bununla yanaşı, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər də mövcuddur. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə görə isə müvafiq ödənişlərin həyata keçirilməsi tələb olunur.
Onun sözlərinə görə, bu barədə xəstənin yaxınlarına qəbul şöbəsi tərəfindən əvvəlcədən məlumat verilib, xidmətlərin ödənişli olması ilə bağlı müvafiq razılıq sənədləri imzalanıb.
F.İbrahimov qeyd edib ki, xəstə kardioreanimasiya şöbəsinə yerləşdirildikdən sonra onun həyati təhlükəli vəziyyəti nəzərə alınaraq, ödənişin həyata keçirilməsi gözlənilmədən təxirəsalınmaz tibbi yardım göstərilməsinə başlanılıb.
“Xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq, ödəniş gözlənilmədən dərhal protokola uyğun müalicə başlanıldı. Mən də təcili olaraq klinikaya gəldim və müalicə prosesinə şəxsən rəhbərlik etdim”, – deyə kardioloq bildirib.
Həkimin sözlərinə görə, ilkin müdaxilələr nəticəsində xəstənin vəziyyəti nisbətən stabilləşdirildikdən sonra o, angioqrafiya laboratoriyasına köçürülüb. Aparılan müayinələr zamanı xəstənin üç koronar damarında daralma aşkar edilib.
F.İbrahimov bildirib ki, əsas damarlardan birində kritik darlığın müəyyən edilməsi açıq ürək əməliyyatını zəruri edib. Lakin xəstənin ümumi vəziyyətinin ağırlığı həmin mərhələdə cərrahi müdaxilənin yüksək riskli olduğunu göstərib.
Həkimin sözlərinə görə, xəstənin vəziyyətinin bir neçə gün ərzində cərrahi müdaxiləyə imkan verəcək səviyyədə stabilləşdirilməsi gözlənilirdi. Lakin vəziyyətin həyati təhlükə yaratması səbəbindən gözləmək xəstənin həyatını risk altında saxlaya bilərdi.
“Bu vəziyyətdə klinikamızın yüksək texnoloji imkanlarından və müasir invaziv müdaxilə üsullarından istifadə etməklə xəstəni açıq cərrahi əməliyyat keçirmədən kritik vəziyyətdən çıxarmaq qərarına gəldik”, – deyə F.İbrahimov qeyd edib.
Onun sözlərinə görə, tibbi komanda yüksək məsuliyyətlə xəstənin həyatının xilas edilməsi üçün səfərbər olunub və koronar damara yüksək texnologiyalı tibbi avadanlıqlardan istifadə edilməklə müdaxilə həyata keçirilib.
Həkim bildirib ki, müdaxilədən sonra xəstənin klinik vəziyyətində əhəmiyyətli stabilləşmə müşahidə olunub.
F.İbrahimov istifadə olunan tibbi material və avadanlıqların yüksək texnologiyalı və bahalı olduğunu, onların ABŞ və Yaponiyada istehsal edildiyini diqqətə çatdırıb.
Kardioloq açıqlamasında tibbi müdaxilədən sonra xəstənin yaxınlarından biri ilə yaranmış fikir ayrılığına da toxunub. Onun sözlərinə görə, xəstənin vəziyyəti stabilləşdikdən sonra tibbi xidmətlərin ödənişi ilə bağlı narazılıq yaranıb və tibb əməkdaşlarına qarşı hörmətsiz ifadələr işlədilib.
Həkim vurğulayıb ki, bütün proses ərzində xəstənin kardioreanimasiya şöbəsində yatışı və müalicəsi üçün xəstə yaxınlarından ödəniş alınmayıb və tibbi yardım xəstənin həyati vəziyyəti nəzərə alınmaqla davam etdirilib.
Onun sözlərinə görə, xəstə vəziyyəti stabilləşdikdən sonra müvafiq müalicə təyin edilərək evə buraxılıb və xəstənin özü tibb komandasına təşəkkürünü bildirib.
F.İbrahimov həmçinin xəstənin yaxınlarından birinin özünü işğaldan azad olunmuş ərazilərdən olan şəxs kimi təqdim etdiyini qeyd edib. Həkim bildirib ki, həmin şəxsin müharibə iştirakçısı olması halında klinikada bu kateqoriyaya aid şəxslər üçün güzəştlərin tətbiq edildiyini bildirib. Lakin həmin şəxsin Vətən müharibəsində iştirak etmədiyini dediyini açıqlayıb.
Kardioloq sosial mediada hadisə ilə bağlı yayılan məlumatların qarşı tərəfin mövqeyi dinlənilmədən təqdim edilməsinin yolverilməz olduğunu vurğulayıb.
“Bəzi media mənsublarının həkimlərə qarşı əsassız və qarşı tərəfin mövqeyi öyrənilmədən ittiham xarakterli məlumatlar yayması ciddi narahatlıq doğurur”, – deyə F.İbrahimov bildirib.
Onun fikrincə, bu kimi hallar tibb işçiləri ilə cəmiyyət arasında qarşılıqlı etimad məsələsini gündəmə gətirir və ağır vəziyyətdə olan xəstələrin tibbi müəssisələrə müraciəti zamanı əlavə problemlərin yaranmasına səbəb ola bilər.
F.İbrahimov həkimlərin peşə fəaliyyətinin ictimai müzakirəyə çıxarılması zamanı hadisənin bütün tərəflərinin araşdırılmasının, qarşı tərəfin mövqeyinin dinlənilməsinin və yalnız təsdiqlənmiş məlumatlara əsaslanılmasının vacibliyini vurğulayıb.
“Bu cür xoşagəlməz hallar bizi məyus etsə və işimizi çətinləşdirsə də, ölkə də bizimdir, Vətən də bizimdir. Biz öz işimizi vicdanla davam etdirməliyik”, – deyə kardioloq qeyd edib.
Firdovsi İbrahimov açıqlamasının sonunda dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur kəlamını xatırladıb:
“Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz!”
Subyekt.az