![]()
Sığorta şirkətlərindən yararlanan varmı?
Mən şirkətinin xidmətindən məyus oldum.

Hər dəfə xaricə səfər edəndə ABB tətbiqi üzərindən — bank tətbiqləri arasında ən funksional və rahat tətbiqlərdən biri hesab etdiyim üçün — bu şirkətin səfər sığortasını alıram. İllərdir belədir. 22 manata premium paket əldə edir, sığorta təminatına güvənərək səfərə çıxıram. İndiyədək sığortadan istifadə etməyə ehtiyacım olmayıb.
Lakin son səfərimdə vəziyyət fərqli oldu.
Beş günlük məzuniyyətimin Bakıya dönüş günü yüngül başgicəllənmə hiss etdim. Bunun dənizin soyuq suyundan, hər gün kondisionerdə yatmaqdan və ya başqa səbəblərdən qaynaqlana biləcəyini düşündüm. Bakıda tanıdığım həkimlərlə məsləhətləşdim. Hətta süni intellekt əsaslı məsləhət sistemindən də soruşdum və ümumi tövsiyə belə oldu ki, uçuşdan əvvəl müayinədən keçmək məqsədəuyğundur. Həkimlərdən biri isə müayinə olunmadan təyyarəyə minməyin riskli ola biləcəyini bildirdi.
Prosedura uyğun olaraq dərhal sığorta sənədində göstərilən ünvanlara yazdım və qeyd olunan telefon nömrələri ilə əlaqə saxladım.
Bundan sonra isə mənim üçün kifayət qədər ləng, yorucu və əsəbi bir proses başladı.
Müraciətimdən təxminən iki saat sonra məni yaşadığım hoteldən 65 dəqiqəlik məsafədə yerləşən xəstəxanaya yönləndirdilər. Araşdırdıqda məlum oldu ki, həmin tibb müəssisəsində müvafiq tibbi avadanlıqlar, xüsusilə də MRT aparatı yoxdur. Yəni ilkin müayinədən sonra məni yenidən MRT imkanları olan başqa xəstəxanaya göndərmələri lazım gələcəkdi.
Biz isə sığorta şirkətinə bildirdik ki, hoteldən cəmi 2 kilometr məsafədə yüksək səviyyəli xəstəxana var və məhz həmin tibb müəssisəsinə yönləndirilməyimiz daha məqsədəuyğundur.
Burada başqa bir məqam da diqqətimi çəkdi.
Azərbaycan şirkəti ilə ünsiyyət saxladığım halda, yazışmaların və telefon danışıqlarının ingilis, rus, bəzi hallarda isə türk dilində aparılması məni ciddi şəkildə təəccübləndirdi. Xaricdə tibbi narahatlıq yaşayan Azərbaycan vətəndaşının öz ölkəsinin sığorta şirkəti ilə Azərbaycan dilində rahat və operativ şəkildə əlaqə saxlaya bilməsi, məncə, xidmət keyfiyyətinin əsas göstəricilərindən biri olmalıdır.
Daha bir saat keçdi.
Bu mərhələdə qərar verdim ki, özümə və həkim Zülfüqar Yusifova güvənərək hava limanına gedim və planlaşdırılan reysə çatım.
Məhz hava limanına çatanda isə sığorta şirkətindən mesaj gəldi: istədiyim şəhərdə, istədiyim klinikada məni qəbul etməyə hazırdırlar.
Lakin artıq ilk müraciətimizdən təxminən dörd saat keçmişdi.
Təyyarənin qapısı da artıq bağlanmışdı.
Heç nə olmadı. Şükürlər olsun ki, Bakıya sağ-salamat gəldim. Burada müayinədən də keçdim və məsələ operativ şəkildə həll olundu. Hər şey qaydasında idi.
Bu proses zamanı mənə tibbi dəstək göstərən, diqqət və peşəkarlıq nümayiş etdirən doktor İdris Xəlilova və Diaqnoz Tibb Mərkəzindən Aydın həkimə təşəkkür edirəm.
Lakin yaşadığım hadisə məndə daha fundamental bir sual yaratdı: Səfər zamanı həqiqətən tibbi yardıma ehtiyac yarandıqda sığorta şirkətinə nə dərəcədə güvənmək olar?
Sığortanın mahiyyəti məhz çətin və gözlənilməz vəziyyətlərdə insanın yanında olmaqdır. Vətəndaş sığorta haqqını illərlə vaxtında ödəyirsə, bunun qarşılığında yalnız sığorta polisinin mövcudluğuna deyil, həm də operativ, əlçatan və effektiv xidmətə güvənmək istəyir.
Xüsusilə xarici ölkədə sağlamlıqla bağlı problem yaşayan insan üçün vaxt amili son dərəcə vacibdir. Dörd saat sonra verilən tibbi yönləndirmənin nə dərəcədə effektiv olduğu isə ayrıca sualdır.
Mənim məqsədim kimisə əsassız ittiham etmək deyil. Əksinə, yaşadığım konkret hadisəni ictimai müzakirəyə çıxarmaq və sığorta xidmətlərinin keyfiyyəti ilə bağlı haqlı suallar yaratmaqdır.
Əgər sığorta şirkəti vətəndaşa xaricdə tibbi yardım göstərməyi üzərinə götürürsə, bu xidmət operativ, peşəkar, əlçatan və mümkün qədər ana dilində təşkil edilməlidir.
Çünki sığorta yalnız bir sənəd və ya 22 manatlıq paket deyil.
Sığorta — insanın ən ehtiyac duyduğu anda ona verilən güvən və təminatdır.
Mən isə bu hadisədən sonra belə bir nəticəyə gəlmişəm: ən azı şəxsi təcrübəmə əsasən, xaricdə xəstələnəcəyim təqdirdə Atəşgah Sığortaya əvvəlki qədər arxayın ola bilmərəm.
Ümid edirəm ki, bu yazı sığorta şirkətləri üçün də bir siqnal olacaq və müştərilərin real problemləri, xüsusilə xaricdə təcili tibbi yardıma ehtiyac yarandığı hallar daha ciddi şəkildə nəzərə alınacaq.
#Atəşgah Sığorta #RaufArifoğlu #Sığorta
Subyekt.az