![]()
Kəlbəcərdə 11 yaşlı Yaqubun axtarışları artıq üçüncü gündür ki, fasiləsiz davam edir. Faciəli hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən intensiv axtarış tədbirləri həyata keçirilsə də, hələlik nəticə əldə olunmayıb.
Bu səbəbdən Kəlbəcər sakini Şəmsəddin Məmmədov ictimaiyyətə, xüsusilə də rayonda quruculuq işləri həyata keçirən şirkətlərin rəhbərlərinə və könüllülərə müraciət edərək axtarışlara dəstək göstərməyə çağırıb.
Müraciətdə deyilir:
“Əziz həmvətənlilər! Üç gün əvvəl Cəpli kəndi ərazisində 11 yaşlı Yaqub selin güclü axını nəticəsində Lev çayına düşüb. Aidiyyəti dövlət qurumları gecə-gündüz axtarış aparırlar. Lakin mövcud şərait əlavə insan qüvvəsinin və texniki imkanların səfərbər olunmasını zəruri edir.
Rayonda fəaliyyət göstərən tikinti və quruculuq şirkətlərinin rəhbərlərinə üz tutaraq xahiş edirəm ki, texnikaları və əməkdaşları ilə bu humanitar missiyaya qoşulsunlar. Eyni zamanda, könüllüləri də axtarışlara dəstək verməyə çağırıram. Bir uşağın taleyi hər birimizin vicdan məsələsidir. Səssiz qalmayaq, həmrəyliyimizi nümayiş etdirək və axtarış işlərinə mümkün olan hər cür dəstəyi göstərək.”
Belə həssas məqamlarda cəmiyyətin həmrəyliyi, dövlət qurumlarına ictimai dəstəyin göstərilməsi və imkanların birləşdirilməsi böyük əhəmiyyət daşıyır. Ümid edirik ki, birgə səylər nəticəsində axtarışlar tezliklə müsbət nəticə verəcək.

#Kəlbəcər #Dəstəkol #Çəplikəndi
Subyekt.az