![]()
Dövlət qulluğu peşəkarlıq, yüksək məsuliyyət hissi və dövlətə sədaqət tələb edən fəaliyyət sahəsidir. Bu sahədə uzun illər vicdanla çalışan, öz peşəkar fəaliyyəti ilə dövlət idarəçiliyinə töhfə verən kadrlar ölkənin institusional yaddaşının formalaşmasında mühüm rol oynayırlar. Ömrünün böyük hissəsini dövlət qulluğuna həsr etmiş, qaçqın və məcburi köçkünlərlə iş sahəsində uzunmüddətli fəaliyyəti ilə seçilən 2-ci dərəcə dövlət müşaviri Qurban Sadıqov da belə dövlət qulluqçularındandır.
Qurban Rza oğlu Sadıqov 1962-ci il iyulun 15-də Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olub. O, M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu və Bakı Dövlət Universitetini bitirib, rus dili və ədəbiyyatı müəllimi, eləcə də hüquqşünas ixtisaslarına yiyələnib.
Əmək fəaliyyətinə 1984-cü ildə Kəlbəcər rayonunun Sarıdaş kənd orta məktəbində müəllim kimi başlayan Qurban Sadıqov sonradan müxtəlif məsul vəzifələrdə çalışıb. 1991-ci ildə Kəlbəcər Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində təlimatçı, daha sonra Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
1993-cü ildə Kəlbəcərin işğalından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetində fəaliyyətə başlayan Qurban Sadıqov Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbədə referent kimi əmək fəaliyyətini davam etdirib. Dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışaraq şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Sonradan Nazirlər Kabineti Aparatının strukturunda aparılan islahatlar nəticəsində Humanitar və sosial məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
30 ildən artıq dövlət qulluğu stajına malik olan Qurban Sadıqov qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edib. O, müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaşlarla iş sahəsində geniş təcrübə qazanıb.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Qurban Sadıqov səmərəli dövlət qulluğuna görə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2-ci dərəcə dövlət müşaviri ali ixtisas dərəcəsinə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Hazırda Qurban Sadıqov Azərbaycan Respublikası Nazirlər Kabinetində Vətəndaşların qəbulu sektorunun müdiri vəzifəsində fəaliyyətini davam etdirir.
64 illik ömür yolunu dövlətə və xalqa xidmətə həsr etmiş Qurban Sadıqovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Doğum gününüz mübarək, Qurban müəllim!
Şəlalə Camal
Subyekt.az