![]()
Tanınmış jurnalist, sənətşünas Şəlalə Camal Subyekt.az-a açıqlamasında 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə doğma yurdunun işğaldan azad olunmasının tarixi və mənəvi əhəmiyyətindən, ailəsinin illərlə yaşadığı yurd həsrətindən, eləcə də Kəlbəcərdə aparılan bərpa və quruculuq işlərindən danışıb.
Əslən Kəlbəcərli olan müsahib bu tarixin onun üçün xüsusi məna daşıdığını, doğma torpağın azadlığa qovuşmasının ailəsində unudulmaz sevinc və qürur hissi yaratdığını vurğulayıb.
“25 noyabr mənim üçün adi, sıradan bir tarix deyil. Bu günün mənim üçün əhəmiyyəti və dəyəri sözlə ifadə edilməyəcək qədər böyükdür. Bu, illərdir Kəlbəcər həsrəti ilə yaşayan atamın gözlərində yenidən parlayan işığın günüdür. Həsrətin, nisgilin, illərlə ürəyimizdə böyütdüyümüz qayıdış arzusunun sevincə çevrildiyi gündür. Xoşbəxtliyimizi sevinc göz yaşları ilə bir-birimizə sarılaraq bölüşdüyümüz, sanki illərin ağrısını bir anın içində unutduğumuz gündür. Bu, həm də doğma yurdun həsrəti ilə dünyadan köçən dədə-babalarımızın ruhunun şad olduğu, onların yarımçıq qalmış arzularının gerçəkləşdiyi gündür”, – deyə Ş.Camal bildirib.
O qeyd edib ki, Kəlbəcər həm də ailə tarixinin, nəsil yaddaşının, köklərin və milli kimliyin ayrılmaz hissəsidir. Doğma torpağa bağlılıq insanın yaddaşında, ailəsindən eşitdiyi xatirələrdə, valideynlərinin danışdığı həyat hekayələrində yaşayır.
“Bizim üçün Kəlbəcər hər şeydən əvvəl ata-baba ocağıdır. İnsan bəzən doğulduğu torpaqdan uzaqda yaşasa da, həmin yerə bağlılığını heç vaxt itirmir. Çünki yurd sevgisi yalnız orada yaşamaqla ölçülmür. Bu sevgi ailədən, valideynlərdən, nənə-babaların xatirələrindən, uşaqlıqdan eşitdiyimiz söhbətlərdən formalaşır. Kəlbəcərin adı çəkiləndə hər kəsin yaddaşında ayrı bir mənzərə canlanır: kiminsə uşaqlığı, kiminsə ata ocağı, kiminsə doğmalarının xatirəsi, kiminsə isə heç vaxt görə bilmədiyi, ancaq haqqında eşidərək böyüdüyü doğma yurd. Ona görə də Kəlbəcərin azadlığı bizim üçün həm də mənəvi dünyamızın, ailə yaddaşımızın özünə qayıdışıdır”, – deyə müsahib vurğulayıb.
Kəlbəcər Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Kiçik Qafqazın dağlıq ərazisində yerləşən rayon zəngin təbiəti, meşələri, çayları, mineral su mənbələri və tarixi-mədəni abidələri ilə seçilir. Rayonun ərazisi 3050 kvadratkilometrdir. İşğaldan əvvəl burada bir şəhər, bir qəsəbə və 129 kənd mövcud olub.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib. İşğal nəticəsində rayonun dinc əhalisi doğma yurdunu tərk etməyə məcbur olub, yaşayış məntəqələri, sosial infrastruktur, tarixi və dini abidələr ciddi dağıntılara məruz qalıb. İşğal zamanı 511 dinc sakinin öldürüldüyü, 321 nəfərin isə əsir götürüldüyü və itkin düşüb.
Ş.Camal bildirib ki, Kəlbəcərin işğalı ərazi itkisi ilə də məhdudlaşmır, minlərlə insanın həyatında dərin iz buraxan böyük faciə olub. Ailələr doğma evlərindən, illərlə qurduqları təsərrüfatlarından, əcdadlarının məzarlarından və doğma mühitlərindən ayrılmaq məcburiyyətində qalıblar.
“İşğal illəri kəlbəcərlilər üçün çox ağır sınaq oldu. İnsan öz evini, həyətini, uşaqlıq xatirələrini, doğmalarının məzarlarını geridə qoyanda əslində həyatının böyük bir hissəsini də orada saxlayır. Məcburi köçkünlük yalnız yaşayış yerini dəyişmək deyil. Bu, insanın gündəlik həyatının, ailə ənənələrinin, sosial münasibətlərinin və mənəvi dünyasının dəyişməsidir. Uzun illər doğma yurda qayıtmaq arzusu ilə yaşamaq hər kəsin qəlbində özünəməxsus bir nisgil yaradır”, – deyə o bildirib.
Müsahib diqqətə çatdırıb ki, Kəlbəcərin işğalı beynəlxalq təşkilatların da diqqət mərkəzində olub. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul edib. Sənəddə Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılması tələb olunub. Lakin qətnamənin tələbləri uzun illər yerinə yetirilməyib.
Ş.Camalın sözlərinə görə, Azərbaycan xalqının torpaqlarımızın azad olunacağına inamı heç vaxt sarsılmayıb. Bu inamın qorunmasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək qələbəsi üçün yaradılmış siyasi əsaslar mühüm rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, hərbi və diplomatik potensialı gücləndirilib, torpaqlarımızın azad olunması əsas milli hədəf kimi daim diqqətdə saxlanılıb.
Sənətşünas qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olub. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar, xalq-ordu birliyi və dövlətin qətiyyətli siyasəti tarixi Zəfəri təmin edib.
O vurğulayıb ki, bu Qələbə, ilk növbədə, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin misilsiz döyüş əzmi sayəsində mümkün olub. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların Vətən uğrunda göstərdikləri igidlik gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq.
“Biz Kəlbəcərə qayıdış sevincini yaşayırıqsa, bu sevincin arxasında şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgərlərimizin qəhrəmanlığı dayanır. Bu torpaqların hər qarışı uğrunda canından keçən oğullarımızın qarşısında baş əyirik. Onların fədakarlığı olmasaydı, bu gün doğma yurdumuzun azadlığından, orada yenidən həyat qurulmasından danışa bilməzdik. Kəlbəcərin azadlığına aparan yol Vətən müharibəsində göstərilən misilsiz qəhrəmanlıqdan, xalqımızın birliyindən və dövlətimizin qətiyyətindən keçdi”, – deyə Ş.Camal bildirib.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulub. İlkin olaraq noyabrın 15-dək müəyyənləşdirilən təhvil müddəti Ermənistan tərəfinin müraciətindən sonra noyabrın 25-dək uzadılıb. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.
“2020-ci il noyabrın 25-də Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olması xalqımızın tarixinə əlamətdar hadisə kimi yazıldı. Rayonun yeni hərbi əməliyyat keçirilmədən, bir güllə belə atılmadan, 1 qram qan belə tökülmədən Azərbaycana qaytarılması 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin mühüm nəticələrindən biri idi. Həmin gün yalnız torpaqlarımız deyil, illərlə bu torpaqların həsrəti ilə yaşayan insanların qayıdış ümidi də öz sahiblərinə qovuşdu. Bu, dövlətimizin siyasi iradəsinin, ordumuzun gücünün və xalqımızın birliyinin təntənəsi idi”, – deyə Ş.Camal vurğulayıb.
Jurnalist Prezident İlham Əliyevin 2020-ci il noyabrın 25-də xalqa müraciətini də həmin günün tarixi əhəmiyyətini ifadə edən mühüm hadisələrdən biri kimi dəyərləndirib. Dövlət başçısının Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciəti rayon sakinlərinin və bütün Azərbaycan xalqının sevincinə şərik olmasının, tarixi hadisənin siyasi və mənəvi əhəmiyyətinin ifadəsi idi.
Ş.Camal qeyd edib ki, Kəlbəcərin azad olunması ərazi bütövlüyünün bərpası baxımı ilə yanaşı, həm də Azərbaycanın təhlükəsizliyi, strateji maraqları və regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu qələbə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə uğurla davam etdirilməsinin nəticəsidir.
Tanınmış jurnalist, sənətşünas Kəlbəcərin zəngin təbii sərvətlərindən və tarixi-mədəni irsindən bəhs edərkən rayonun Azərbaycanın ən özünəməxsus bölgələrindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, Kəlbəcər dağlıq relyefi, meşələri, dağ çayları, mineral su mənbələri və faydalı qazıntı yataqları ilə seçilir. Xüsusilə İstisu mineral suyu rayonun və bütövlükdə Azərbaycanın tanınmış təbii sərvətlərindəndir.
“İstisu Kəlbəcərin adını ölkə hüdudlarından kənarda da tanıdan təbii sərvətlərimizdəndir. Bu mineral suyun özünəməxsus tərkibi, təbii xüsusiyyətləri və tarixi şöhrəti var. Hələ sovet dövründə İstisu müalicəvi əhəmiyyəti ilə tanınır, burada sanatoriya fəaliyyət göstərirdi. İşğal nəticəsində bu imkanlardan uzun illər istifadə etmək mümkün olmadı. Bu gün İstisu mineral su zavodunun yenidən fəaliyyətə başlaması həmin ənənənin bərpası baxımından əlamətdar hadisədir”, – deyə o bildirib.
Qeyd edək ki, Kəlbəcərdə İstisu mineral suyunun istehsalına 1976-cı ildə başlanılıb. 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yenidən qurulan İstisu mineral su zavodunun açılışı olub.
Ş.Camal sənətşünas kimi Kəlbəcərin tarixi-mədəni irsinin qorunmasının xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb. Bildirib ki, rayonun ərazisindəki qədim alban məbədləri, qalalar, türbələr, qəbiristanlıqlar və qayaüstü təsvirlər xalqımızın çoxəsrlik tarixini əks etdirən ən önəmli mədəniyyət nümunələridir.
Onun sözlərinə görə, Kəlbəcərdə yerləşən Xudavəng məbəd kompleksi, qədim yaşayış məskənləri və digər tarixi abidələr rayonla birgə, bütövlükdə Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir. Bu abidələrin qorunması, elmi əsaslarla tədqiqi, bərpası və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir.
“Tarixi abidələr bir xalqın yaddaşıdır. Onlar keçmişimizi, mədəniyyətimizi, dünyagörüşümüzü və həyat tərzimizi özündə yaşadır. Kəlbəcərin tarixi irsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. İşğal dövründə abidələrimizə vurulan zərər xalqımızın mədəni yaddaşına vurulan zərbədir. İndi əsas vəzifələrdən biri bu irsi qorumaq, araşdırmaq, bərpa etmək və onun həqiqi mənsubiyyətini gələcək nəsillərə çatdırmaqdır”, – deyə sənətşünas bildirib.
Ş.Camal hazırda Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin rayonun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr doğma torpaqlarda dayanıqlı yaşayışın təmin olunmasına, müasir infrastrukturun yaradılmasına və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasına xidmət edir.
Müsahib qeyd edib ki, Kəlbəcərdə yol-nəqliyyat infrastrukturu yenidən qurulur, elektrik və su təchizatı sistemləri yaradılır, yaşayış binaları və sosial obyektlər inşa olunur. Bu işlər rayonun iqtisadi potensialının reallaşdırılması və sakinlərin rahat yaşayışının təmin edilməsi baxımından vacibdir.
Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı 2025-ci il avqustun 20-də başlayıb. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərə qayıdan sakinlərlə görüşərək yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Sentyabrın 20-də isə növbəti köç mərhələsində 29 ailə – 115 nəfər Kəlbəcər şəhərinə köçürülüb.
“İllərlə Kəlbəcərə qayıtmaq arzusu ilə yaşayan insanların bu gün doğma torpaqda yeni həyat qurması olduqca sevindirici hadisədir. Ən böyük arzumuz odur ki, Kəlbəcərin küçələri yenidən insan səsləri ilə canlansın, evlərdən uşaqların gülüşü eşidilsin, məktəblərdə zəng çalsın, həyətlərdə ağaclar əkilsin. Doğma yurd yalnız evlərin tikilməsi ilə deyil, orada həyatın bərpası ilə dirçəlir. Böyük Qayıdışın əsl mahiyyəti də məhz budur: insanların öz evlərinə, torpaqlarına, doğma mühitlərinə qayıtması və burada gələcəklərini qurması”, – deyə müsahib bildirib.
O vurğulayıb ki, Kəlbəcərin yenidən qurulması yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, rayonun tarixi simasının, mədəni mühitinin, adət-ənənələrinin və sosial həyatının bərpasını da əhatə etməlidir. Doğma yurda qayıdan sakinlərin məşğulluğunun təmin olunması, təhsil və səhiyyə xidmətlərinin təşkili, turizm imkanlarının inkişaf etdirilməsi rayonun dayanıqlı gələcəyi üçün mühüm şərtlərdir.
Ş.Camal Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 25-nin Kəlbəcər Şəhəri Günü elan edilməsini də tarixi hadisənin əbədiləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. Həmin Sərəncama əsasən, 25 noyabr hər il Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Müsahibin sözlərinə görə, Kəlbəcərin azad olunması bir rayonun xəritədə yenidən Azərbaycanın tərkibində görünməsi ilə məhdudlaşmır. Bu, illərlə doğma torpağa qayıtmaq ümidi ilə yaşayan insanların arzularının gerçəkləşməsi, tarixi ədalətin bərpası və nəsillərin qəlbində yaşatdığı yurd sevgisinin təntənəsidir.
O bildirib ki, bu gün doğma yurda qayıdan hər bir ailə ilə birlikdə illərlə qorunan xatirələr, ailə tarixçələri və yarımçıq qalmış arzular da öz ünvanına qovuşur. Kəlbəcərin həsrəti ilə dünyasını dəyişən insanların arzularının onların övladları və nəvələri tərəfindən gerçəkləşdirilməsi isə xüsusi mənəvi məna daşıyır.
“Bu gün Kəlbəcərə qayıdan hər ailə ilə birlikdə bir xatirə, bir ömürlük həsrət, bir ailə tarixçəsi də öz yurduna dönür. Bəlkə də bu torpaqlara qayıtmağı ömrü çatmadığı üçün görə bilməyən insanlar var. Ancaq onların övladları, nəvələri bu gün doğma yurdun yolları ilə addımlayır, illər əvvəl yarımçıq qalan arzuları davam etdirirlər. Bu, həm də nəsillər arasında mənəvi körpünün bərpasıdır. Dədə-babalarımızın bizə miras qoyduğu yurd sevgisini gələcək nəsillərə ötürmək, Kəlbəcərin tarixini, mədəniyyətini və adət-ənənələrini yaşatmaq hər birimizin məsuliyyətidir”, – deyə Ş.Camal vurğulayıb.
Sonda 25 noyabrın onun üçün ifadə etdiyi mənəvi dəyərdən danışan tanınmış jurnalist, sənətşünas Şəlalə Camal doğma Kəlbəcərin azadlığının ailəsində heç vaxt unudulmayacaq duyğular yaşatdığını bildirib:
“25 noyabr mənim üçün atamın gözlərindəki işıq, ailəmizin sevinc göz yaşları, dədə-babalarımızın ruhuna ünvanlanan bir müjdədir. Bu gün Kəlbəcərin azadlığı ilə yanaşı, illərdir ürəyimizdə daşıdığımız bir nisgilin də sona çatdığı gündür. Kəlbəcər yenidən bizimdir. Bu torpağa bağlılığımızı nə illər, nə ayrılıq, nə də həsrət dəyişə bildi. İnanıram ki, doğma Kəlbəcərimiz bundan sonra daha da inkişaf edəcək, öz sakinlərinin qayıdışı ilə əvvəlki şöhrətini bərpa edəcək. Bu gün azad Kəlbəcərin hər qarışında şəhidlərimizin müqəddəs xatirəsi yaşayır. Onların bizə əmanət etdiyi bu torpaqları qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə bütöv şəkildə ötürmək hər birimizin borcudur. Ən böyük arzumuz odur ki, Kəlbəcərdə həyat daim davam etsin, doğma yurdumuzun qapıları gələcək nəsillər üçün həmişə açıq olsun”.
Subyekt.az