Yayın ortasında Gəncə çölündə
Çıxıblar yenə də dizə lalələr.
Qıpqırmızı şehli köynəklərini
Səriblər dərəyə, düzə lalələr.
Ziyalı timsalında el özünün zehni, mənəvi varlığının gerçəkliyini, öz ideallarının carçısını görür. Əsl ziyalılara həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada öz milli mövqeyini dərk etməkdə onlara hərəkətverici qüvvə kimi baxır. Ziyalı adını ləyaqətlə daşıyanlar isə elin etibarını, ümidini doğrultmağı müqəddəs borc sayırlar. Filosof–estetik, şair, içtimai xadim Aslan Məmməd oğlu Aslanov onların önündə olan şəxsiyyətlərdəndir. Aslan Aslanovun yaradıcılığı çoxşaxəlidir. Vətənin, xalqın, milli dəyərlərimizin, təbiət gözəlliklərinin, hətta gülün-çiçəyin belə tərənnümü özünəməxsus yer tutur. Sənətdə sehrli nə varsa, intuisiyanın gözlənilməz kəşflərindən doğur. Kimin intiusiyası laldırsa, o nə sənətin dilini bilər, nə sənət dilində yaradar. El dilinin saf şeiriyyətinə sahib olanlar poeziyasını bir poeziya kimi başqalarına çatdırırlar. Yalnız sözün duruluğunda nəcib duyğuların işığı könülü oxşayır. Sözdə hisslərinin, fikrin vəznini artırmaq istəyənlərin meyarı-təbii sadəlikdir. Elə burada şairin sözünün sehrini, əfsunlayıcı təsirinin sirlərini görürük.
Nə mənası quru yerdə ad-sanın,
Ey insanlar, gül-çicəyə yaslanın.
İlk şüarı, al bayrağı Aslanın
Gözəllikdir, gözəllikdir, gözəllikdir!
Aslan Aslanov şairlər vətəni Qazax mahalında, 1926-cı il yanvarın 1-də Ağstafada anadan olub. Atası Məmməd kişi, anası Zeynəb xanım el yaradıcılığının, sazın-sözün vurğunu idilər. Evlərində tez-tez aşıq məclisləri olardı. A. Aslanov uşaqlıqdan onlara heyranlıqla qulaq asardı. Hələ orta məktəbdə oxuyarkən qələmini şeirdə, nəsrdə sınamışdı. A. Aslanov Ağstafa dəmiryol orta məktəbini bitirdikdən sonra, ADU-nun fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə etmiş (1958), dosent vəzifəsinə təyin olunmuşdur. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru (1977-1987) vəzifəsində işləmişdir. Beynəlxalq elmi konqreslərdə İsveçrədə (1968), Almaniyada (1970), Ruminiyada (1972) və Moskvada (1979) məruzə ilə çixiş etmişdir. Ingiltərə və Almaniya Federativ Respublikasında (1978-1979) keçirilən sovet elmləri günlərinin iştirakçisi olmuşdur. Aslan Aslanovun estetika sahəsində dərin elmi axtarışları onu bu fənnin tanınmış tədqiqatçıları sırasına çıxardı. Xüsusən “İncəsənət və tərbiyə” (1967) kitabı əsərləri içərisində seçilirdi. A.Aslanovun bu kitab əsasında yazdığı doktorluq dissertasiyası fəlsəfi içtimaiyyətin yüksək elmi qiymətini qazanmışdır. A. Aslanov 1961-ci ildən universitetdə yaradılmış estetika-etika kafedrasına müdir seçilmişdir. Aslan müəllimin xeyirxah fəaliyyəti sayəsində kafedrada estetikadan, etikadan bir çox alimlər yetişdirilib. Bütün bu fəaliyyəti onu elmi, bədii yaradıcılıqdan ayırmamışdır.
İstedadlı şair A.Aslanovun poeziyasında məhz təbiətin özündən, dumanlı dağlardan meşələrdən, səhər-səhər kirimişcə puçurlayan ağaclardan, narın-narın yağan yağışlardan, mavi gözlü bulaqlardan, dan yerinin ilk şəfəqlərilə işıqlanan şumlardan, otlaqlardan və insan qəlbinin incə çırpıntılarından gələn təravətli duyğular hiss edirsən. Şair təbiəti, insanı həssaslıqla duyub ifadə etməyi bacarır. O, heç zaman mədhiyyəçilik etmir. Sadəlövh heyranlığına aludə olmur. O, təbiəti həssas bir rəssam kimi duyur:
Keçdi gecə, ay dolandı, səma aydın, doğdu ülkər,
Əsdi külək güzgü suya yarpaq atdı səhər-səhər.
Silkindilər ağ ördəklər, göy göllərdə üzdülər, bax,
Ala gözlü nazlı qızlar saçlarına çəkdi daraq.
Onun əlvan boyalarla təsvir etdiyi təbiət mənzərələrində insan nəfəsi, zərif insan hisləri kövrək bir aydınlıqla, bəzən həsrətlə bəzən nisgillə duyulur. Şair, bütün ömrünü-gününü bəzən sisli-dumanlı, bəzən nurlu-günəşli meşələrə bağlamış meşəbəyiyə müraciətlə deyir:
Meşəbəyi, qəm eyləmə,
Az qalıbdır, gələr bahar.
Göy dağların coşar yenə
Sinəsindən sellər, sular.
Həqiqi poeziya insanın, təbiətin gözəlliyini dərindən duymaqdır, sadəcə mədhiyyə oxumaq deyil! Onun vətən sevgisi, bu vətənin torpağına-daşına, güllərinə, çiçəklərinə, zəmilərinə və eləcə də insanlarına təbii bağlılığında, necə deyərlər, onlarla “can bir qəlbdə” olmasındadır.
Vətən dağları-çiçəkləri lap qədimdən bəri həmişə şairlərimizin ilham mənbəyi olmuşdur və yazılan bu saysız-hesabsız şeirlərdən ancaq elələri yaşamışdır ki, onlarda şairin təzə, təravətli bir ruhu, avazı hiss olunsun.
A. Aslanovun lirik qəhrəmanı romantik olduğu qədər də real şəxsiyyətdir. O, təbiətin, həyatın konkret mənzərələrinə, konkret anlarına nüfuz etməyi, onları həssas qəlblə duymağı bacarır.Təbiilik, zərif və sadəlik, aydınlıq, təbiətə nüfuz etmək həssaslığı A.Aslanovun şeirinin gözəl xüsusiyyətlərindəndir. Onun dilində xalq dilindən gələn bir şirinlik var. Onda ürəyə yatmayan süni ifadəyə, içi boş təbirlərə rast gəlmək çətindir.
Azərbaycan dili anamın dili,
Nənəmin sevdiyi xananın dili,
Böyük Füzulinin, Vaqif, Vurğunun,
Elimin, obamın, komamın dili.
Müəllifin şeirli anları onun nəğməli günləridir. Bu o anlardır ki, A. Aslanov “şair libası”geyir, daxili aləminə dalır. Dünyaya şair nəzəri ilə baxır. A. Aslanovun şeirlərinin bir qismi nəğmə mətnləri kimi istifadə olunmuş, ən populyar mahnıların sözləri olmaqla müğənnilərimizin repertuarında yer tutmuşdur. “Qoy dolanım mən başına”, “Neftçi qız”, “Küsüb getdi”, “Mən ki səni sevirəm”, “Yasəməndən”, “Mənim anam”, “Yolunu gözləyirəm”, “Lalələr”, eləcə də başqaları indiyə qədər təzə-tər mahnılar kimi səslənir.
Dəyərli qonaqlar, gecənin sonuna gəldik. Deyilənə görə, ömrün mənası müdriklikdə cəmləşir, onda öz tacını tapır. Şairin şeirlərində bu müdriklik aydın nəzərə çarpır. O, həyatda ən böyük mənanı yaratmaqda duyur. Təbiətin qanunu öz hökmünü verəcək. Həyat davam edəcək, dünya yenə gözəlliklər yaradacaq.
…Yerimdə bir ömür açacaq çiçək,
Dünya bir çiçək də gözəlləşəcək.
-deyən şair şeirləri sətir-sətir, varaq-varaq oxunduqca yaşayacaq, var olacaq. O çiçəkdən ruhumuzu oxşayan hər bir misra qəlbimizi gözəlləşdirəcək. Qəlbimiz gözəlləşdikcə Aslan Aslanovun əbədiyyətə qovuşan ruhu daim şad olacaqdır.
AYNUR TURAN
Subyekt.az