![]()
Hər il iyunun 20-si dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilən bu gün müharibələr, işğallar, silahlı münaqişələr və təqiblər nəticəsində doğma yurdlarından didərgin düşmüş milyonlarla insanın taleyinə diqqət yönəltmək məqsədi daşıyır. Bu tarix yalnız statistik rəqəmləri deyil, taleləri, yarımçıq qalmış uşaqlıqları, itirilmiş evləri və ömür boyu unudulmayan xatirələri özündə yaşadır.
Azərbaycan xalqı da bu ağrını ən dərindən yaşamış xalqlardan biridir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yüz minlərlə insan doğma yurd-yuvasından didərgin salındı. Mən də həmin insanların biriyəm.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi ilə doğulduğum Kəlbəcərin Tatlar kəndindən ailəmlə birlikdə məcburi köçkün düşdük. O gün təkcə evimizi deyil, uşaqlığımızı, xatirələrimizi, arzularımızı da geridə qoyduq.
Köçkünlüyün ilk ağır zərbəsini isə çox sevdiyim boz atım satılan gün hiss etdim. Onu saxlamağa yerimiz yox idi. Ailəmin bir parça çörəyə ehtiyacı vardı. Məcbur qalıb uşaqlıq arzularımın simvoluna çevrilmiş boz atımla vidalaşdıq. Bu gün belə həmin anı xatırlayanda boğazım düyünlənir. O atın son baxışları sanki ayrılığın əbədi olduğunu hiss etdirirdi.
Köçkünlük yalnız evsiz qalmaq deyil. Bu, insanın şəxsiyyətinə toxunan, qürurunu sınayan ağır bir həyat sınağıdır. Ən ağrılı məqamlardan biri də “qaçqın” sözünün insanın adına çevrilməsi idi.
Yarımçıq qalmış təhsilimi müxtəlif rayon və şəhərlərdə davam etdirməli oldum. Məktəblər dəyişirdi, siniflər dəyişirdi, insanlar dəyişirdi. Amma dəyişməyən bir münasibət vardı — köçkün uşağa qarşı formalaşmış stereotiplər.
Heç vaxt unuda bilmərəm. Yeni məktəbə qəbul olunduğum ilk gün müəllim məni sinfə təqdim etdi və ikinci cərgədə bir qız şagirdin yanında əyləşdirdi. O isə göz yaşları içində “Mən qaçqınla bir partada oturmaq istəmirəm” deyərək etiraz etdi.
Həmin an içimdə qopan fırtınanı sözlə ifadə etmək çətindir. Müəllimə mənə haqq qazandırmaq istəsə də, mən özüm arxa partada tək oturmağı xahiş etdim. O yaşda insan taleyi ilə barışmağın nə demək olduğunu öyrənirdim.
Lakin zaman hər şeyi dəyişdi.
Dərslərə ciddi hazırlaşmağım, biliyim və zəhmətim qısa müddətdə müəllimlərin diqqətini çəkdi. Sinfin ən nümunəvi şagirdi ilə keçirilən açıq bilik yoxlamasında yüksək nəticə göstərdim. Həmin gündən sonra münasibətlər tamamilə dəyişdi. Bir vaxtlar mənimlə eyni partada oturmaq istəməyən sinif yoldaşım artıq dərslərində kömək istəyir, bəzən tapşırıqlarını mənimlə birlikdə hazırlayırdı.
Bu hadisə mənə öyrətdi ki, insanı mənşəyinə görə deyil, biliyinə, əxlaqına və şəxsiyyətinə görə qiymətləndirmək lazımdır.
Lakin həyat yeni sınaqlar hazırlayırdı.
Ailəmiz Bakıya köçdü. Burada da bir kənddən digərinə köçmək, yenidən məktəb dəyişmək, yeni mühitə uyğunlaşmaq məcburiyyətində qaldım. Dərs danışarkən ləhcəmə görə gülən, danışıq tərzimi məsxərəyə qoyan həmyaşıdlarımın mənə nə qədər mənəvi ağrı yaşatdıqlarını bəlkə də özləri belə anlamırdılar. İllər sonra həmin insanlarla qarşılaşanda onların baxışlarında peşmançılığı hiss edirəm.
Köçkünlük mənim üçün yalnız ünvan dəyişmək deyildi.
Bu, hər Novruz tonqalından uzaq qalmaq idi.
Bu, anamın bayram aşını göz yaşları içində bişirməsini izləmək idi.
Bu, hər dəfə “evimiz” deyiləndə artıq mövcud olmayan bir ünvanı xatırlamaq idi.
Bu, uşaqlığın yaddaşına çevrilən ağır bir tale idi.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi isə həyatımızın dönüş nöqtəsi oldu. Könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etsəm də, müxtəlif səbəblərdən bu mümkün olmadı. Buna baxmayaraq, müharibə boyunca ön cəbhədə xidmət edən hərbçilərimizin yanında olmağı özümə mənəvi borc bildim və imkan daxilində onlara dəstək göstərdim.
8 noyabr 2020-ci il Azərbaycan tarixinin ən şərəfli günlərindən biri kimi yadda qaldı. Qələbə xəbəri gələndə illərlə içimdə daşıdığım yükün bir hissəsinin çiyinlərimdən götürüldüyünü hiss etdim. İlk dəfə idi ki, Tanrıya diz çökərək yalnız özüm üçün deyil, bütün xalqım adına şükür edirdim.
Çünki artıq övladlarım “qaçqın” və “məcburi köçkün” adı ilə böyüməyəcəkdilər.
Bu tarixi Zəfəri Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazandı. Bu qələbə uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə, əsgər və zabitlərimizə sonsuz minnətdarlığımı bildirirəm.
2021-ci ildə doğma Kəlbəcərə ilk səfərim isə həyatımın ən ağır və ən müqəddəs anlarından biri oldu.
Dağıdılmış evimizin qalıqları arasında dolaşarkən illər əvvəl həyətimizdə zəncirlə bağlı qalan itimizin yerinə tərəf addımlayırdım. Hər addımım dua idi. Tanrıdan yalnız bir şey istəyirdim: orada onun sümükləri olmasın. Çünki bu, onun sağ qalması ehtimalını yaşadan son ümid idi.
Bəzən insanın yaddaşında bütöv bir ömrü ifadə edən bir neçə səhnə olur. Mənim üçün boz atımın son baxışı, anamın göz yaşları ilə bişirdiyi bayram plovu, məktəbdə eşitdiyim “qaçqın” sözü və dağıdılmış evimizin divarları həmin səhnələrdir.
Bu gün Ümumdünya Qaçqınlar Günündə dünyanın müxtəlif bölgələrində doğma yurd həsrəti yaşayan hər bir insanın ağrısını anlayıram. Çünki qaçqınlıq yalnız coğrafi məkan itkisi deyil. Bu, uşaqlığın, xatirələrin, kimliyin və həyatın bir hissəsinin itirilməsidir.
Azərbaycan xalqı bu ağrını yaşadı.
Amma Azərbaycan xalqı eyni zamanda göstərdi ki, ədalət gec də olsa bərpa olunur.
Bu gün Kəlbəcərə gedən yollar açıqdır.
Bu gün doğma kəndimizə qayıtmaq mümkündür.
Bu gün “qaçqın” sözünün yerini “Qalib xalq” ifadəsi əvəz edib.
Tarix isə bir həqiqəti dəyişməz olaraq təsdiqləyir:

Yurd sevgisi heç vaxt işğal edilmir.
Rövşən Hüseynli
Kəlbəcər – Tatlar kəndi
Subyekt.az