![]()
İki gündür sosial şəbəkələrdə Kəlbəcərdə lentə alınan at və itin – “Yallı ilə Xallının” görüntüləri dolaşır. Videonu bir neçə dəfə izlədim. Hər izlədiyimdə içimdə bir kövrəklik baş qaldırdı. Bir anlıq 32 il öncə köçkün düşdüyümüz zaman evimizin həyətində bağlı qalan itimiz və saxlamağa yerimiz olmadığı üçün bir parça çörəyə satılan atımız gözlərim önünə gəldi.
Bu yazını yazdığım anda kövrəlirəm, ağlamaq istəyirəm, qəhər məni boğur.
1993-cü il mart ayının son günləri idi. Kəndimizin örüşlərində “arpalar” deyilən ərazidə kəndimizdən olan bir neçə nəfərlə birlikdə mal-heyvan otarırdım. Hələ günorta olmamışdı ki, bir də gördüm evimizdən atam və bacılarım məni haraylayır:
— Gəl evə, mal-heyvan qalsın orada.
Günorta yeməyi üçün götürdüyüm azuqəni yanımda olan yoldaşlara verib evimizə gəldim. Anam kiçik bacıma təzə paltar geyindirmişdi. Adətən belə paltarları toya, bayrama və ya harasa qonaq gedəndə geyinərdik. Dedim:
— Məni niyə çağırmısız?
Atam dedi:
— Sizi Kəlbəcərə, babangilə aparıram. Vəziyyət pisdir. Orada qalın, görək nə olur.
Kəndimizdə hamı qadın və uşaqlarını aparırdı. O cümlədən bizim ailə də hazırlaşdı. Getmək vaxtı çatanda qaçdım tövləmizə. Anası ölən bir quzum vardı. Ona xüsusi diqqət göstərir, əlimlə yem verirdim. Harada görsəm, çağırırdım, qaçıb yanıma gəlirdi. Adını da “Çuqa” qoymuşdum. Üzərindən 32 il keçib, hələ də bu quzuya verdiyim adın mənasını dərk etməkdə çətinlik çəkirəm.
Qoyun tövləsinə girən kimi çağırdım:
— Çuqa!
Həmin an sıçrayıb digər quzulardan ayrıldı və qucağıma atıldı. Təzə paltar geyinməyimə baxmayaraq qucağıma aldım, öpdüm, oxşadım və ağlaya-ağlaya tövlədən çıxdım.
Niyə bilmirəm, atımızla deyil, bağlı qalan itimizlə deyil, bu yetim quzu ilə vidalaşdım.
Və sonrası… bəlli, Kəlbəcərdən helikopterlə Yevlax rayonuna gəldik.
27 il sürən ayrılıqdan sonra Kəlbəcərə dönmək nəsibimiz oldu. Kəndimizi ilk ziyarət etdiyim zaman itimizin bağlı qaldığı yeri axtardım. Düşündüm ki, əgər sümükləri oradadırsa, demək, “bağda” qalıb ölüb. Yox, sümükləri yoxdursa, demək, zənciri qırıb xilas olub. Heç nə tapa bilməyəndə sevindim. Çünki zənciri qırmasaydı, sümükləri burada olardı. Demək ki, xilas olub.
Bu gün bu görüntülər bir milyondan çox məcburi köçkün və qaçqının yaşadığı acı taleyin bariz nümunəsidir. Hələ Böyük Qayıdış yeni başladığı üçün bu heyvanlar öz cinslərindən olanların azlığından iki əks cins dostluq etməyə məhkumdurlar.
Heyvanlarda olan sədaqət və etibar bəzən insanlardan daha çox olur.
Atam atımızı dayça vaxtı Kəlbəcər rayonunun Mozqaraçanlı kəndindən alıb gətirmişdi. Hər il aprel-may aylarında atımız yoxa çıxırdı. İlk vaxtlar oğurlandığını düşünmüşdük. Atam soraq edib axtaranda atı aldığımız şəxs xəbər göndərmişdi:
— Narahat olmayın, at qaçıb gəlib kəndimizə, anasının yanındadır.
Kəlbəcər işğal edilən dövrə qədər atımız hər il anasının ziyarətinə gedirdi. Artıq hər yaz ayı gələndə getməsin deyə nəzarətdə saxlamağa çalışırdıq. Bütün diqqətimizə baxmayaraq, hörükdə saxlasaq belə, məhz yaz aylarında boz atımız yenə qaçıb anasını ziyarətə gedərdi…
Rövşən Hüseynli
Bakı – Kəlbəcər
05 fevral 2026-cı il
Subyekt.az