![]()
İllər öncə bu mövzuya toxunmuşdum. Bu gün isə yenidən xatırlatmağı özümə borc bildim. Azərbaycanda illərdir “müxalifət” adı altında fəaliyyət göstərən qruplarla bağlı mövqeyim dəyişməz qalıb: Azərbaycanda real müxalifət yoxdur.
Özlərini müxalifət kimi təqdim edən bir dəstə yaramaz və yarıtmaz var ki, əsas missiyaları cəmiyyətə xidmət yox, qrant naminə hər şeylərini hərraca çıxarmaqdır. Donor təşkilatlardan və ölkədə sabitliyi pozmağa çalışan dairələrdən aldıqları maliyyə hesabına “müxalifət görüntüsü” yaradan bu şəxslər əslində yalnız özlərinə və ailələrinə komfort həyat qurmaqla məşğuldur. Onların əsl adı isə çoxdan məlumdur – Siyasi Dələduzlar.
Bu “dələduzluq fabriki” illərdir eyni mexanizm üzrə işləyir: şirin vədlər, siyasi təqib imitasiyası, gənclərin aldadılaraq proseslərə cəlb olunması və nəticədə onlarla insanın həyatının zəhərlənməsi. Bu gənclərin bəziləri həbsxanaya düşüb, bəziləri isə mühacirətə üz tutub. Bütün bunlar isə müəyyən şəxslərin özlərinə nüfuzlu “oppozisiya lideri” imici formalaşdırması üçün istifadə edilən alətə çevrilib.
Bu gün “bir nömrəli müxalifət” obrazı yaratmaq istəyən Əli Kərimlinin Ramiz Mehdiyevlə siyasi ortaqlığı barədə məlumatlar ortaya çıxıb. Tərəfdarlarının bundan xəbərdar olub-olmaması isə sual altındadır. Əgər xəbərləri olubsa – demək ki, bu prosesin içində hamılıqla iştirak ediblər və etiraf etməlidirlər. Əgər olmayıbsa – onda öz liderlərini sorğu-sual etməli, “Demokratiya dərsi keçən sən Əli Kərimli, necə oldu ki, Ramiz Mehdiyevlə şərik çıxdın?” sualının cavabını istəməlidirlər.
Əli Kərimli indi təcridxanada keçmişini düşünmək üçün kifayət qədər vaxta malikdir. Zamanında həbsxananı “komfort yer” kimi təqdim edən o insan, görünür, indi etdiklərinin cavabını daha yaxşı dərk edir. O gənclərin həyatını zəhərlədiyi üçün oradır. Dövlətə və Azərbaycana qarşı atdığı addımların bədəli isə ayrıca mövzudur – və mütləq ödənəcək.
Bu gün Azərbaycanın əldə etdiyi zəfəri həzm edə bilməyənlərin yeri bəllidir: dörd divar arxası, dəmir barmaqlıqların o üzündən azad həyata tamaşa etmək. “Azadlıq!” deyə bağıranların səsinin qrant kəsiləndə susması da bu oyunun başqa bir tərəfidir. Mənəviyyatı maddiyyatla dəyişənlər üçün ən “azad” məkan bəlkə də elə həbsxanadır.
Cəmiyyətin zəhərlənməməsi üçün belə adamların azadlıqda dolaşması – həqiqətən də böyük günahdır.

Rövşən Hüseynli
Subyekt.az