
16 dekabr – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü Qusar rayonunda da qeyd edilib.
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Hikmət Əliyev və kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə RİH başçısının birinci müavini Şahid Fərəməzov Fövqəladə Hallar Nazirliyi işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyət göstərdiyi müddət ərzində fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, mülki müdafiə, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində peşəkar şəkildə fəaliyyət göstərdiyini vurğulayan Şahid Fərəməzov Türkiyədə baş vermiş güclü zəlzələnin və meşə yanğınlarının fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-nin əməkdaşlarının qardaş ölkədə xilasetmə işlərində iştirak etdiyini xatırladıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində FHN-nin maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edildiyini və nəticədə Nazirliyin qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan quruma çevrildiyini qeyd edib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Hikmət Əliyev FHN-nin regional bölməsi olaraq həmişə olduğu kimi, bundan sonra da qarşıya qoyulan vəzifələrin icrası və fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması istiqamətində işləri uğurla davam etdirəcəklərini qeyd edib.
Sonda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının xidməti fəaliyyətlərində fərqlənən bir qrup əməkdaşı Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.

Subyekt.az