
Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi günlərində dünyanın taleyini həll edən böyük dövlətlərin təzyiqlərinə qarşı da öz yüksək intellekti, məntiqli diplomatiyası ilə sipər çəkdi
Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Böyük çağırışlar zamanı hər bir liderin üzərinə düşən əsas vəzifə məhz xilaskarlıq missiyasıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət düşmənə həm döyüş meydanında, həm də informasiya savaşında üstünlük qazanmağımıza şərait yaratdı. Ermənistanın 27 sentyabrdan Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı və 44 gündavam edən İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə beynalxalq auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.
Prezident İlham Əliyevin müsahibə verdiyi xarici KİV-in arasında Rusiyanın “Rossiya-1, “Pervıy”, RBK televiziya kanalları, “Ria Novosti”, “TASS” və “İnterfaks” agentlikləri, Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV, “A Haber” televiziyaları, Fransanın “Sky News”, “France 24” televiziyaları, “Figaro” qəzeti, Almaniyanın ARD televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası, İtaliyanın Rai-1 televiziyası və “La Repubblica” qəzeti, İspaniyanın EFE informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Euronews”, “CNN International”, “BBC News” televiziya kanalları kimi tanınmış media orqanları da var.
19 oktyabr 2020-ci il tarixdə Prezident növbəti müsahibəni Rusiyanın tanınmış TASS informasiya agentliyinə verirdi. Müsahibə alarakən müxbirin Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı suallarını cavablandıran Prezident bildirdi ki, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazırdır.
Savaş meydanında hərbi üstünlüyü ələ keçirmiş Azərbaycanın Prezidenti ölkəmizin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu birməmalı şəkildə vurğuladı: “…Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmişə öhdəlikləri yerinə yetirməyə çalışır və buna hazırdır…”
Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, Azərbaycan nizamlama prinsipinə sadiqliyini də hər zaman qoruyub, saxlamaqdadır. Ancaq hazırda vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Ancaq Ermənistan tərəfi humanitar atəşkəsə əməl etmir. Ermənistan atəşkəs rejimini kobud surətdə pozur: “Danışıqlardan heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı – yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbələr endirilib. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan növbəti dəfə atəşkəsi nümayişkaranə şəkildə pozdu. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. 44 günlük döyüşlərdə Ermənistan müharibə əleyhinə cinayətlər törətdi. Gəncə, Bərdə şəhərləri ballistik və qadağan olunmuş silahlarla atəşə tutuldu, mülki əhali amansız şəkildə qətlə yetirildi. O cümlədən cəbhə xəttindən aralıda yerləşən digər şəhər və rayonlar, mülki insanlar və obyektlər Ermənistan tərəfindən davamlı raket atəşinə tutuldu. Tərtər şəhəri Böyük Vətən müharibəsinin dövrünün şəhərlərinə bənzəyirdi”.
Amma adları çəkilən Qərb KİV-i bu barədə bir dəfə də olsun sual vermədilər. Əvəzində isə hamısı hərbi təlimlərdən sonra Gəncədə qalmış Türkiyənin F-16 hərbi təyyarələri, Azərbaycan Ordusunun hərbi əməliyyatlarda hücum dronlarından istifadə etməsi Qərb KİV-nin suallarında yer alırdı.
ABŞ-ın “Fox News” televiziyası Prezident İlham Əliyevdən müsahibəni oktyabrın 25-də götürdü. Buna qədər Gəncə şəhəri 3 dəfə bombardman edilmişdi. Amma jurnalist “…Lakin cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb”, – deməklə Ermənistanın maraqlını müdafiə etdi.
Yaxud Fransanın “Figaro” qəzetinin əməkdaşı sualdan daha çox ittiham olan belə bir fikir söylədi: “Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər”.
Buna qədər Gəncə 3 dəfə bombardman edilmişdi və raket zərbələrinin şəhərin məhz mərkəzi hissələrinə endirilməsi göstərirdi ki, Ermənistanın hədəfi yalnız mülki insanlar olmuşdur. Amma jurnalisti Gəncə şəhərində mülki insanların qətliamı qətiyyət maraqlandırmır və bu barədə heç bir sual ünvanlamırdı.
Belə faktlar həmin müsahibələrdə kifayət qədərdir. Görünən o idi ki, məqalədə adı çəkilən KİV-lərin qarşısında qoyulan məqsəd Ermənistanın məzlum, əzilən, haqsızlığa məruz qalan, Azərbaycanın isə işğalçı tərəf obrazının yaradılması idi. Amma, deyəsən, onlar bir məsələni – hansı Prezidentlə müsahibə aldıqlarını unutmuşdular. Ona görə Azərbaycana qara yaxmağı məqsəd qoyan hər bir sualda Prezident İlham Əliyev tərəfindən tərksilah olundular, bir çox məqamda çıxılmaz vəziyyəyə salındılar.
Eyni vaxtda Ermənistanın baş naziri Paşinyan da xarici KİV-ə müsahibələr verirdi. Lakin Paşinyan hər dəfə danışdıqca özünü və ölkəsini biabır edirdi. Bununla həm də Ermənistanın informasiya müharibəsindəki məğlubiyyətini də açıq-aşkar biruzə verirdi.
Beləliklə, biz təkcə siyasi və hərbi sahədə deyil, həmçinin informasiya müharibəsində də qələbə qazandıq. İnformasiya savaşında həm dövlət, həm vətəndaş cəmiyyəti, həmçinin bizim gənclər çox fəal, çevik və peşakar davrandılar. Deməli, ağılın, gücün, birliyin, düzgün taktikanın qarşısında bu miflər sabun köpüyü kimi dağıldı.
Budur, bizim komandanın bacarığı, Azərbaycana inam, birlik, qalibiyyət gətirdi. Ali Baş Komandanın özü demiş: “…Bəs hanı güclü Ermənistan ordusu? Bəs hanı sənin dostların, sənin güclü lobbin?” Bəs hanı sənin informasiya gücün?! Ədalətli mübarizədə, döyüşdə Allahımız bizə yar oldu, xalqımızın birliyi bizə kömək etdi, ordumuzun gücü, şəhidlərimiz qanı bizə qüvvət verdi. Azərbaycan xalqı 200 ildən sonra qələbənin dadını duydu. 30 ilin utancından qurtardıq. Bu sürətli, göz qırpımında baş verən qələbə uzunmüddətli hazırlığın, ağıllı və cəsarətli qərarın nəticısində baş verdi və bütün dünyanın üzünü Azərbaycana çevirdi. Bütün dünya Türkün böyüklüyünə, azərbaycanlıların mərdliyinə və rəşadətinə şahid oldu. Azərbaycan XXI əsrin müharibə kitabını yazdı. Bu kitabın müəllifi isə böyük insan, cəsarətli sərkərdə İlham Heydər oğlu Əliyevdir!
Məhəmməd Nərimanoglu
“Yenilik-press” qəzetinin baş redaktoru
Subyekt.az