
Ehtiyatda olan baş leytenant Mobil Əhmədov 9 fevral 1960-cı ildə Quba rayonun Alpan kəndində, kənd təsərrüfatı elmləri doktoru Mirab müəllimin ailəsində dünyaya göz açıb. 5 bacının 2 qardaşından (ümumiyyətlə, bu ailənin 12 övladı olub, onlardan 5-i bu və digər səbəblərdən elə kiçik yaşlarından dünyalarını dəyişiblər) biri olan Mobil 1967-ci ildə Alpan kənd orta məktəbinin ibtidai sinfinə qəbul olunub. 1969-cu ildə atasının işi ilə əlaqədar təhsilini Zərdabi qəsəbə tam orta məktəbində (1993-ci ildən bu təhsil ocağı onun şagirdinin -şəhid Bayram Şıxəmirovun adını daşıyır) davam etdirib. Mobil 1974-cü ildə 8-ci sinfi bitirərək Quba şəhərindəki 103 saylı peşə məktəbinin meyvəçilik-tərəvəzçilik ixtisasına yiyələnib və Sabir adına sovxozda entimoloq-aqronom vəzifəsində çalışıb. 1979-1981-ci illərdə Dneprodzerjinski, Qorki, Moskva şəhərlərində hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra bir müddət Zərdabi adına sovxozda fəhlə kimi çalışıb və 1986-cı ildə Lenin adına Pedaqoji İnstitutunun, indiki Azərbaycan Pedaqoji İnstitutunun ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fakültəsini bitirib. Burada leytenant rütbəsi alan Mobil təyinatla Qırmızı Qəsəbə 2 saylı orta məktəbinə hərbi-rəhbər göndərilib. 1988-ci ildən isə hərbi-rəhbər kimi Zərdabi kənd orta məktəbində fəaliyyətini davam etdirib.
Vətənimizin başı üzərini qara buludlar alanda bir çox həmyaşıdları kimi, Mobil Əhmədov da cəbhəyə yola düşüb. Orada 831 saylı hərbi hissənin birinci rotasının komandiri, 1993-cü ildə isə Quba-Qusar batalyonunun qərargah rəisi olub.
Hazırda Zərdabi kənd orta məktəbində çalışır. 3 övladı (bir oğul, iki qız) var. Oğluna atasının, qızlarından birinə isə anasının adını verib.
Baş tutmayan arzu
Mobil Əhmədov Azərbaycanda meyvəçilik sahələrini özündə ethiva edən iki ixtisas üzrə (aqrokimya və meyvəçilik üzrə) elmlər doktoru adına layiq görülən ilk və yeganə alim kimi tanınan atası Mirab kişi kimi təsərrüfatçı, daha doğrusu, bioloq olmaq arzusunda olub. Bu niyyətlə ali məktəbə sənəd də verib. Amma onun bu cəhdləri baş tutmayıb. Bu arzusunun baş tutmamasında isə onun hərbi xidmətdə olduğu illərdə hərbiyə olan marağı da önəmli rol oynayıb. Hətta o həmin illərdə, daha doğrusu, 1981-ci ildə yeni açılmış ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fakültəsinə imtahansız qəbul olunub. O zaman bu fakültəyə hərbi xidmət keçmiş 26 yaşa qədər olan gənclər cəlb edilirdilər. Mobil həmin günləri belə xatırlayır: “Mən sənəd verəndə orada dekan vəzifəsində çalışan Zeynəb Vəliyeva (O həmin illərdə Daxili İşlər naziri general-leytenant Cəfər Vəliyevin bacısı idi) məni bu fakültənin daha perspektivli, həm də əsl kişiyə layiq olduğuna inandıra bildi. Mən də tərəddüd etmədən bu sahəni seçdim. Atam da bundan məmnun qaldı. Yeri gəlmişkən onu da deyim ki, mən hərbi xidmətdə olarkən 6 aylıq kiçik aviasiya mütəxəssisi kimi kurs da keçmişdim və Moskva yaxınlığındakı Klin şəhərindəki aviasiya polkunda, həmçinin Qorki vilayətinin Sevaleysk deyilən bir ərazidə hava hücumundan müdafiə mərkəzində çalışmışdım. Sonradan məni bioloq olmamaqda ittiham edənlərə isə belə deyirdim: “Əvvəla, bu sahənin incəliklərini atamdan öyrənmişəm. Atam özü elə bir institut idi. Bu mənada mən artıq torpağın dilini bilirəm. İkincisi, elə mənim seçdiyim fakültə də elə torpaqla bağlıdır. Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmindəki Dədə Qorqud demişkən, əgər torpağı qorumursansa, onu əkib becərməyə dəyməz, əgər əkib becərmirsənsə, onu qorumağa dəyməz. Mənim məqsədim torpağı qoruyan yetişdirməkdir”.
92-ci il idi…
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın köməyi ilə Xocalıya hücumunu, bəşər tarixində insanlığa qarşı törətdiyi ən dəhşətli vəhşilikləri bir daha xatırlayan Mobil elə həmin ilin yayında könüllü kimi cəbhəyə getmək qərarına gəlir. Odur ki, bu məqsədlə rayon hərbi komissarlığına müraciət edir və Pirəküşküldə hərbi təlim keçdikdən sonra avqust ayında 831 saylı Xocavənd ərazi özünmüdafiə batalyonunda hərbi hissənin birinci rotasının komandiri kimi bu rayonunun Əmiralılar kəndinə göndərilir. Yeri gəlmişkən qeyd edək ki, o günlərdə həmkəndlilərimiz Əjdər Allahverdiyev (şəhid Almazın Allahverdiyevin qardaşı) və Telman Qayıbov da bu kəndin müdafiəsində iştirak ediblər. Cəbhəyə getdiyi ilk gündən cəsarəti, hərbi bacarığı ilə döyüş yoldaşları arasında böyük nüfuz qazanan Mobil dəfələrlə ermənilərin postlara hücumlarının qarşısının alınmasında fərqlənir. Həmin günlərdə erməni vəhşiləri demək olar ki, hər gün qısa və ya uzun müddətli fasilələrlə bu kəndi atəşə tuturdular. Amma onlar cürət edib hücuma keçmirdilər. Bununla bağlı komandanlığa məlumat verilsə də, onların köməyinə əlavə qüvvə göndərilməyir. Çətinliklərə baxmayaraq onlar həmin kəndi 3 ay müdafiə edirlər. Amma oktyabrın 2-də…
Oktyabrın 2-də səhər açılar-açılmaz erməni hərbi birləşmələri 30-a yaxın döyüş texnikası və mindən artıq canlı qüvvəsi ilə Əmiralılara hücum edirlər. Həmin qeyri-bərabər döyüşdə Mobilin rəhbərlik etdiyi rotanın 80 nəfər döyüşçüsündən 16 nəfər şəhid olur. Onlardan biri də əlindəki qumbara ilə düşmən texnikasının üstünə yeriyərək özünü erməni tankının altına atan Quba rayonunun Vladimirovka kənd sakini Mübariz Zöhrab oğlu Qaraxanov olur. Yeri gəlmişkən qeyd edək ki, hazırda Quba şəhərindəki küçələrdən birinə onun adı verilib.
Mobil Əhmədovun xatirələrindən: Biz erməni vəhşilərinə bir saat yarım müqavimət göstərdik. Həmin döyüşdə bizim cəmi bir pulemyotumuz, bir də elə bir işə yaramayan bir tankımız var idi. Amma biz elə taktika nümayiş etdirirdik ki, guya hər cür imkanımız var… Lakin düşmən bizi mühasirəyə aldı. Mən özüm isə iki gündən sonra mühasirədən birtəhər çıxa bildim. Mənim mühasirədən qurtulmağımı isə sözün həqiqi mənasında möcüzə adlandırmaq olar. Belə ki, artıq döyüşməyin heç bir məna kəsb etmədiyini görüb özümü arxa, yəni bağa, bostana su axıtmaq üçün yerə verərək, üz-gözümü lillə maskaladım, üstəlik, arxın kənarındakı qamışları əyib bədənimi gizlətməyə çalışdım. Hər ehtimala qarşı üzərimdəki bütün sənədləri suya buraxdım ki, birdən əsir düşsəm zabit olduğumu bilməsinlər… Yanımda Sahib adlı bir nəfər də vardı. Ona dedim ki, əlindəki qumbaranı hazır vəziyyətdə saxla ki, ələ keçmək ehtimalı olan kimi partladasan və ikimiz də məhv olaq. Yəni mən əsirlikdən şəhidliyi üstün tutmaq qərarını verdim. Bir tərəfdən də onların məni, yəni döyüşlərə rəhbərlik edən zabiti axtardıqlarını dəqiq bilirdim. Bu tapşırığımdan bir dəqiqə keçməmiş ermənlər başımın üstünü aldılar. Mən onların murdar sifətlərini açıq-aydın görürdüm. Onlar mənim ünvanıma təhqiredici sözlər də deyirdilər. Onlardan biri mənim dayandığım istiqamətə iki güllə atdı. Mən həmin güllələrdən birinin qurbanı ola bilərdim. Belə ki, həmin güllə başımdan bir neçə millimetr aralıdan keçdi. Erməni vəhşilərinin ürəkləri bununla soyumadı. Suya qumbara atdılar. Arx tərəfdən heç bir təhlükə olmadığına əmin olan erməni vəhşiləri oradan bir qədər uzaqlaşdılar. Mən isə növbəti təhlükəni hiss etdiyimdən səhər saat 7-dən 4-ə kimi suyun içində qalmalı oldum. Ara bir qədər sakitləşəndən sonra Sahiblə birgə sürünə-sürünə postaları keçərək özümüzü yaxınlıqdakı üzüm sahəsinə yetirdik. Uzun sözün qısası… Birtəhər Ağdamın Ergi kəndinə çatdıq.”
Haşiyə
Həmin günlərdə Mobilin xəstəlikdən əziyyət çəkən və evdə tənha qalan anası Qızxanım İslam qızının nələr çəkdiyini isə sözlə təsvir etmək olduqca çətindir. Belə ki, Mobilin itkin düşməsi xəbərini alan ana oğlunun fotosunu da götürüb Bakıya-Müdafiə Nazirliyinə üz tutur. Amma hələ həmin gün oğlunun cəbhədən qayıtması xəbərini yaxın adamlarından alan ananın həyəcanına son qoyulur.
Quba-Qusar batalyonunda
O illərdə düşmən Beyləqana da yaxınlaşırdı. Onları isə dəf etmək lazım idi. Ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də xalqa müraciətindən sonra özünümüdafiə batalyonları, o cümlədən Quba-Qusar batalyonu da təşkil olunur. 23 nömrəli Quba-Qusar batalyonunun qərargah rəisi vəzifəsinə Mobil Əhmədov təyin edilir. Tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlunun daxil olduğu bu batalyon noyabrın 15-də Qusardakı hərbi hissədən döyüş bölgəsinə yola salınır. Batalyon qısa zaman kəsiyində Ermənistanın hərbi qüvvələrinə qarşı amansız döyüşlərə atılır və qəhrəmanlıqları ilə ad çıxarırlar. Hətta belə demək olar ki, Beyləqan bölgəsində hücuma keçən düşmən Quba-Qusar batalyonunun döyüşçülərinin mərdliyi və igidliyi nəticəsində əvvəlki mövqelərinə geri oturdulur. Batalyon digər istiqamətlərdəki xüsusi fəallığı ilə də fərqlənir.
Mobil Əhmədovun xatirələrindən: “Həmin ildə ən ağır döyüşümüz dekabrın 27-də oldu. 1993-cü il dekabrın 27-də şiddətli döyüşdə batalyonun 7 qəhrəman əsgəri şəhid olur, 31 nəfər isə yaralanır. Ancaq buna baxmayaraq batalyon 150 kv. km ərazini düşməndən təmizləməyə müvəffəq olur. Ümumilikdə Qarabağ müharibəsində Quba-Qusar batalyonu 40-a yaxın şəhid verib, 7 nəfər itkin düşüb, 90 nəfər yaralanıb. Batalyonumuz yanvarın 27-də və 31-də qanlı döyüşlərdə iştirak etdi. Həmin döyüşdən bir epizod danışmaq istərdim: Yanvarın 31-də saat 3-də döyüşə başlamaq əmri gəldi. Düzü, bu tapşırığı şübhə ilə qarşıladıq. Odur ki, gecə dumanlı havada əməliyyata başladıq. Amma gördük ki, sağ və sol tərəflərdən atəşə tutuluruq. Yuxarılara məlumat verdim ki, bəs deyirdiniz, sağ və solda mövqe tutanlar bizim əsgərlərdir, biz faktiki orta mövqedəyik, elə isə bu nədir? Sən demə, bizə hansısa vətən xaini yanlış əmr veribrmiş. Həmin döyüşdə 7 nəfər döyüşçümüz itkin düşdü. İtkin düşənlərdən biri həmkəndlim Nadir Sultanməcid oğlu Əzizov oldu. Onlardan indiyədək bir xəbər yoxdur.”
Haşiyə və yaxud Quba-Qusar batalyonunda olan alpanlılar
O zamanlar Quba-Qusar batalyonunun zabiti olmuş Ceyhun Butayevin verdiyi məlumata görə, “N” saylı hərbi hissəsinin nəzdindəki 23 nömrəli Quba-Qusar özünümüdafiə könüllülər batalyonunun döyüşçülərinin sırasında həmkəndlimiz Nadir Əzizovdan başqa, zabitlər – Babayev Şahbaba Balasultan oğlu, Hüseynov İlqar Daşdi oğlu, əsgərlər – Güliyev Əfqan Sabir oğlu, Əhmədov Seyran Əhməd oğlu, Rəsulov Vüqar Məhəbbət oğlu, Babayev Əşrəf Hamlet oğlu, İslamov İslam Ukran oğlu, Güliyev İslam Canmirzə oğlu, Dadaşov Umud Əlhadi oğlu, Məmmədov Nurəli Səməd oğlu, Musayev Bağır Vəli oğlu, Əhmədov İlqar Əlbala oğlu, Babayev Nazim Murad oğlu, Əhmədov Mübariz Sabir oğlu, Murtuzov Bəbir Sabir oğlu, Ələsgərov Rauf Əliəziz oğlu, Laçınov Umud Şahsəddin oğlu, Güliyev Elman Niftulla oğlu, Allahverdiyev Əliyar Əziz oğlu, Şahmuradov Əlikram Mövlud oğlu da erməni vəhşilərinə qarşı vuruşublar.
“Mən xoşbəxt insanam ki…”
Qeyd edək ki, batalyonun döyüşçüləri arasında Mobil Əhmədovun şagirdləri də olublar. Bundan söz düşəndə isə Mobil Əhmədov belə deyir: “Hər şagird bir şəxsiyyətdir. Onlar müəllimdən nə görsələr, eşitsələr, onu da beyinlərinə yazırlar. Bu isə onların gələcək xarakterinin, müəllim haqqında fikirlərinin formalaşmasına səbəb olur. Mən xoşbəxt insanam ki, şagirdlərimlə birgə döyüşlərdə iştirak etmişəm. Bu mənada mən onlara cəbhə bölgəsində də dərs keçmişəm desəm, yanılmaram. Şagirdlərimdən şəhid olan yoxdur, amma qazilər var: Hikmət Teymurxanov, Cəlil Poladov…”
Mobil ordudan tərxis olunandan sonra, 1996-cı ildə Quba rayon Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Quba rayon təşkilatını təsis edib və onun rəhbəri olub. Hazırda Zərdabi kənd orta məktəbində hərbi-rəhbər vəzifəsində çalışan və bir neçə il bundan əvvəl ”İlin müəllimi” seçilən Mobil Əhmədov həm də Qarabağ Əlillərə “Qayğı” cəmiyyətinin sədr müavinidir. Onun hərbi vətənpərvərlik işindəki xidmətləri də qiymətləndirilib. Belə ki, Mobil Əhmədov Azərbaycan Respublikası Silahlı Quvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə təsis edilən “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Qarabağ müharibəsi veteranı, ehtiyatda olan baş leytenant Mobil Əhmədova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, həmçinin Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdikləri medallar da təqdim olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən isə fəxri albom verilib. Həmin albom Xocalının Hərbi Komissarlığında (Ağca kəndində) şöbə rəisi vəzifəsində çalışan bacısı oğlundadır. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Mobil Əhmədovun həyat yolu gənclərimiz üçün həqiqətən də əsl örnəkdir.
Əvvəldə qeyd etdiyimiz kimi Mobil Əhmədov fevralın 9 da anadan olub. Doğum günü münasibəti ilə Qubalı qəhramanımıza can sağlıqı və uğurlar arzu edirik.
Firəngiz Sabirqızı
Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)
Subyekt.az