![]()
İyulun 7-də Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) təşkilati dəstəyi ilə həyata keçirilən “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsində iştirak edən 26 gənc rəssamın mükafatlandırma mərasimi keçirilib.
Qeyd olunmalıdır ki, layihənin builki buraxılışında əsas diqqət keçmişin dağıntılarına deyil, Qarabağın bu gününə və gələcəyinə, regionun dirçəlişinə, bərpa və yenidənqurma prosesinə, həmçinin füsunkar təbiəti ilə mədəni irsinə yönəlib. Qeyd olunan mövzuda 26 gənc rəssam tərəfindən 24-ü rəsm, 5-i heykəltəraşlıq nümunəsi olmaqla ümumilikdə 29 sənət əsəri ərsəyə gətirilib.
Tədbirdə Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) rektoru, Xalq rəssamı Natiq Əliyev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev və layihədə iştirak edən gənc rəssamlar iştirak ediblər.
Çıxışlardan sonra mükafatlandırma mərasiminə start verilib.
“Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi çərçivəsində əsərlərin müəlliflərinə Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikatlar, o cümlədən QDF və PAŞA Kapital İnvestisiya Şirkəti tərəfindən xüsusi təqaüd təqdim olunub.
Məlumat üçün bildirək ki, “Qarabağın Rəngləri” (2026) layihəsi çərçivəsində ərsəyə gətirilən əsərlər yaxın günlərdə xeyriyyə hərracına çıxarılacaq və əldə edilən bütün vəsait QDF-ə ianə olunacaq.






































Subyekt.az