![]()
İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən ilk təhsil müəssisəsi – Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və yeganə məzunu Atakişiyeva Nəzrin Seyfəddin qızı ali məktəbə qəbul olunaraq tələbə adını qazanıb.
Subyekt.az xəbər verir ki, Məzun Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.
Bu uğur Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərində təhsil həyatının yenidən canlandırılmasının, doğma yurda qayıdan sakinlərin övladları üçün müasir təhsil imkanlarının yaradılmasının mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.
Kəlbəcər şəhərində təhsil ənənələrinin bərpası baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisə həm də məktəbin ilk məzununun ali təhsil pilləsinə qədəm qoyması ilə əlamətdardır.
Nəzrin Atakişiyevanı bu münasibətlə təbrik edir, ona tələbəlik həyatında yeni nailiyyətlər, yüksək akademik göstəricilər və gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Subyekt.az