
Qəlblərdə yaşayan şair – Səməd Vurğun
Nadir istedadlar yetişir, ancaq,
Səndən nə gəlməyib, nə gəlməyəcək.
(O.Sarıvəlli)
Elə sənətkarlar olur ki, bir zaman büllur ayna kimi parlamış əsərləri zaman keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin bəzi şairlər də vardır ki, illər qərinələr, əsrlər keçsə belə həmişəyaşar olaraq qəlbimizə həkk olunur… Dahilər haqqında ürək sözü söyləmək həm çətin, həm də məsuliyyətlidir. Xüsusən biləndə ki, deyəcəyin söz bir böyük insan, istedadlı bir şair haqqındadır, həyəcanın daha da artır. Belə sənət, söz-saz ustadlarından biri də, nəğməkar şair, xalq şairi Səməd Vurğundur. S.Vurğunu kim eşitməyib?.. Onun qəlbləri məftun edən poeziyası və dramaturgiyası ilə tanış olan hansı kəs həyəcanlanmayıb?.. Həmişəyaşar şair S.Vurğun xalqın oxuyan qəlbi idi. O, Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm edirdi. S.Vurğun Odlar yurdunun taleyinin nəğməkarı idi. O, yeni dünyanın müğənnisi idi. Onu da qeyd edək ki, xalq şairi adını daşımaq ilk dəfə S.Vurğuna nəsib olub. Bu gün onun həmişəbahar yaradıcılığını yad etməmək, xatırlamamaq, söz söyləməmək mümkün deyildir.
Mən ellər oğluyam, ellər canımdır!
Xalqımız Səməd Vurğunun anadan olmasının 110 illiyinə hazırlaşdığı bir vaxtda bu gözəl söz ustası, onun sənətkarlığı və insani xüsusiyyətləri haqqında söz açmaq hamımız üçün xoşdur. S.Vurğun irsi çox zəngin və rəngarəngdir. O, görkəmli şair, istedadlı dramaturq, alovlu publisist, tənqidçi və nəzəriyyəçi, tərcüməçi, sülh uğrunda mübariz, mətin, dövlət xadimi kimi tanınmış, fəaliyyət göstərmiş, yaşayıb-yaratmış, məhşurlaşmışdır. S.Vurğun tükənməz bir mədəndir. Onun dərin qatlarına baş vurduqca yeni xəzinələr aşkar edirsən. S.Vurğun şüurlu həyatını müasir cəmiyyətə həsr etmişdir. Şair gözəl amal və idealla üç yüzdən yuxarı içtimai-siyasi məzmunlu şeir, iyirmi altı gözəl poema, beş mənzum dram, iki yüzə yaxın məqalə, oçerk yazmış, bir çox məruzə və çıxışlar etmişdir. Səməd Vurğun təkcə bədii yaradıcılıqda deyil, ümumiyyətlə hər sahədə təpədən-dırnağa qədər şair idi. Onun poetik ilhamı Azərbaycan torpağının, təbiətinin özü kimi zəngin, bərəkətli və səxavətli idi. Şairin ilhamı coşğun dağ çayına bənzəyirdi və hansı sahədən bəhs etsə idi, orada incilər, mirvarilər kəşf etmək iqtidarına malik idi. Şair Azərbaycan poeziyasını zirvələrdə qaldırmağa nail oldu. Onun yaradıcılıgında ən aparıcı cəhət vətən və xalq motivləridir. S.Vurğun əlinə qələm alandan özünü xalqın mübariz əsgəri sayırdı. O, zəhmət adamlarının əməyini, hünərini nəinki “Muğan” kimi gözəl poemasında, bir çox şeirlərində, həmçinin “Fatma xala” (1930), “Buxtada” (1931), “Bir səhər” (1942), “Muğanın yeni dövranı” (1952), “Mingəçevir işıqları” (1954) və s. kimi oçerklərində vəsf etmiş, onların dolğun surətini yaratmışdır.
S.Vurğun 1937-ci ildə də dərc etdiyi bir məqaləsində “Azərbaycan” adlı böyük bir epopeya üzərində işlədiyini xəbər verirdi. Burada Azərbaycan torpağının iki min illik tarixinin əsas mərhələləri, misilsiz nailiyyətlər, yurd gözəllikləri öz bədii əksini tapmalı idi. Bu epopeya bir-birinə bağlı 30 poemadan ibarət olmalı idi. Məşhur Azərbaycan şeiri epopeyanın proloqu kimi nəzərdə tutulmuşdu. Sair özü yazırdı: “Bu şeir isə mənim həyatıma, bütün həyat proqramıma uyğundur.”
Ulduzlar sönmür
Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov) 1906-cı ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə alan Səməd 1918-ci ilə kimi Salahlıda yaşamış, sonra isə Qazaxa gəlmişdir. Bu zaman Qori şəhərindən müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçmüşdü. Səməd Vurğun təhsilini burada davam etdirir. Kürdə üzməyi, at minməyi, anadil quşunun səsini tarda, sazda, skripkada çalmağı, nağıl dinləməyi, bədahətən şeir deməyi, riyaziyyatı çox sevirmiş. Qazaxa gələrkən Firidun bəy Köçərlinin onun təhsilini davam etdirməsində böyük rolu olmuşdur. S.Vurğun 1924-cü ildə Qazax Pedaqoji Texnikumunu bitirir. Əvvəlcə rayonun Köçəsgər kəndində, sonra Gəncə, Quba rayonlarının ibtidai və orta məktəblərində müəllimlik edir. Elə həmin illərdən mətbuatda arabir şairin səsi eşidilməyə başlayır. “Qızıl qələm“ ədəbiyyat cəmiyyətinin Gəncə şöbəsində çalışır. Müəllimlik, kollektivə qaynayıb-qarışmaq, mədəniyyət və sənaye ocaqlarında, fəhlə yığıncağında şeir oxumaq, ədəbi mübahisə və müzakirələrdə iştirak etmək S.Vurğunu tədricən içtimai həyatın axınına çəkir, onun həyat biliyini, məlumatını zənginləşdirir. İllər keçdikcə yaradıcılıq imkanları daha da çoxalır, aşıb-daşır. S.Vurğun bir-birinin ardınca gözəl şeirlər yazmaqla bərabər, dram əsərləri yaradır. Müxtəlif xalqların ədəbiyyatlarından bir çox tərcümələr edir, dövlət xadimi kimi mühüm işlərdə fəal çalışır. S.Vurğun 1935-1940-cı illər arasında dahi rus şairi Puşkinin “Yevgeni Onegin” mənzum romanını, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının bir hissəsini, N.Gəncəvinin “Leyli və Məcnun” dastanını, M.Qorkinin “Qız və ölüm” poemasını və bir sıra digər şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edir. Bu sahədəki xidmətlərinə görə şair “Puşkin medalı” və Gürcüstan MİK-in fəxri fərmanı ilə təltif edilir. Xalqımızın tarixi keçmişi və müasir həyatı onun ilhamını daha da coşdurur. Şair bir-birinin ardınca “Vaqif” (1938), “Xanlar” (1939), “Fərhad və Şirin” (1941), “İnsan” (1944) kimi qiymətli dram əsərlərini yazır. Müharibə illərində o, xüsusilə gərgin işləyir:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən,
– deyən şairin səsi gah səngərlərdən, gah arxa cəbhədən eşidilir. Bu illərdə o, Azərbaycan Yazıçılar İttifaqına ləyaqətlə rəhbərlik etməklə bərabər, əlli şeir, iki sanballı poema, üç mənzum dram, yeddi nəğmə, iyirmidən çox elmi-publisistik məqalə yazır. Şair, S.Rüstəmlə birlikdə “Azərbaycan himni”nin mətnini yazır. Səməd Vurğunun ”Vətən ordusu”, “Döyüşçülər marşı”şeirlərinə Ü.Hacıbəyov tərəfindən musiqi bəstələnmişdir. 1939-cu ildə “Şərəf nişanı”ordeni ilə təltif edilən S.Vurğun həmçinin Respublika Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri vəzifəsində çalışır. S.Vurğun 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1953-cü ildə isə prezident müavini seçilir. Şair ömrünün sonuna kimi bu vəzifədə çalışır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi ədəbiyyat sahəsindəki xidmətlərinə görə ona filologiya elmləri doktoru elmi dərəcəsi verir. Dəfələlərlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilən S.Vurğun 1956-cı ildə ikinci dəfə Lenin ordeni ilə təltif olunur və ona Azərbaycan SSR xalq şairi adı verilir. Müharibədən sonra şairin səsi həmçinin bir sıra xarici ölkələrdən eşidilir: Polşadan, ADR-dən, İngiltərədən, Ruminyadan, Bolqarıstandan, Çindən… O, bu ölkələrdə sülhü müdafiə edən bir mədəniyyət xadimi kimi ümümdünya konqreslərində gah məruzə edir, gah da öz mübariz və qüdrətli səsini şeir vasitəsilə ucaldır.
Səməd Vurğun 1955-ci ilin dekabrına qədər Bakıda, sonra isə Moskvada Kreml xəstəxanasında müalicə olunur. S.Vurğun hiss edir ki, həkimlər onun barəsində ümidsiz danışırlar. Onu da deyək ki, hələ 1955-ci ildə şair İstisuda istirahət edərkən, elə bil ki, artıq bu dağlara bir də gəlməyəcəyini qabaqcadan hiss etmişdi. Buna görə də, o zaman buludsuz göylərə baxıb demişdi:
Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandır ayrılıq dərdi,
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni!
Amansız xəstəlik şairi sarsıdır. 1956-cı ilin fevralında şairi doğma Bakıya gətirirlər. Onun 50 yaşı yaxınlaşırdı. Xalq bu yubileyi geniş qeyd etmək üçün hazırlaşırdı. Lakin şairin yubiley çiçəkləri matəm əklillərinə qarışdı. 1956-cı il mayın 27-də günəş qürub edən zaman Səməd Vurğun gözlərini əbədi yumdu.
Səməd Vurğun ədəbi zirvələrdən biridir. Onun haqqında çox yazılıb və bundan sonra da yazılacaqdır. İllər keçdikcə bu böyük beynəlmiləlçi şairə məxsus yeni insani keyfiyyətlər aşkar olunur. Gəlin, biz də bu saflıqdan bəhrələnək Vurğun yaradıcılığının zirvəsinə, iştirakçıların söyləyəcəyi şeirlərə ucalaq… Gəlin, nəğməkar
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürüsün nizamla düzüb,
Baş alıb gedirsən hayana ceyran?
Səməd Vurğun xalqımızın dünya şöhrətli şairi, dramaturq, publisistik, tənqidçi, alim, içtimai xadim, mədəniyyətin fəal qurucusu idi. Onun ürəkdən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri sovet ədəbiyyatı xəzinəsinə möhkəm daxil olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanmışdır. O, yorulmaz mübarız, gələcəyə nəzər salan arzular şairi idi. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda klassikləşsin, əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin. Azərbaycan xalq şairi S.Vurğuna belə xoşbəxtlik nəsib olmuşdur.
İnsana dili anası öyrədir. Uşaq insana çevrilir. İnsan ömrünün ayrılmaz yol yoldaşı, yaddaş kitabı isə söz olur. İnsan böyük söz təşnəsi olur. Söz arayır, söz axtarır ki, onun ardınca getsin. Dünyanı dərk etsin, özünü tapsın, həyatın min bir sualına cavab versin. Bu böyük axtarışda hər bir azərbaycanlının qarşısına bayatı çıxır, atalar sözləri, nağıllar, qoşma və gəraylılar boylanır. Dədə Qorqud və Füzuli, Vaqif və M. F. Axundov, Mirzə Cəlil və Sabir… bu sözün əbədi yolu kimi onu dünyaya yönəldir. Bu adamların taleyi Azərbaycan dilinin taleyidir. Ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər olan xoşbəxt sənətkarlardan biri də S.Vurğundur
Səməd çılğın təbiətli, narahat qəlbi bir gənc idi. Gündüzlər meşəlikləri, düzənlikləri dolaşar, gecələr saatlarla ayın bədrlənmiş çöhrəsinə tamaşa edər, onun əfsanəsini xatırlardı. Səməd adını ona ata-anası versə də, elinə, vətəninə, xalqına vurulduğuna, elin arzu-istəklərini, mənəvi dünyasını ilhamla tərənnüm etdiyinə görə “Vurğun” adını qazanıb xalqın tarixinə, polad yaddaşına büllur poeziyası ilə həkk olundu. O, qədirbilən xalqımızın vəfasına, etibarına inanıb haqlı olaraq:
Unutmaz aləmdə əhli-halı məni, – dedi.
S.Vurğunun bütün yaradıcılığına xas cəhətlər-sadəlik, səmimilik, duyğularındakı zənginlik və dərinlik, xalq ruhu-bu şeirin canıdır. S. Vurğun yaradıcılığında vətənpərvərlik duyğuları necə də sadə, necə də gözəl tərənnüm olunur! Onun şeirlərini təkrar-təkrar oxusan da şeirlər, misralar səni yormur, elə bil qulağına yeni söz pıçıldayır, ən ülvi hislər aşılayır. Hər söz, hər misra oxucunu nura boyayır, riqqətə gətirir:
Mən bir uşaq, sən bir ana
Odur ki, bağlıyam sana.
Hansı səmtə, hansı yanı
Hey uçsam da yuvam sənsən.
Elim, günüm, obam sənsən!
Səməd Vurğun xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın bizə yaxın olan ən böyük körpüsüdür. Dədə-Qorquddan gəlib Qurbanidən, Aşıq Abbasdan, Sarı Aşıqdan, Aşıq Ələsgərdən keçən yolun böyük bir zirvəsi Səməd Vurğundur desək, bizcə, yanılmarıq. Səməd Vurğun elə şəxsiyyətdir ki, xalq öz tarixinin bir dövrünü onun adı ilə bağlayıb. Bu Səməd Vurğun dövrüdür. Bu da xalqımızın və onun müasirlərinin nəzərindən qaçmamışdır. Gəlin, oxucularımız tərəfindən söylənən Əjdər Fərzəlinin “Yolum Salahlıdan düşdü” şeirini dinləyək.
Yolum Salahlıdan düşdü bu səhər,
Köhnə ata yurdu Vurğunu andı.
Onu xəbər aldı əsən küləklər.
Həsrətdən lalələr alışdı, yandı.
Səməd Vurğun bütün varlığı ilə xalqına, elinə bağlı bir şəxsiyyət idi. O, yaxşı bilirdi ki, insana qüvvət, cəsarət verən, onu ilhamlandıran Vətən eşqi, xalqa məhəbbətidir. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda da klassikləşsin, əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin. Azərbaycanın xalq şairi S.Vurğuna belə bir xoşbəxtlik nəsib olmuşdur.
Yaşayır sənətkar, yaşayır sənət-
Nəsildən-nəsilə salam verərək!
Vətən S.Vurğun poeziyasının daimi mövzularındandır. S.Vurğun Azərbaycanı sonsuz bir məhəbbətlə sevir, başqalarına da, sevdirirdi. Azərbaycan və S.Vurğun bir-birindən ayrılmazdır. Azərbaycan və Səməd Vurğun eyni bir məfhumdur. Azərbaycan və S.Vurğun ona görə ayrılmazdır ki, S.Vurğun öz yaradıcılığında poetik obrazını yaratmışdır. “Azərbaycan” Səməd Vurğun yaradıcılığının uverturasıdır.
Xalqımızın həmişəyaşar şairi S.Vurğunun ev-muzeyi ildən-ilə yeni eksponatlarla zənfginləşir. Bu nadir saxlanclar içərisində lent yazılarının xüsusi qiyməti vardır. Lent yazılarına şairin öz ifasında əsərləri, pyes və poemalarının şeirlərinin aktyor səsi, müxtəlif radio və televiziya verilişlərinin çıxışları, xatirələr, mülahizələr…daxildir. Bu qiymətli yadigarlar şairin tədqiqatçıları üçün də,Vurğun şeirinin pərəstikarları üçün də, çox əzizdir. Muzey üçün isə əvəzsiz sərvətdir.
Şairin öz səsində əsərləri xüsusi bir əzəmətlə, Vurğuna xas pafosla səslənir. “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” və s. əsərlərin lent yazıları bu gün daha qiymətlidir. Şairin sənət incilərinə, xeyirxahlıq timsalı olan insanlığına pərəstiş edənlərin sevgiylə dolu ürək sözlərini dinlərkən ilk baxışda kövrəlirsən, şairin ömrünə qıyan “Vaxtsız əcəl” namərdliyinə yanıb-yaxılırsan. Sənətini və xatirini əziz tutduğu dahi bəstəkarımız Uzeyir Hacıbəyov dünyasını dəyişəndə S.Vurğunun söylədiyi bu sözlər yada düşür:
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada.
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
S.Vurğun 50 yaşında ikən bütün varlığı, odlu sənətkar qəlbi ilə sevdiyi bu gözəl dünyamıza gözlərini əbədilik yumdu. S.Vurğun ölümdən də güclüdür. Şairin öldüyü gündən onun ölməzliyi başlayır. O, daim qəlblərdə yaşayır. İndi hər yerdə sənətsevərlərin yaddaşında bir ad əbədiləşib: Səməd Vurğun. S.Vurğun vaxtilə dostlarına demişdi ki, “mən öləndən sonra 100 yaşım olanda məzarımın üstünə 100 bənövşə qoyun”. Bu vəsiyyətə rəğmən ilk 100 bənövşəni hörmətli Aybəniz xanım Vurğun qızı martın 22-də şairin qəbri üstə qoymuşdu. S.Vurğunsuz keçən illər S.Vurğunsuz keçməmişdir. Bu illərdə Vurğun milyonlarla oxucuların şüurunda yaşamış, qüdrətli bədii sözü ilə həmişə onların həyat və mübarizə yollarını işıqlandırmışdır. Heç bir şübhə ola bilməz ki, Vurğun vurğunu olduğu Azərbaycanla birlikdə yaşayacaq, gələcək nəsillərin şüuruna daxil olub onların da həyat və mübarizə yollarını işıqlandıracaqdır. S.Vurğun Azərbaycan ədəbiyyatı baniləri sırasında daim bir müsəlləh əsgər kimi var olacaq. Illər, əsrlər keçəcək, lakin vicdanın o möhtəşəm heykəli, Vaqif poeziyası həmişə yaşayacaqdır.
Ümumiliderimiz Heydər Əliyevin şair haqqında dedikləri fikirlər ilə gecəmizi bitirmək istərdim. “Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır. S.Vurğun əgər bu günləri-Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir”.
Bu dünyadan Vurğun keçdi dedilər,
Soruşmayın bu nə kəlam, nə sözdür,
Sanmayın ki, Vurğun köçdü dedilər,
Bu hikmətdir, bu yanğıdır, bu rəmzdir,
Kim vermişdir o şairə bu adı?..
Aynur Turan
Subyekt.az