![]()
Amazon beynəlxalq platformasında nəşr olunan “Psixoloji Yüksəliş”, “İntiharın qarşısının alınması” və “Bir Addım Qalmış” adlı psixoloji və maarifləndirici kitabların müəllifi, yazıçı Səbuhi Kamran Bakıda keçirilən Halloween bayramına münasibətini açıqlayıb.
İnsan psixologiyası, davranış modelləri, sosial təsirlər və mənəvi dəyərlər mövzusunda araşdırma və düşüncələri ilə çıxış edən müəllif bu məsələyə yalnız bir bayramın qeyd olunması kimi deyil, daha geniş sosial-psixoloji hadisə kimi yanaşıb.
Məsələ sadəcə bir bayramı qeyd etmək deyil. Məsələ öz dini və milli-mənəvi dəyərlərimizə yad olan şeytani və qorxulu obrazları əyləncə vasitəsinə çevirməyimizdir. Bizim öz bayramlarımız, öz adət-ənənələrimiz var. Bəs niyə onları yaşatmaq əvəzinə yad ənənələrə belə həvəslə qoşuluruq?
Bakıda Halloween bayramının getdikcə populyarlaşması maraqlı sosial-psixoloji hadisədir. Bəs insanları öz mədəniyyətlərinə aid olmayan ənənələri mənimsəməyə nə vadar edir?
Bunun izahlarından biri prestijə əsaslanan sosial təqliddir (prestige-biased social learning). İnsan beyni təkamül prosesində uğurlu və nüfuzlu hesab etdiyi fərdlərin davranışlarını təqlid etməyə meyilli olub. Bu mexanizm yeni bacarıqların və biliklərin öyrənilməsini asanlaşdırıb.
Müasir dövrdə həmin mexanizm mədəniyyətlər arasında da işləyir. Qərb mədəniyyətinin kino, musiqi və sosial media vasitəsilə qazandığı nüfuz onun ənənələrinin də cəlbediciliyini artırır.
İkinci mexanizm normativ sosial təsirdir. İnsanlar bəzən bir davranışı mənalı hesab etdiklərinə görə deyil, qrupa uyğunlaşmaq və kənarda qalmamaq üçün təkrarlayırlar. Sosial şəbəkələr isə bu meyli daha da gücləndirir.
Bəs görəsən, Qərb ölkələrində Novruz bayramını bizim Halloween-i qeyd etdiyimiz həvəslə qeyd edirlərmi?
Bu sual üzərində də düşünməyə dəyər. Biz niyə öz milli bayramlarımızı, adət-ənənələrimizi və mədəni irsimizi dünyaya tanıtmaqda eyni həvəsi göstərmirik? Niyə başqalarının mədəniyyətinə daha tez alışır, onların ənənələrini mənimsəməyə daha çox maraq göstəririk, amma özümüzü təqdim etməkdə bəzən passiv qalırıq?
Axı Novruz yalnız bir bayram deyil. O, xalqımızın tarixini, mədəniyyətini, birliyini, yenilənmə və dirçəliş ruhunu özündə yaşadan zəngin bir ənənədir.
Bəlkə də əsas məsələ başqalarının bayramlarını qeyd etmək deyil, özümüzün kim olduğumuzu dünyaya nə dərəcədə tanıda bilməyimizdir.
Əlbəttə, Halloween qeyd etmək özlüyündə problem deyil. İnsanlar sadəcə əylənmək də istəyə bilərlər.
Lakin əsas sual dəyişmir: Biz başqa mədəniyyətlərdən şüurlu şəkildə faydalanırıq, yoxsa prestijli görünən hər şeyi düşünmədən təqlid edirik?
Səbuhi Kamranın bu mövzuda səsləndirdiyi fikirlər cəmiyyətimizi öz mədəni kimliyimiz, milli-mənəvi dəyərlərimiz və gələcək nəsillərə ötürdüyümüz ənənələr haqqında düşünməyə dəvət edir.
Müəllifin Halloween bayramı ilə bağlı mövqeyini və sosial-psixoloji təhlilini təqdim edirik.



Səbuhi Ağa
Subyekt.az