![]()
Azərbaycan ictimai fikir və mətbuat tarixinin əlamətdar hadisələrindən birinin – “Füyuzat” jurnalının ilk sayının gün üzü görməsinin 120 ili tamam olur.
1906-cı il noyabrın 1-də böyük mütəfəkkir Əli bəy Hüseynzadənin baş redaktorluğu, görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə nəşrə başlayan “Füyuzat” milli özünüdərk, maarifçilik, türkçülük və çağdaşlaşma ideyalarının mühüm fikir tribunası oldu.
“Füyuzat”ın tarixi önəmi yalnız ədəbi-mədəni irslə məhdudlaşmır; jurnal milli şüurun inkişafına, dünyəvi düşüncənin möhkəmlənməsinə, cəmiyyətin yeniləşmə ideyalarına hazırlanmasına və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparan ideya mühitinin formalaşmasına mühüm töhfələr verdi.
Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu milli kimlik, mənəvi dəyərlər və çağdaş tərəqqi arasında tarixi bağlılığın ifadəsinə çevrildi.
Bu gün “Füyuzat” irsinə müraciət etmək həm də milli-mənəvi dəyərlərimizə, dövlətçilik düşüncəmizə, maarifçi ənənələrimizə və vətəndaş məsuliyyətinə yenidən nəzər salmaq deməkdir.
“Füyuzat”ın 120 illiyi münasibətilə bu böyük fikir məktəbinin yaradıcılarını sayğıyla anır, onun zəngin irsini yaşadan və araşdıran hər kəsə uğurlar diləyirəm!

Fazil MUSTAFA
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Subyekt.az