![]()
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzunmüddətli dostluq ənənələrinə, tarixi əlaqələrə və qarşılıqlı maraqlara əsaslanır. 1992-ci il sentyabrın 28-də diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr ardıcıl şəkildə inkişaf edib. Bu gün münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Bu fikirləri Subyekt.az AZƏRTAC-a istinadən açıqlamasında politoloq Elşad Həsənov deyib. O bildirib ki, Azərbaycan-Vyetnam əlaqələrinin tarixi müstəqillik dövründən xeyli əvvələ gedib çıxır. Hələ sovet dövründə iki xalq arasında dostluq münasibətləri formalaşıb. 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Min Azərbaycana səfər edib və Bakıda yüksək səviyyədə qarşılanıb. 1981-ci ildə isə Vyetnam Kommunist Partiyasının baş katibi Le Duan Bakıda olub. Həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini Heydər Əliyev tuturdu. “O illərdə çoxsaylı vyetnamlı tələbələr Azərbaycanda, xüsusilə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıblar. Onların bir qismi sonradan Vyetnamda müxtəlif məsul vəzifələrdə çalışaraq iki ölkə arasında əlaqələrin inkişafına töhfə verib. Heydər Əliyevin Vyetnamla münasibətlərin inkişafında xüsusi xidmətləri olub. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı, həmçinin Sov.İKP MK Siyasi Bürosunun üzvü olduğu dövrdə, 1983-cü ildə böyük nümayəndə heyətinə rəhbərlik edərək Vyetnama səkkizgünlük tarixi səfər edib. Səfər iki ölkə arasında uzunmüddətli iqtisadi-texniki əməkdaşlığın inkişafına təkan verib. Heydər Əliyev Vyetnamda sovet və vyetnamlı mütəxəssislərin birgə iştirakı ilə inşa edilmiş enerji obyektinin və Hanoy şəhərindəki körpünün açılışında iştirak edib. Vyetnam xalqı Heydər Əliyevi böyük dost kimi xatırlayır. Onun bu ölkəyə səfəri və həyata keçirilən birgə layihələr Azərbaycan-Vyetnam münasibətlərinin tarixinə mühüm hadisələr kimi daxil olub”, – deyə politoloq vurğulayıb.
Elşad Həsənov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələrin davam etdirilməsinə xüsusi diqqət yetirilib: “2014-cü ilin mayında Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri müstəqil Azərbaycanın dövlət başçısının bu ölkəyə ilk səfəri kimi ikitərəfli siyasi dialoqun müasir mərhələsinin əsasını qoyub. Səfər zamanı Vyetnam Prezidenti Truonq Tan Sanq və digər rəsmi şəxslərlə görüşlər keçirilib, enerji, ticarət, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Azərbaycana səfər edib. 2025-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması münasibətlərin inkişafında mühüm mərhələ olub. Bu sənəd siyasi əlaqələrin daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni çərçivə yaradıb. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin iqtisadi potensialını tam əks etdirmir və qarşılıqlı ticarətin artırılması üçün geniş imkanlar var. Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bununla yanaşı, bərpaolunan enerji mənbələri, sənaye, investisiya və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün perspektivlər mövcuddur”.
Politoloq humanitar sahədə əməkdaşlığın da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. “Heydər Əliyev Fondu Vyetnamda təhsil və humanitar layihələrə dəstək göstərir. Fondun təşəbbüsü ilə Ha Gianq əyalətində ibtidai məktəb inşa edilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərilib. Azərbaycanda təhsil almış vyetnamlı məzunlar da iki xalq arasında mədəni və ictimai əlaqələrin möhkəmlənməsində mühüm rol oynayırlar. Səfər çərçivəsində aparılan müzakirələr enerji və sənaye, Azərbaycan neftinin Vyetnama və region ölkələrinə ixracı, birgə istehsal müəssisələrinin yaradılması, yaşıl enerji layihələri, qarşılıqlı investisiyalar, tikinti, turizm və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Vyetnam şirkətlərinin Orta Dəhlizin imkanlarından istifadə etməsi və iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələləri əlaqələrin daha da intensivləşməsinə xidmət edə bilər. Tarixi dostluq ənənələri və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş siyasi münasibətlər gələcəkdə iki ölkə arasında əlaqələrin daha fəal inkişafı üçün möhkəm zəmin yaradır”, – deyə politoloq fikrini yekunlaşdırıb.
Subyekt.az